Ədəbiyyat İnstitutunda
“Nizami ili” ilə
bağlı layihələr müzakirə olunub
Yeni nəşrlər işıq üzü görəcək
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi İli”nə həsr edilən ilk tədbir keçirilib.
İnstitutun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsini klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına dövlətin göstərdiyi xüsusi diqqət və qayğının ifadəsi olduğunu qeyd edib. Vurğulayıb ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə, onu dünyaya məhz Azərbaycan şairi kimi daha çox tanıtmağa ehtiyac var.
Akademik “Nizami Gəncəvi İli” çərçivəsində Ədəbiyyat İnstitutunda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı haqqında da məlumat verib. Bu işlərin həyata keçirilməsində Nizamişünaslıq şöbəsi ilə müvafiq şöbələrin birgə əməkdaşlığının səmərə verəcəyi qeyd olunub.
İlk olaraq “Nizami Gəncəvi ensiklopediyası”nın (2021-2023) hazırlanıb çap edilməsi məsələsi müzakirə olunub, bununla bağlı təkliflər nəzərə alınıb. “Böyük Azərbaycan şairi Nizami Gəncəvi: bəşərilik və müasirlik” mövzusunda konfransın keçirilməsi qərara alınıb. Nizamişünaslıq şöbəsi tərəfindən birinci cildi nəşr edilən “Nizami Gəncəvi almanaxı”nın müxtəlif dillərdə ikinci sayının çap olunmasının nəzərdə tutulduğu bildirilib.
Həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə birlikdə 2017-2020-ci illərdə həyata keçirdikləri “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının 2021-ci ildə Bakıda və Tiflisdə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsinin nəzərdə tutulduğu qeyd edilib. İnstitut əməkdaşlarının KİV-lərdə, xüsusən televiziya və radioda ilk mənbələrə, orijinal mətnlərə istinad edərək Nizami Gəncəvi haqqında çıxış etmələrinin vacibliyi bildirilib. Ali məktəblərlə birgə konfransların təşkilinin əhəmiyyəti də vurğulanıb.
İnstitutun şöbə
müdirləri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, professor İmamverdi Həmidov
və başqa çıxış edənlər
təklif və tövsiyələrini diqqətə
çatdırıblar.
Mədəniyyət.- 2021.- 20 yanvar.- S.7.