Səhnə üçün darıxanda...

 

“Qadın sözləri ilə deyil, gözləri ilə danışır, əslində. Buna görə onları başa düşmək üçün dinləmək yetməz, yalnız izləmək lazımdır”.

 

Bu fikirlər görkəmli rus yazıçısı Fyodor Dostoyevskiyə məxsusdur. Haqlıdırmı? Əlbəttə. Geniş müzakirə istəyən və cavabı daim açıq qalan mövzuya bu dəfə səhnəmizin hökmlü, güclü, qürurlu və həm də kövrək qadını Əməkdar artist Kübra Əliyevanın aynasından baxmağa çalışacam.

 

O, səhnədən, teleekrandan tamaşaçısına saf, içdən, sağlam gülüş bəxş edən, onu düşünməyə, komik obrazlarının arxasındakı insan taleyinə varmağa vadar edən aktrisadır. Təzadlıdır, üz-gözünə gülüş qondura-qondura içindəki dərin ağrıları ustalıqla obrazlarına səpələyərək təqdim etdiyindən biz onun özü ilə obrazı arasındakı şəffaf səddi heç zaman keçə bilməmişik.

 

5 yanvarda dünyaya göz açmış Əməkdar artist, Prezident təqaüdçüsü Kübra (Kübrabəyim) Əliyeva bu il ömrünün 72-ci qışını da hərarətlə qarşıladı. Necə? Bax, elə bunu onun özündən soruşdum.

 

...Telefonun o başındakı zərif, mülayimmehriban səs bir neçə dəqiqəlik söhbətə tələm-tələsik də olsa, xeyli mətləbləri sığışdırmaq istəyirdi. Hiss elədim, ürəyi çox doludur. Mən sözü ad günündən, yubileyindən saldıqca o, teatrdan, səhnədən, tamaşaçısından danışdı. Və təşəkkür etdi. İllərlə onu səhnədə, ekranda görmədiyi halda hələ də sevən və unutmayan tamaşaçılarına.

 

– Ümumiyyətlə, ad günü keçirməyi sevmirəm. Dünyanın düz vaxtında da o dəbdəbədən uzaq olmuşam. İndi də pandemiyadır. Onun əvəzində övladlarımı, nəvə-nəticələrimi başıma yığıram. Ailəmlə, doğmalarımla olsam da, sevimli tamaşaçıları da daim xatırlayıram. Artıq 10 ildir ki, səhnədə, teatrda, ekranda yoxam. Amma onlar yenə də məni seviryad edirlər.

 

Səhnə üçün, teatr üçün elə darıxmışam ki. Həkimlərim icazə versə, bu gün də tamaşaçılarım qarşısına sevə-sevə çıxaram. Çünki sənətkarın ən böyük qazancı məhz sadiq tamaşaçılarıdır.

 

Bu ötən illər ərzində həyat mənə ardıcıl çox zərbələr vurdu. Dönə-dönə sağlamlığımla sınandım, fiziki və mənəvi böyük ağrılar yaşadım. Amma heç vaxt əzmimi, inamımı itirmədim. Mübarizə apardım, inadla sinə gərdim. Bu yolda siz tamaşaçılarım da məni tək buraxmadınız.

 

Sağlamlıq, ağrısız bədən, əzabsız ruh, inanın, ən böyük nemətdir. Gərək sağlamlığımızın qədrini məhz sağlam ikən bilək. Allah bu nəfəsimi mənə, ailəmə, həm də tamaşaçılarıma bağışladı. Min şükür. Qoy hamının, bizi sənətdə, yaradıcılıqda heç vaxt tək qoymayan, əvvəlki məhəbbətlə sevən tamaşaçılarımın üzü daim gülsün, könülləri xoş olsun.

 

Dövlətimiz də sənətkara diqqət göstərir. Prezident təqaüdü alıram. Bu günlərdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva mənimlə görüşüb, təbriklərini çatdırdı. Keçmiş yubileyimlə, ad günümlə bağlı sosial şəbəkələr vasitəsilə yüzlərlə təbrik mesajı aldım. Bildiyiniz kimi, mən yubiley ilimdə səhhətimlə əlaqədar xaricdə idim. Ona görə də heç bir mərasim keçirilmədi. Amma onda da ünvanıma xoş sözlər deyildi. Nəinki yaşlı və orta nəsil, gənclər, yeniyetmələr də məni təbrik etdi, sevgilərini bildirdilər. Vallah, illərdir səhnədə olmayan, unudulduğunu zənn edən insan üçün böyük səadətdir.

 

Artıq yaş o yaş deyil. İndi daha çox keçmişə boylanıram, dünyadan köçmüş tərəf-müqabillərimi, sənət dostlarımı yada salıram. Necə deyərlər, xatirələri ilə danışıram, dərdləşirəm.

