Qazaxıstanda Azərbaycanla
bağlı kitabların təqdimatı olub
Qazaxıstanın
paytaxtı Nur-Sultanda türk respublikalarının müstəqilliyinin
30-cu ildönümü çərçivəsində
Qarabağ və Azərbaycan Xalq Cümhuriyyəti haqqında
nəşrlərin təqdimatı keçirilib.
Beynəlxalq
Türk Akademiyasının (BTA) çap etdiyi “Qarabağ: Azərbaycanın
cövhəri: tarixi, mədəniyyəti, təbiəti”
kitab-fotoalbomu, “İtirilmiş xoşbəxtliyim.
Qarabağın gerçək hekayələri” kitabı və
“Azərbaycan Xalq Cümhuriyyəti – 100” ensiklopedik nəşri
vasitəsilə qazaxıstanlı oxuyucular ölkəmizin qədim
və müasir tarixi, mədəniyyəti, Dağlıq
Qarabağ münaqişəsi, onun nəticələri barədə
geniş məlumatlar əldə edə biləcəklər.
Qarabağ
münaqişəsinin tarixinə və 44 günlük Vətən
müharibəsinə həsr olunan qısametrajlı filmin təqdimatı
ilə başlayan mərasimdə BTA-nın prezidenti Darhan
Kıdıralı bildirib ki, təşkilat İkinci
Qarabağ müharibəsi zamanı Azərbaycanla sıx həmrəylik
nümayiş etdirib və kitab-fotoalbom da məhz Şuşa
şəhərinin işğaldan azad edildiyi gün
çapdan çıxıb.
Onun
sözlərinə görə, nəşrdə Azərbaycanın
Qarabağ bölgəsi ilə bağlı fundamental məlumatlar
toplanıb. İlk dəfə bir beynəlxalq təşkilat tərəfindən
belə bir kitab hazırlanıb və nəşrdə həmin
bölgənin tarixi, mədəniyyəti ilə
yanaşı, beynəlxalq təşkilatlar tərəfindən
Qarabağla bağlı indiyədək qəbul olunan sənədlər
əks olunub.
Azərbaycanın
Qazaxıstandakı səfiri Rəşad Məmmədov
ölkəmizin haqq səsinin dünyaya
çatdırılmasında xarici dillərdə nəşr
olunan bu cür kitabların böyük əhəmiyyətə
malik olduğunu qeyd edib. Diplomat Vətən müharibəsində
ölkəmizə göstərdiyi dəstəyə görə
Beynəlxalq Türk Akademiyasına təşəkkürünü
çatdırıb.
Tədbirə
videokonfrans vasitəsilə qoşulan Qırğız
Respublikasının keçmiş dövlət katibi Osmanakun
İbrahimov, Azərbaycan Milli Məclisi Mədəniyyət
komitəsinin sədri Qənirə Paşayeva, Avrasiya Yazarlar
Birliyinin sədri Yaqub Öməroğlu, Qazaxıstanın
Saken Seyfulin Muzeyinin direktoru Nasipbek Aytulı, Özbəkistan-Azərbaycan
Dostluq Qrupunun icraçı direktoru Erkin Nuriddinov, Milli Məclisin
deputatı Arzu Nağıyev təqdim olunan kitabların Azərbaycanın
qədim və müasir tarixinin türk dünyasında daha
yaxından öyrənilməsi baxımından böyük
önəm kəsb etdiyini vurğulayıblar.
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.1.