Şəhidin doğma kəndində xatirə lövhəsi

 

Ağdaş rayonunun Tofiqi kəndində Vətən müharibəsi şəhidi Elşad Mehman oğlu Əliyevin xatirə lövhəsinin açılışı olub. Mərasimdə rayon rəsmiləri, kənd sakinləri iştirak ediblər.

 

Hərbi xidmətdən qayıdan müharibə iştirakçılarının, döyüş yoldaşlarının da qatıldığı tədbirdə çıxış edən şəhidin atası Mehman Əliyev oğluna, eləcə də Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlığını bildirib.

 

Sonra Tofiqi kənd məktəbinin şagirdləri Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

 

Şəhid Elşad Əliyev kənddə tam orta məktəbi bitirdikdən sonra Naxçıvanda həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi başlananda tankçı kimi döyüşə qatılıb. Düşmənin canlı qüvvəsini, döyüş mövqelərini məhv edib. Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Tofiqi kənd qəbiristanlığında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid Elşad Əliyevin xatirə lövhəsinin ətrafı abadlaşdırılıb, şam ağacları əkilib.

 

Mədəniyyət.- 2021.- 15 yanvar.- S.4.