 

Zaman keçir, səhnədə, ekranda yeni adlar, simalar görünür. Amma tükü-tükdən seçən tamaşaçı yenə öz qiymətini verir. Yaxşıları, peşəkarları unutmurunudulmağa qoymur. Hamınıza təşəkkür edirəm.

 

***

 

Həyat və sənət yolu daim nahamar olan teatrkino aktrisasının ömür yolundan bir neçə məqama nəzər salaq: Kübrabəyim Ağa qızı Əliyeva 1949-cu ildə Gəncə şəhərində doğulub. Şəhərdəki 21 saylı orta məktəbi bitirib. Sənət fəaliyyətinə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktrisa kimi başlayıb. Ənvər Məmmədxanlının “Şərqin səhəri” dramının tamaşasında Anjella Kovalini rolu onun aktrisa kimi debütü hesab olunur. Bir müddət sonra fəaliyyətini Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyor heyətinə daxil olaraq davam etdirib.

 

Kübra xanım 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olur və təhsilini 1977-ci ildə başa çatdırır. Sumqayıt teatrında işlədiyi beş il ərzində bir-birindən maraqlı, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən silsilə rollarla yaradıcılıq uğurları qazanır. Ş.XusainovunAnam gəldi” əsərində Rasimə, G.XuqayevinElbrus evlənir” tamaşasında Gülbadam, C.Cabbarlının “Solğun çiçəklər”ində Gülnisə, Y.Məmmədovun “Ana məhəbbəti”ində Adilə, İ.Qasımov və H.Seyidbəylinin “Sən nə üçün yaşayırsan?” tamaşasında Pəri xala və s. obrazları onun aktrisa kimi daha da püxtələşməsinə zəmin yaradır.

 

Daha sonra aktrisa Azərbaycan Dövlət Musiqili Komediya Teatrına gəlir. Burada işlədiyi illərdə o, yaradıcılığı üçün yeni olan istiqamətdə müxtəlif rollar yaradır. Bunlardan Gövhər xala (“Gözün aydın”, M.Əlizadə), Ballı (“Qızıl toy”, R.Heydər), Gülbadam (“Sevgilimin anası”, G.Xuqayev), Sənəm (“Məşədi İbad”, Ü.Hacıbəyli), Balaxanım (“Sonqulunun sərgüzəştləri”, R.Əhmədzadə) kimi müxtəlif obrazlar tamaşaçının yaddaşında, illər keçməsinə baxmayaraq, bu gün də yaşayır.

 

Kübra xanım 1991-ci ildən fəaliyyətini Akademik Milli Dram Teatrında davam etdirir. Bu teatrın səhnəsində bir-birindən maraqlı rollar ifa edir. Ponsiya (“Dişi canavar”, F.Lorka), Nazilə, (“Dəlilər ağıllılar”, İ.Əfəndiyev), Qaraqoyunlu ana (“Ağqounlular Qaraqoyunlular”, Ə.Əmirli), Firəngiz (“Ah, Paris, Paris!”, Elçin), Ana (“Eloğlu”, A.Şaiq) s. obrazlar onun adını bu teatrın da tarixinə yaza bilir.

 

Kütləvi tamaşaçı onu televiziya ekranlarından elə ilk çıxışlarından kəşf edib, sevməyə başladı. Onun müxtəlif teletamaşalarda canlandırdığı obrazlar bu gün də televiziyamızın arxivində qorunub saxlanır, zaman-zaman nümayiş etdirilir. “Evləri köndələn yarda Bazarkomun arvadı, “Analarda Zərbuta, “İtkin gəlin”də Xədicə, “Sabiqlər”də nazirin arvadı, “Sonuncu məhəbbət”də Ümbülnisə kimi rolları, “Komediyalar aləminə səyahət”, “Səhər görüşləri”, “Hekayə axşamları” kimi dövrünün məşhur teleproqramlarında fərqli çalarlar verdiyi səhnəcikləri ilə hər kəsin qəlbinə yol tapa bildi.

 

Kübra Əliyevanın obrazları içərisində ən yaddaqalanı “Şirbalanın məhəbbəti” filmindəki Ümbülnisədir. Çoxuşaqlı ana həyat yoldaşı Şirbalanın məhəbbət sərgüzəştlərində özünəməxsus xarakteri ilə fərqlənir və bu komik obrazın daxilində xəyanətə məruz qalan qadının faciəsini ustalıqla nümayiş etdirə bilir.

 

Ömrünün 42 ilini sənətə həsr edən, fərqli xarakterli səhnə obrazlarına uzunyaddaqalan həyat verən Kübra Əliyevanın bu xidməti dövlətimiz tərəfindən də qiymətləndirilib. O, 2000-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb, 2006-cı ildən Prezident təqaüdçüsüdür.

 

Amma bütün bu təltif və təriflərdən əlavə, o həm də xalqın sevdiyi, sayğı ilə xatırladığı qadındır, aktrisadır, səhnə adamıdır.

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 13 yanvar.- S.5.