Milli qürur və hüzn günümüz
20 Yanvar 31 il sonra – şəhadət
yoluna “Qarabağ!” deyə
çıxmışdılar...
Tariximizin elə səhifələri var ki, illər, əsrlər ötsə də, heç vaxt unudulmur, nəsillərdən nəsillərə ötürülür. 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan belə tarix səhifəsidir.
Həmin gecə Bakıda güllə yağışına tutulan xalq doğma torpağını, milli heysiyyətini, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qorumaq istəyirdi.
1990-cı ilin 20 yanvar gecəsi “Azadlıq!” hayqıran xalq ondan iki il öncə “Qarabağ, Qarabağ!” deyə meydana çıxmışdı. Həmin iki ildə Qarabağ dərdinə əlac qılınmadığı üçün, o vaxtı yerli və mərkəzi hakimiyyət Ermənistandakı dədə-baba yurdlarından qovulan, Qarabağdakı əzəli torpağına əl uzanan xalqın haqq çağırışına biganə qaldığı üçün meydan hərəkatı 20 Yanvara gəlib çıxdı...
Həmin məşum gecə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına etiraz edən, Azərbaycanın suveren hüquqlarının müdafiəsinə qalxan xalqımıza qarşı qırmızı imperiyanın “Qızıl ordusu”, sovet hərb maşını misli görünməmiş qətliam törətdi.
Sovet qoşunlarının Bakıda həyata keçirdiyi qırğında 147 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər təkcə azərbaycanlılar deyildi. 20 Yanvar şəhidləri arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, Vətən torpağı uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyırdı. Amma xalqımız həmin faciənin ağırlığı altında sınmadı, milli qürurunu itirmədi. Bakı küçələrini boyamış şəhid qanları milli məfkurəmizin oyanan günəşinin al şəfəqinin simvolu idi. Bugünkü müstəqil Azərbaycan Vətən uğrunda canından keçən şəhidlərimizin ruhuna, xatirəsinə ən böyük abidədir.
20 Yanvar Azərbaycanın hüzn və qürur günüdür. Amma 31-ci ildönümündə, nəhayət, bu sırada qürur hüzndən önə keçməlidir. Çünki bu günü ilk dəfə Qarabağ zəfərindən sonra qeyd edirik.
31 il əvvəl qanına qəltan edilənlər bu şəhadət yoluna “Qarabağ!” deyə çıxmışdılar. Və “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!” dediyimiz bu günlərdə onların da ruhu şaddır.
Vətən torpağı şəhidləri ilə ucalır. Xalqımız qəhrəman övladlarının şəhidlik zirvəsinə baxıb başını dik tutmalıdır. Vətən sağ olsun.
Mədəniyyət.- 2021.- 20 yanvar.- S.1.