Məktəb-studiyanın 40 illiyinə həsr
olunmuş müsabiqənin nəticələri
Xəbər verdiyimiz kimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) məktəb-studiyasının 40 illiyinə həsr olunmuş beynəlxalq onlayn müsabiqə keçirilib.
BMA-nın rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə keçirilən müsabiqə üç istiqaməti – akademik (klassik), xalq və caz musiqisini birləşdirib. Ancaq bu müsabiqənin özünəməxsusluğu tək bu üç istiqamətin birləşməsində deyil, həm də musiqiçilərin yaş həddinə məhdudiyyət qoyulmamasında olub.
İştirakçıları Azərbaycan, Türkiyə və Rusiyanın görkəmli sənət xadimlərindən ibarət münsiflər heyəti qiymətləndirib.
Müsabiqə həm musiqi məktəbləri və konservatoriyaların tələbələri, həm də yuxarı yaş qrupunda olan püxtələşmiş mütəxəssislər arasında keçirilib. Yarışmaya dünyanın 9 ölkəsindən (o cümlədən ABŞ, Avstriya) 150-dən çox müraciət daxil olub.
İştirakçıların sayına görə pianoçular daha geniş tərkiblə təmsil olunub. Klavişli alətlər (fortepiano və orqan) nominasiyaları üzrə 85 iştirakçıdan 8 ifaçı birinci dərəcəli laureat adına layiq görülüb. Orkestr alətləri ixtisaslarına görə 4 violin, 1 arfa, 2 klarnet, 4 fleyta, 1 zərb alətləri, 8 vokal ifaçısı qalib gəlib.
Müsabiqənin nəticələri ilə Bakı Musiqi Akademiyasının rəsmi saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, “Akademik,
milli, caz ifaçılarının
I Beynəlxalq müsabiqəsi” layihəsinin müəllifi və
münsiflər heyətinin həmsədri, BMA məktəb-studiyasının
təsisçisi və direktoru, Əməkdar
incəsənət xadimi, professor
Tərlan Seyidovdur.
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.3.