Bolqarıstan mediasında Şuşa
haqqında məqalələr
Bolqarıstanın “Cross” xəbər agentliyinin internet səhifəsində və “Standart” qəzetində “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” başlıqlı məqalə dərc olunub.
Məqalədə Azərbaycan Prezidentinin ölkə mədəniyyətinin paytaxtı elan etdiyi Şuşa şəhərinin istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni irsi baxımından strateji əhəmiyyəti diqqətə çatdırılır. Şəhərin bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətəni olduğu vurğulanır, XIX əsrdə Qarabağ muğam məktəbinin Şuşada təşəkkül tapdığı bildirilir.
Yazıda Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri barədə məşhur fransız yazıçısı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərində də bəhs edildiyi qeyd olunur.
Məqalədə Şuşanın zəngin tarixi keçmişi, o cümlədən şəhərin salınması barədə məlumat verilir.
Ümummilli lider Heydər Əliyevin Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyəti barədə bu sözləri diqqətə çatdırılır: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.
Məqalənin sonunda Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətinə istinad edilib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.8.