ABŞ-da Üzeyir Hacıbəyli adına bəstəkarlar müsabiqəsi elan olunub

 

 

Birləşmiş Ştatlarda fəaliyyət göstərən Milli MusiqiQlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan–Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında yanvarın 15-dən Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müsabiqənin məqsədi dahi Azərbaycan bəstəkarının əsərlərini plagiatdan qorumaq, Üzeyir Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

 

Müsabiqənin şərtlərinə görə, Üzeyir Hacıbəylinin əsərlərindən seçilmiş 10 melodiyanın biriya bir neçəsi əsasında orijinal əsər yazılmalı və mənbə adı ilə göstərilməlidir. Sənədlər, əsərin çap olunmuş elektron variantı və səs yazısı 2021-ci il iyulun 1-dək qəbul olunacaq.

 

Müsabiqənin mükafat fondu 3500 dollardır. Qaliblərin əsərləri ABŞ-da nəşr ediləcək və Nyu-Yorkun Linkoln Mərkəzində ifa olunacaq.

 

Müsabiqədə iştirakla bağlı ətraflı məlumatı https://nmgcs.co/competition-about/  linkindən almaq olar.

 

Azərbaycan-Amerika Musiqi Fondu 2018-ci ildə təsis olunub. Fondun yaradıcılarından biri icraçı direktoru həmvətənimiz Cəmilə Cavadova-Spitsberqdir. Fondun məqsədi Amerika ilə Azərbaycan arasında mədəniyyətlərarası münasibətlərin qurulması musiqimizin okeanın o tayında təbliğidir.

 

Milli Musiqi Qlobal Mədəniyyət Cəmiyyəti isə ABŞ-da yaşayan başqa bir həmvətənimiz, tanınmış pianoçu, Əməkdar artist Nərgiz Əliyarova tərəfindən təsis edilib.

 

 

Mədəniyyət.- 2021.- 20 yanvar.- S.8.