Şuşa uğrunda
döyüşlərdə şəhidliyə ucaldı
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də baş leytenant Sahib Şirəliyevdir.
Sahib Yusif oğlu Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Ötən payızda, oktyabrın 18-də 25 yaşı tamam olmuşdu.
Orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbdə alıb. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi qulluq edirdi. Nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman və diplomlarla mükafatlandırılıb.
Atası Yusif kişi oğlu haqqında qürurla danışır: “Nəslimizdə hərbçi olmamışdı. Sahib isə uşaqlıqdan, məktəb illərindən hərbi-vətənpərvərlik verilişlərini həvəslə izləyərdi. İllər ötdükcə onda bu peşəyə maraq daha da artdı və qərarını verdi. Savadına, biliyinə görə başqa ixtisas da seçə bilərdi. Soruşanda cavab verərdi ki, çətin də olsa, şərəfli, əsl kişi sənətidir. Naxçıvanda olanda onunla əlaqə saxlayırdım. Müharibə başlayan ilk gündən səbirsizlənirdi ki, tezliklə döyüşlərə qatılsın”.
Anası Şölə xanım isə oğlunu evləndirməyə hazırlaşdıqlarını, amma qismət olmadığını bildirir: “Gözaltısı da vardı. Sahib cəbhəyə yollanandan nigaran idim, dua etməkdən başqa əlacım qalmamışdı. Nələr arzulayırdıq, nələrlə qarşılaşdıq...”.
Şəhidin 22 yaşlı qardaşı Əli də taleyini hərb sənətinə bağlayıb. Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunu bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Daxili Qoşunların tərkibində əsgərliyi başa vurandan sonra müddətdən artıq xidmət etməyə qərar verib. Qardaşı ilə son danışığını belə xatırlayır: “Dedi ki, ailədən muğayat ol! Qismətində şəhidlik varmış. Həm qardaşım, həm də yaxın dostum idi. Bir-birimizə çox alışmışdıq...”.
Sahibin xidmət etdiyi hərbi hissənin qərargah rəisi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli mayor Nəsir Zeyniyevin dediklərindən: “Oktyabrın 11-də Hadrut istiqamətində döyüşlərə qatıldıq. Qəsəbənin və ətraf yüksəkliklərin azad edilməsində, eləcə də Hadrutu nəzarətdə saxlayan vacib yüksəkliyin alınmasında S.Şirəliyevin xidməti əvəzsizdir. Onun rəhbərlik etdiyi əməliyyatdan sonra qəsəbədə bölmələrimizin şəxsi heyət və döyüş texnikasının rahat hərəkəti təmin edildi...”.
“Döyüşdə fərqlənməyə görə” medallı baş gizir Kamran İbrahimov: “Tuğ kəndini, sonra Qarabulaq kəndini, ərazidəki yüksəkliyi işğaldan azad etdik. Yeni tapşırığa əsasən Şuşa tərəfə irəlilədik. Bir neçə gün piyada yol getdik. Şuşa-Laçın yolunun 6-7 kilometrliyində döyüşə hazırlığa başladıq. Laçın dəhlizində şiddətli döyüş oldu. Yaralı və şəhidlərimiz olsa da, dəhlizi, dəhlizin üstündəki yüksəkliyi ələ keçirdik. Hədəfimiz Şuşa idi. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikasını məhv etdik. Lakin bu döyüşdə cəsur və təmkinli komandirimizi itirdik...”.
Şuşa uğrunda döyüşlərdə canını qurban verən baş leytenant Sahib Şirəliyev noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb. Həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.
Şəhid baş leytenant ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Mədəniyyət.- 2021.- 15
yanvar.- S.6.