Şuşa İslam mədəniyyətinin
paytaxtı elan ediləcək
Salim bin Məhəmməd
əl-Malik: “Azərbaycanın mədəni irsini
məhv edənlər məsuliyyətə cəlb
olunmalıdır”
Yanvarın 14-də ADA Universitetində İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin və mədəniyyət naziri Anar Kərimovun birgə mətbuat konfransı keçirildi. Mətbuat konfransı İCESCO nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına həsr olunmuşdu.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirdi ki, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 11-dən ölkəmizdə səfərdədir. Bu, onun İCESCO rəhbəri kimi Azərbaycana ilk səfəridir. Bu səfər həm də ona görə əlamətdardır ki, Vətən müharibəsindən sonra ilk beynəlxalq təşkilatın rəhbəri ölkəmizə gəlib: “Biz İCESCO rəhbərliyinə bu səfərə görə təşəkkür edirik. Qeyd etmək istərdim ki, səfərin əsas iki məqsədi var idi. Birincisi, Azərbaycanla İCESCO arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi, ikincisi isə erməni təcavüzündən sonra azad edilmiş torpaqlarımızda olan mədəni və tarixi abidələrimiz, mədəni mülkiyyətimizə baxış keçirmək”.
Anar Kərimov daha sonra Azərbaycanın İCESCO-a üzv olmasının tarixi və ölkəmizin bu təşkilatla əməkdaşlığı barədə söz açdı. Qeyd olundu ki, 1991-ci ildən bu günə kimi təşkilatla çox səmərəli əməkdaşlıq həyata keçirilib. 2006-cı ildə ölkəmizin İCESCO ilə əlaqələrində yeni əlamətdar səhifə açılıb. Həmin il Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.
Ötən dövr ərzində Azərbaycan İCESCO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirib, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilib. 2009-cu ildə Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısı, 2015-ci ildə İCESCO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. İCESCO Prezident İlham Əliyevin qlobal təşəbbüsü olan və BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”nin əsas tərəfdaşlarındandır.
Nazir həmçinin vurğuladı ki, İCESCO Azərbaycanda təşkil edilən beynəlxalq layihələrdə, mötəbər tədbirlərdə hər zaman yaxından iştirak edib.
Anar Kərimov İCESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə səfərini əlamətdar hadisə kimi səciyyələndirdi. Dedi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, tarixi-mədəni abidələrimizin düşmən tərəfindən dağıdılması hər zaman İCESCO-nun diqqətində olub. Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı təşkilat Azərbaycanın yanında olduğunu göstərib: “Azərbaycan hökuməti və Azərbaycan xalqı bu dəstəyi unutmayacaq. Nümayəndə heyəti işğaldan azad olunmuş bölgələrə səfəri zamanı orada olan dağıntıları öz gözləri ilə gördü. Onlar bir daha şahid oldular ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə ilə yanaşı, mədəni təmizləmə də həyata keçirilib. Bu əməllər insanlığa qarşı cinayətdir. Biz əminik ki, İCESCO və onun rəhbərliyi bu faktları görəndən sonra bununla bağlı hesabat hazırlayacaq və üzv dövlətlərə təqdim edəcək”.
“Nizami Gəncəvi İli” İCESCO-da qeyd olunacaq
Nazir həmçinin diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə elan olunan “Nizami Gəncəvi İli” İCESCO-da da qeyd olunacaq. Artıq qurumun Baş direktoru ilə bununla bağlı razılıq əldə edilib: “Əlamətdar il çərçivəsində İCESCO-da tədbirlər keçiriləcək və əminəm ki, bu, dahi şairimizin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq”.
Anar Kərimov daha mühüm bir məlumatı media nümayəndələrinin diqqətinə çatdırdı. Bildirdi ki, bu il ərzində Azərbaycanda İCESCO-nun regional mərkəzi yaradılacaq. Regional mərkəz bir çox ölkəni əhatə edəcək: “Əsas məqsəd İCESCO-nun böyük bir regionda təbliğini həyata keçirməkdir. Əminik ki, bu regional mərkəz həm Azərbaycan və İCESCO arasında, həm də region ölkələri arasında əlaqələrin inkişafına töhfə verəcək”.
Nazir işğaldan azad olunmuş ərazilərdə inventarlaşma işlərinin davam etdiyini diqqətə çatdırdı. Bildirdi ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib. Bu günə olan məlumata əsasən, həmin ərazilərdə 399 mədəniyyət müəssisəsi aşkar edilib. Eyni zamanda 372 tarixi-mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir. Əldə olunan məlumatlar sistemləşdirilir: “Hazırda nazirlikdə işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası ilə əlaqədar yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərdə tutulur. Abidələrin bərpası ilə bağlı təsnifat aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan təmizlənib, digər tərəfdən Şuşa ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin həmin rayonlar ilk növbədə minalardan tam təmizlənməlidir”.
