Bakıxanovlar nəslinin daha bir nümayəndəsi əbədiyyətə qovuşdu

 

 

Abbasqulu ağa Bakıxanovdan başlanan möhtəşəm şəcərəmizin hər bir nümayəndəsi mənim üçün əzizdir. Bildirim ki, Bakıxanovlar nəslində 4 general, 4 polkovnik, 11 nəfər isə müxtəlif rütbəli digər hərbçilər olmuşdur. Hətta admiral Aslanbəyovun da əslində Bakıxanovlar nəslindən olduğu məlumdur.

 

Bu nəsil təkcə tanınmış hərbçiləri ilə deyil, məşhur musiqiçiləri ilə daim fəxr etmişdir. Xalq artisti Əhmədxan Bakıxanov, Əməkdar artist Məmmədxan Bakıxanov, Əməkdar artist Tələt Bakıxanov, Əməkdar artist Akif Bakıxanov, Abbasqulu ağa Bakıxanov mükafatı laureatı Məmmədrza Bakıxanov və tanınmış musiqiçi Zivər Bakıxanova bu şəcərənin Azərbaycan mədəniyyətinə bəxş etdiyi simalardır.

 

Bu sətirləri isə Abbasqulu ağa Bakıxanov nəslinin daha bir nümayəndəsi, “Azərbaycan Əsilzadələr Məclisi”nin üzvü, məşhur tarzən Məmmədxan Bakıxanovun oğlu, Əməkdar artist Akif Bakıxanovun dünyasını dəyişməsi münasibətilə qələmə alıram.

 

Əmim oğlu Akif 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdu.  Bakıxanovlar ailəsinin yaxın dostu olan dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti və təşəbbüsü ilə 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunmuşdu. Onun ixtisas müəllimi Üzeyir Hacıbəylinin dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Xatırladaq ki, görkəmli incəsənət xadimlərimizdən Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev də daxil olmaqla xeyli sənətkarlarımız məhz Simberovun yetirmələridir.

 

Akif Bakıxanov bir solist kimi mənim görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyim viola ilə simfonik orkestr üçünKonsert-vokalizi müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda “qızıl fondda saxlanılır. O, rus, Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Şəxsən mənim violafortepiano üçün 1 saylı sonatamın və “Elegiya” əsərimin ifaçısı idi.

 

Akif 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə qəbul olunur və 1955-ci ildə əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur. O, 57 il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrində işləyib. 35 il orkestrin viola qrupunun – xatırladım ki, o, maestro Niyazinin təşəbbüsü ilə skripka ixtisasını violaya dəyişmişdi – konsertmeysteri vəzifəsində çalışıb.

 

1951-ci ildə həmin orkestrin baş dirijoru və bədii rəhbəri – Moskva Konservatoriyasının professoru Leo Qinzburq tərəfindən orkestrin tərkibinə qəbul olunub. Sonralar maestro Niyazinin rəhbərliyi ilə keçmiş SSRİ-nin bir çox respublikalarında, xarici ölkələrdə qastrol səfərlərində iştirak edib. Daha sonra maestro Rauf Abdullayevin rəhbərliyi ilə fəaliyyətini davam etdirib, xidmətlərinə görə Əməkdar artist adına layiq görülüb, dəfələrlə respublikamızın və keçmiş SSRİ-nin bir sıra fəxri fərmanları və medalları ilə təltif olunub.

 

Əmim oğlu 1955-ci ildən 1985-ci ilədək Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda və respublikanın bir neçə musiqi məktəbində viola aləti üzrə ixtisas müəllimi kimi çalışıb. Akif Bakıxanov simfonik orkestrdə işlədiyi dövrdə ABŞ, Fransa, Almaniya, Türkiyə, Avstriya kimi ölkələrdə qastrol səfərində olmuş, dünyanın görkəmli dirijorlarından M.Rostropoviç, L.Qinzburq, Kondraşin, Zanderlinq, NiyaziRauf Abdullayevin rəhbərliyi ilə konsertlərdə iştirak etmişdi.

 

2020-ci il dekabrın 5-də Bakıxanovlar nəslinin tanınmış simalarından olan Akif Bakıxanov bizi tərk edərək, əbədiyyətə qovuşdu.

 

Allah rəhmət eləsin.

 

Tofiq BAKIXANOV

Xalq artisti, professor, Üzeyir Hacıbəyli mükafatı laureatı

 

Mədəniyyət.- 2021.- 20 yanvar.- S.5.