Ömrü də İldırım kimi keçən şair

 

 

Ötən əsrin 30-cu illərində ölkəmizdə azad fikirlilərə qarşı repressiya tədbirləri başlayanda haqsız təqib və təhdidlərə dözməyib Vətəndən baş götürüb gedən ədiblərdən biri mühacirət poeziyamızın görkəmli nümayəndəsi Almas İldırımdır. Şairin adı sovet dövründə uzun illər dillərdən də sürgün olunub. Qardaş Türkiyədə dünyasını dəyişən Almas İldırımı vəfatının 69-cu ildönümü ilə bağlı yada saldıq...

 

Almas Əbdülməhəmməd oğlu İldırım 25 mart 1907-ci ildə Bakının Qala kəndində anadan olub. Sonra ailəsi Çəmbərəkəndə köçüb. O zaman Cənubi Azərbaycandan Bakı mədənlərində işləməyə gələn fəhlələrin övladları üçün şəhərdə “İttihad” məktəbi fəaliyyət göstərirdi. Yeddi yaşlı Alması həmin məktəbə qoyurlar. Məktəbdə sənədlər farsca yazılsa da, dərslər Azərbaycan dilində keçilirdi. Almasİttihad” məktəbini bitirdikdən sonra təhsilini görkəmli ədib və maarifpərvər Abdulla Şaiqin Bakı I realnı məktəbinin nəzdində yaratdığı  məktəbdə (“Şaiq nümunə məktəbi”) davam etdirir.

 

O, kiçik yaşlarından ədəbiyyata maraq göstərir, şeirlər yazırdı. Hələ məktəbli ikən Azərbaycan Ədəbiyyatı Cəmiyyətinə üzv olmuşdu. 1925-ci ildə Nəriman Nərimanovun müəmmalı ölümünə “Nəriman” adlı şeir həsr etmişdi:

 

Şərqdə bir səadət aradığın gün,

Nəriman, ürəyin parçalandımı?

Göz qapaqlarını yumarkən o gün,

Dodaqların qoca Şərqi andımı?

 

Şeirdən belə məlum olur ki, gənc şair təkcə Nərimanovun ölümündən deyil, Azərbaycanın sabahı üçün narahatlıq keçirib. Onun milli bir şair kimi yetişməsində üzvü olduğu yaradıcılıq cəmiyyətinin böyük təsiri var idi.

 

Almas İldırım orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (BDU) Şərq fakültəsinə qəbul olunsa da, bir müddət sonra əksinqilabi şeirlər yazdığı üçün universitetdən xaric edilir. Bundan təsirlənsə də, ruhdan düşmür. Ədəbi mühitlə sıx əlaqə yaradır. Şərq ədəbiyyatı və folklorunu mütaliə edir. 1928-ci ildə Bakıda Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti yaranır. Almas İldırım da quruma üzv olur. Cəmiyyətin nəşr etdirdiyi “Gənc qızıl qələmlər” məcmuəsində bir neçə şeiri də işıq üzü görür.

 

Şairin həmin vaxt İstanbulda nəşr olunan “Həyat” dərgisində də bir şeirinin dərc edilməsi onun gündüzünü gecəyə çevirir. Adı yuxarı dairələrin qara siyahısına düşür. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətindən xaric olunur. Az sonra Dağıstana sürgün edilir. Baş verənlərdən bərk sarsılan şair hisslərini belə ifadə edir:

 

Gizli yol kəsmədim, qaçaq olmadım,

Sakit bir həyatı pozmadım mən ki?

Dost üçün qanlı bir bıçaq olmadım,

Heç bir qətlə fərman yazmadım mən ki?!

 

Almas İldırım iki il Dağıstanda sürgündə olur. Yerli camaatla qaynayıb-qarışır. Ziyalılarla, xüsusilə tələbə gənclərlə dostluq münasibətləri qurur. Xalq arasında artan nüfuzu, ictimai fəallığı rəsmi dairələr tərəfindən qırmızı işğal əleyhinə milli birlik çağırışı kimi qiymətləndirilir. Bundan sonra şairin Dağıstanda qalması təhlükəli hesab edilir.

 

1931-ci ildə Xəzərin o tayına – Türkmənistana sürgün olunur. Burada da ciddi nəzarətdə saxlanılır. Aşqabadda Qafqazdanİrandan köçüb gələn türk ailələrinin uşaqları üçün açılan məktəbdə müdir olur. Eyni zamanda Türkmənistan ziyalıları ilə əlaqə saxlayır. Vətənpərvərlik ruhunda yazdığı şeirlər əldən-ələ gəzir. Aşqabadın ədəbi mühitində yaradıcı fəaliyyəti gündən-günə güclənir. Amma şair Türkmənistanda da bir rahatlıq tapmır. Addımbaşı izlənilir və təqib edilir. Buna görə də o, 1933-cü ildə ailəsi ilə birlikdə gizlin olaraq İrana köçür. Elə sərhəddəcə həbs olunur. Casusluqda ittiham edilir, işgəncələrə məruz qalır. Bir il burada əzab-əziyyət içində yaşadıqdan sonra Türkiyəyə gedir.

 

Türkiyədə Elazığ və Malatya şəhərlərində müxtəlif idarələrdə kargüzarlıq və katibliklə məşğul olur. Hətta bir müddət müəllimlik də edir. Ancaq Vətəni, bir an da olsun, unutmur. Kədər yüklü misralarında Vətən adı, Vətən dərdi başlıca mövzu olur:

 

Kim deyir ki, könlümdə xatirən yox, yadın yox;

Lənət o şeirimə ki, onda sənin adın yox!

 

Almas İldırımın “Qafqaz”, “Batan günəş”, “Qürbətdə”, “Yurd həsrəti” kimi şeirlərində Vətən həsrəti çox qabarıqdır. “Əsir Azərbaycanım” şeiri isə onun şah əsərlərindən hesab edilir.

 

Vətənpərvər şair həm də folklor toplayıcısı olub. Araşdırmalarda qeyd edilir ki, o, Türkiyədə Azərbaycan bayatılarını böyük həvəslə toplayıb “Azərbaycan nəğmələri” adı altında nəşr etdirib.

 

Keçirdiyi əzablı sürgün həyatı, soyuq, nəm zindanlar həssas şairin vücudunu gücdən salmışdı. Şair 14 yanvar 1952-ci ildə, 45 yaşında Elazığ şəhərində vəfat edib.

 

Müstəqillik illərində vətənpərvər şairin yaradıcılığı həmişə diqqət mərkəzində olub. 2007-ci ildə şairin 100 illik yubileyi geniş qeyd edilib. “Seçilmiş əsərləri” nəşr olunub. Yaradıcılığı araşdırılıb, monoqrafiyakitablar yazılıb.

 

Savalan FƏRƏCOV

 

 

Mədəniyyət.- 2021.- 20 yanvar.- S.5.