Şair, xəttat, tacir

 

Qarabağ xanlığında (1747-1822) ədəbiyyat və sənətin inkişafına yaradılan münbit şərait xanlıqdan sonrakı dövrdə də mədəni tərəqqi üçün möhkəm təməl olmuşdu.

 

Hakim dairələrin sözü, sənəti yüksək qiymətləndirməsi Qarabağ elində, xüsusilə də Şuşa şəhərində yaradıcılıq mühitinin daha da zənginləşməsinə rəvac vermişdi. “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin sorağı Qarabağın hüdudlarını aşmışdı. Şuşa artıq mədəni cazibə mərkəzinə çevrilmişdi. Qafqazın, İranın yaxın və uzaq şəhərlərindən istedadlı gənclər Şuşaya üz tuturdular. 

 

XVIII əsrin ikinci yarısında Şuşaya gələn, sənəti ilə diqqəti cəlb edən ziyalılardan biri də Mirzə Əliyar bəy Tahirzadə idi. O, gənc yaşlarında saraya dəvət olunur. İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağanın saray mirzəsi olur. Ömrünü Qarabağ xanlığının inkişafı və çiçəklənməsinə həsr edir.

 

1787-ci ildə bu tanınmış ziyalının ailəsində bir oğlan uşağı dünyaya göz açır. Adını Bəybaba qoyurlar. Əliyar bəy oğlunun təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Ona ərəb, fars dillərini mükəmməl öyrədir. Bəybaba yeniyetməliyindən atasının yolunu davam etdirir. Qısa vaxtda sarayda hörmətli şəxs kimi tanınır. O, eyni zamanda poeziyaya maraq göstərir, xəttatlıqla məşğul olur. Daha çox usta xəttat kimi bütün Qafqazda şöhrət qazanır.

 

Araşdırmalarda göstərilir ki, Bəybaba atası vəfat etdikdən sonra dövlət idarələrində katib kimi çalışıb. Məhz buna görə də ona “Mirzə” deyə müraciət ediblər. O, sonra xəttatlıqla müntəzəm məşğul olub. Şuşa şairlərinin bir neçə kitabının üzünü köçürüb.

 

Mirzə Bəybaba həm də şair olub. Maraqlı bədii yaradıcılığı ilə Qarabağın poeziya mühitində özünəməxsus iz qoyub. “Fəna” təxəllüsü ilə qələmə aldığı şeirlər maraqla qarşılanıb.

 

Elə gərdəni fil sümüyütək saf olan,

Qara xalın Hind şahından xərac alar.

Əzəl gündən qaşların aşiqlərə səcdəgahı olub,

Gözəl gözlərin Çinü-Maçinə bacü-xəracı tərgidib.

...Hicridən Fəna çox mehnət görüb, heç sorma,

Ya Rəb, rəhm et, vəslinə çatdır, əlac et!

 

Mirzə Bəybabanın şair kimi formalaşmasında dövrün tanınmış qələm sahibləri, sənət adamları Qasım bəy Zakir, Cəfərqulu xan Nəva, Molla Zeynalabdin Safəri, Mirzə Həsən Vəzirov başqalarının böyük təsiri olub.

 

Şuşaqəzetinin baş redaktoru, yazıçı-jurnalist Vasif Quliyev Mirzə Bəybaba Fəna ilə bağlı araşdırmasında yazır ki, şair uzun illər dövlət idarələrində işlədiyi üçün maddi imkanı yaxşılaşır. Şuşada mülklər tikdirir. Daha sonra ticarətlə məşğul olur. Yolu tez-tez Cənubi Qafqazın iri şəhərlərinə, o cümlədən Tiflis şəhərinə düşür. Səmimi sədaqətli olduğu üçün özünə dəyərli dostlar tapır. Həmin dostlardan biri Qasım bəy Zakirin məsləhəti ilə Tiflis şəhərində yaşayan Mirzə Fətəli Axundzadə idi. Hər dəfə səfərdən qayıdanda Qasım bəy Zakirə Tiflis mühiti, Mirzə Fətəli barədə təəssüratlarını danışır. Sonralar böyük dramaturqun yeni əlifba uğrunda mübarizəsinə Mirzə Bəybaba da qoşulur, onun ideyalarını Şuşada təbliğ edir... Qasım bəy Zakir şeirlərində Mirzə Bəybabanın bir neçə dəfə adını çəkir, bizi onun həyatının bəzi səhifələri ilə tanış edir. Mirzə Fətəliyə göndərdiyiGözüm yolda qaldı, könül intizaradlı mənzum şeirində onların dostluğuna işarə edərək yazıb:

 

Tək yaradıb səni vahidi-yekta,

Əxlaqına, ətvarına mərhəba.

Neyləmisən, Molla Səfi, Bəybaba

Məmnundu, əzizim, bu qədər səndən?

 

Mirzə Bəybaba ticarətlə məşğul olduğundan tədricən poeziyadan uzaqlaşır. Ədəbiyyat onun üçün ikinci plana keçir. Qasım bəy Zakir Qarabağda ictimai-siyasi ədalətsizliklər barədə Mirzə Fətəliyə göndərdiyi “Vilayətin məğşuşluğu haqqında” mənzuməsində bu məsələyə də toxunur, dostundan razı qalmadığını diqqətə çatdırır. Həm də Mirzə Bəybabanın onun ədəbiyyat aləmində rəqibi Cəfərqulu xan Nəva (Böyük xan) ilə yaxınlıq etdiyini bildirir:

 

Bəybaba halətin etsən istifsar,

Şükr olsun Xudayə, yaxşı nəfi var.

Özü ucuz alıb, bahaya satar,

Böyük xana həm gərəkdi, həm yaraq.

 

Araşdırmalardan məlum olur ki, Mirzə Bəybabanın şeirləri pərakəndə halda qalıb. Ancaq Mir Möhsün Nəvvab şairin bir neçə şeirinə özününTəzkireyi-Nəvvabəsərində yer ayırıb.

 

Mirzə Bəybaba Fəna 1867-ci ildə, 80 yaşında vəfat edib. Onun yaradıcılıq yolu qızı, tanınmış şairə Fatma xanım Kəminə (1841-1898) tərəfindən davam etdirilib. Görkəmli ədəbiyyatşünas Firidun bəy KöçərliAzərbaycan ədəbiyyatıkitabında F.Kəminənin şəxsiyyətini yaradıcılığını yüksək qiymətləndirərək onuQarabağın üçüncü şaireyi-möhtərəməsiadlandırıb.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 15 yanvar.- S.6.