İCESCO nümayəndə heyəti erməni
işğalının nəticəsi olan
“kabus şəhər”i gördü
Xəbər verdiyimiz kimi, İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı ölkəmizin tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaq idi.
Nümayəndə heyətini Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, ölkəmizin İCESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinin səlahiyyətlərini icra edən Azad Cəfərli, nazirliyin nümayəndələri müşayiət ediblər.
Əvvəlcə Füzuli rayonunda vəziyyətlə tanış olan qonaqlar sonra Ağdama gedib.
Nümayəndə heyətinin üzvləri Ağdam şəhərində Ermənistanın müharibə cinayətlərinin izlərinə baxıb, 27 il ərzində törədilən vandalizmin şahidi olublar. 1868-ci ildə inşa edimiş Ağdam Cümə məscidi şəhərdə erməni vandallarının talan və dağıntılarından qismən salamat çıxmış yeganə tikilidir. Lakin işğaldan sonra məlum olub ki, düşmən bu tikilidən xüsusi məqsədlə – məsafə ölçmək üçün istifadə etdiyi üçün onu tamamilə dağıtmayıb.
Qonaqlara məlumat verilib ki, işğal zamanı tarixi abidələrimiz kimi, 1868-ci ildə inşa edilmiş Ağdam məscidi də erməni silahlı qüvvələri tərəfindən talan edilib.
Daha sonra Ağdam Dövlət Dram Teatrının və bir vaxtlar çox məşhur olmuş Çörək muzeyinin binalarının qalıqlarına baxan nümayəndə heyəti rayonun işğaldan əvvəlki görüntüləri və tarixi abidələrinin fotolarının yer aldığı stendlərlə də tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycanın Qarabağ bölgəsinin ən böyük və inkişaf etmiş şəhərlərindən olmuş Ağdam erməni işğalçıları tərəfindən yerlə yeksan edildikdən sonra buraya gəlmiş xarici jurnalistlər tərəfindən ona “kabus şəhər” adı verilib.
“Əminik ki, bu vandalizm haqqında dünyaya məlumatlar çatdırılacaq”
İCESCO-nun nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda və Ağdam şəhərində ermənilərin törətdiyi cinayətlərin, o cümlədən məscidlərə, Azərbaycanın tarixi, mədəni irsinə qarşı vandallıq aktlarının şahidi oldu. Onlar bu cinayətləri öz hesabatlarında əks etdirəcəklər. Əminik ki, bu vəhşilik haqqında bütün dünyaya, o cümlədən İslam aləminə məlumatlar çatdırılacaq. Bu, çox önəmlidir.
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bu sözləri jurnalistlərə açıqlamasında bildirib.
İCESCO nümayəndə heyətinin səfərinin əhəmiyyətini qeyd edən nazir vurğulayıb ki, bu, Vətən müharibəsindən sonra beynəlxalq təşkilatın rəhbəri səviyyəsində ölkəmizə ilk səfərdir. Bunu Azərbaycanla həmrəylik kimi qiymətləndiririk.
“Biz beynəlxalq təşkilatları azad olunmuş torpaqlarımıza dəvət edirik. İstəyirik ki, bütün dünya erməni vəhşiliyinin şahidi olsun. Hazırda bununla bağlı UNESCO və digər təşkilatlarla müzakirələr aparılır. Azad edilmiş ərazilərə səfərlərin təşkili üçün təhlükəsizlik tədbirləri də təmin olunmalıdır. Bugünkü səfər də minalardan təmizlənmiş ərazilərə təşkil edilib. Ermənilərin törətdiyi bütün cinayətləri sənədləşdirmək üçün ekspertlər hər yeri gəzib qeydiyyat aparmalıdırlar ki, gələcəkdə bu faktları beynəlxalq məhkəmələrə təqdim edək. Ermənistan hüquqi məsuliyyətə cəlb olunmalı, təzminat ödəməlidir”, - deyə Anar Kərimov qeyd edib.
Qarabağda tarixi abidələrin bərpası üçün yol xəritəsi hazırlanacaq
İşğaldan azad olunmuş ərazilərimizdəki mədəni-dini və tarixi abidələrimizin qorunması istiqamətində atılacaq addımlarla bağlı sualı cavablandıran nazir deyib: “Mədəniyyət Nazirliyinin ekspertləri hazırda həmin ərazilərdə maddi mədəni, tarixi abidələrin monitorinqini, inventarlaşmasını aparırlar. Daha sonra abidələrin konservasiyası, bərpası üçün yol xəritəsi hazırlanacaq. Bu, uzunmüddətli prosesdir. Amma biz buna çox qətiyyətlə başlamaq niyyətindəyik. Bu işdə bizə həm yerli, həm də xarici ekspertlər kömək etməlidirlər. İlk olaraq mədəniyyətimizin beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən başlamağı planlaşdırırıq. Təbii ki, Ağdam, Füzuli və digər azad edilmiş ərazilərdəki tarixi-mədəni abidələr, mədəniyyət müəssisələri də bərpa olunacaq”.
Mədəniyyət naziri bildirib ki, Azərbaycanın
mədəniyyət paytaxtı Şuşada
keçiriləcək tədbirlərlə bağlı plan hazırlanır. Bu il Şuşada iki tədbir - “Xarı bülbül”
festivalı və Molla Pənah Vaqif poeziya günlərinin
keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.3.