“Görmək inanmaqdır...”
Mətbuat konfransında çıxış edən İCESCO Baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilata üzv ölkə Azərbaycanın Vətən müharibəsində Qələbəsini qeyd etdiklərini diqqətə çatdırdı: “Azərbaycan dost və qonaqpərvər ölkədir. Azərbaycana yalnız dəstək və onun qələbəsini qeyd etmək üçün deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olanları görmək üçün səfər etmişəm. Hər zaman deyilir ki, görmək inanmaqdır. Biz səfərimiz zamanı əsrlərlə mövcud olan Azərbaycan mədəni irsinin məhv edildiyini gördük. Törədilən əməllər insanlığa qarşı cinayətdir. Biz Füzuliyə səfər etdik, burada kitabxanalar, məktəblər, nəşriyyat evi, qəbiristanlıqlar, hətta yollar belə dağıdılıb. Ağdama səfərimizdə biz yalnız məhv edilmiş binaların divarlarının qalıqlarına şahid olduq. Məscid, muzey, teatr binasına getdik. Bu abidələrin yalnız divarları qalıb. Bütün bunları törədənlər əməllərinə görə cavab verməlidir. İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan mədəni irsini məhv edənlər məsuliyyətə cəlb olunmalıdır”.
İCESCO-nun texniki missiyası Azərbaycana gələcək
Baş direktor mühüm bir xəbəri də diqqətə çatdırdı. Bildirdi ki, biz təklif etmişik ki, Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun. Yaxın günlərdə bu barədə yekun qərar elan ediləcək. Lakin regional mərkəzin də müəyyən vaxtdan sonra Şuşaya köçürülməsi baş tuta bilər.
İCESCO-nun texniki missiyasının tezliklə Azərbaycana səfər edəcəyini bildirən Baş direktor dedi ki, fevral ayının sonunadək bu missiyanın işğaldan azad olunmuş bölgələrə səfəri baş tutacaq: “Texniki missiyanın hesabatı işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirmə olacaq. İCESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək. Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertlər təyin edəcəyik”.
***
Daha sonra jurnalistlərin sualları
cavablandırıldı. Nazir Anar
Kərimov suala cavab olaraq bildirdi
ki, işğaldan azad edilmiş bölgələrdə erməni
vandalizminə məruz
qalan xristian abidələri də bərpa ediləcək.
Azərbaycanda heç bir
dinin mirasına fərq qoyulmur. Hazırda alban kilsələrinin hamısının
bərpası üçün
tam uyğun şərait
yoxdur: “Təəssüf
ki, bütün alban kilsələrinə
tam nəzarət bizdə
deyil. Laçındakı Ağoğlan kilsəsi,
Kəlbəcərdəki Xudavəng
monastırı bizim nəzarətimizdə olsa
da, Gəncəsər
və Amaras monastırları hələlik
bizim nəzarətimizdə
deyil. O abidələr
ki, bizim nəzarətimizdədir, mütləq
bərpa ediləcək.
Biz Şuşadakı Qazançı kilsəsini
də bərpa edəcəyik. İCESCO-nun
Baş direktorunun Azərbaycan Prezidenti ilə görüşü
zamanı da belə bir təklif
irəli sürülüb
ki, İCESCO iki məscid və bir kilsənin təmir edilməsini həyata keçirmək istəyir. Bu da çox vacib
mesajdır ki,
İCESCO müsəlman dünyasının
təşkilatı olaraq
kilsənin də bərpasında iştirak
edir”.
Nazir həmçinin BMT Sivilizasiyalar
Alyansı və UNESCO-ya ünvanlanan məktublar haqqında da məlumat verdi. Bildirdi
ki, beynəlxalq təşkilatlarla yanaşı
150 ölkənin mədəniyyət
nazirlərinə də
44 günlük müharibə
və müharibədən
sonrakı vəziyyətlə
bağlı məktub
ünvanlanıb: “Təəssüflə
qeyd etmək istərdim ki, biz bu işdə UNESCO-nun obyektiv yanaşmadığının
şahidi olduq və ikili standartlara
uyğun cavablar gördük. Azərbaycana qarşı törədilən
mədəni terror pislənilməlidir.
UNESCO tərəfindən qərəzli bəyanatlar
cəmiyyətimizdə məyusluq
yaradır. Hazırda UNESCO ilə danışıqlar
aparılır və ümid edirik ki, bu təşkilatın
texniki missiyası işğaldan azad olunmuş ərazilərimizə
səfər edəcək
və təşkilat öz səhvini başa düşəcək”.
Konfransın sonunda mədəniyyət
naziri Anar Kərimov və
İCESCO-nun Baş direktoru
Salim bin Məhəmməd
əl-Malik media nümayəndələrinə təşəkkürlərini ifadə
etdilər.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.1;2.