Laçına doğru
tələsirdi...
Nə Qarabağı, nə də Laçını görmüşdü, çünki o, dünyaya gələndə nə Qarabağ var idi, nə də Laçın...
Etibar Nəcəfov əslən Laçın rayonunun Seylan kəndindən olsa da, 1998-ci il noyabrın 14-də Ağcabədi rayonunun Aran kəndində doğulmuşdu. Laçının işğalından sonra ailəsi burada məskunlaşmışdı. Uşaq vaxtından idmana böyük marağı vardı.
Orta məktəbi bitirəndən sonra 2017-ci ildə hərbi xidmətə yollanır. Xüsusi təyinatlı kəşfiyyat bölmələrində təlimlər keçir, ön xətdə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilir. 2018-ci ildə hərbi xidməti başa vurur.
Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə müraciət edərək cəbhəyə gedir.
Müharibədə əsgər yoldaşları hər döyüşdə onun göstərdiyi igidliyin şahidi olublar. İşğal altında olan qəsəbə və kəndlər azad edildikcə ruhlanır, döyüşdən-döyüşə can atır, ata-baba yurdu Laçına doğru tələsirdi...
Cəbrayıl, Füzuli, Zəngilan
və Qubadlı uğrunda
döyüşlərdə qəhrəmanlıqla vuruşan Etibar sonuncu dəfə atası Mehman
Nəcəfovla telefonla danışıb.
Atasının suallarına üstüörtülü
şəkildə cavab verib
və irəli getdiklərini deyib: “İnşallah, qayıdanda danışaram, hər
şey qaydasındadır”... Atasından bir xahiş də edib: “Anama de ki, narahat olmasın”...
Bu, onun son cümləsi olub...
Etibar Nəcəfov
Qubadlı uğrunda gedən döyüşlərdə
şəhidlik zirvəsinə
yüksəlib. Ölümündən
sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin
azad olunmasına görə”, “Cəbrayılın
azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
O, Qarabağın, doğma Laçının azadlığı uğrunda silaha sarıldı. Ölümü gözünün önünə alaraq düşmənin üstünə getdi. Bizi addım-addım, səngər-səngər Qarabağa, möhtəşəm Qələbə gününə yaxınlaşdırdı. Özü həmin günü görməsə də...
Özünə ürəklərdə yaşayacaq əbədiyyət ünvanı
qazandı...
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.6.