Mərdlik ilə çatar arzuya insan...
Nizami sözündən
incilər
2021-ci il Azərbaycanda
Nizami sözünün
işığında keçəcək.
“Nizami Gəncəvi
İli” qüdrətli
söz ustadının
misilsiz bir xəzinə olan ədəbi irsinin təbliği, geniş kütlələrə tanıdılması
və təbii ki, bir daha
tədqiq edilməsi və öyrənilməsi
üçün yeni zəmin olacaq.
Nizaminin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin
zirvəsində dayanır. “Xəmsə”yə
daxil olan beş poema-məsnəvidə
dövrün və əslində bütün
zamanların ən
humanist, ümumbəşəri ictimai, sosial və mənəvi-əxlaqi
idealları parlaq bədii əksini tapıb.
“Nizami sözündən
incilər”də dahi şairin möhtəşəm
beşliyindən seçmələri
oxucuların diqqətinə
çatdırmağa davam
edirik.
Fil keçsin üstündən
tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.
Mərd
olmaq yaxşıdır
dünyada hər an,
Mərdlik ilə çatar arzuya insan.
(“Xosrov və Şirin”)
Evdə
bir arpası olmayan bir kəs
Yarım arpa qədər minnət götürməz.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Mərdə təmiz bir ad candan əfzəldir,
Ləkəli qalmaqdan ölüm gözəldir.
(“Leyli və Məcnun”)
Heç
kimsəylə yola getmirsə bir kəs,
Ona bel bağlayıb bir iş görülməz.
(“Xosrov və Şirin”)
Bir dost ki, dost ilə hey nifaq eylər,
O, demək, düşmənlə
ittifaq eylər.
(“Yeddi gözəl”)
Dərinlik, sonsuzluq varsa dəryada,
Arxların suyundan yaranmış o da.
(“Leyli və Məcnun”)
Kin ilə, sülh ilə sınanmış cahan,
Sülhündən xeyir olmuş, kinindən ziyan.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Çalış ki, kirpiyin olsun almaztək,
Ayıq
ol, ölkənin keşiyini çək!
(“İsgəndərnamə” – “İqbalnamə”)
Çalış öz xalqının
işinə yara,
Geysin əməlinlə
dünya zərxara.
(“Yeddi gözəl”)
Quyuya salsan da yaxşılığı
bil,
Yenə qayıdacaq, o, itən deyil.
(“Leyli və Məcnun”)
Kamalındır dövlətin, kamalına
arxalan,
Amalındır comərdlik, amalına arxalan.
(“Sirlər xəzinəsi”)
Mədəniyyət.- 2021.- 20 yanvar.- S.7.