“Qış qanadlı” il – 1990...
“Quş qanadlı” kimi təşbeh edilən
sovet illərimizin sonuncusundan əvvəlki...
Və onun bizə milli gündüzlər qazandıran qanlı və şanlı 20 Yanvar Gecəsi!...
Müdhiş gülləbaran, total tırtıl səsləri “estrada”sında milli Azadlığa fədalıq sədalarının daha zildən hayqırdığı Gecə...
Otuz bir ildir nə söygü, nə öygü ilə qurtarmayan Gecə...
Mür-müsibətinə ata kimi atılanları babalıqdan, ana kimi addımlayanları nənəlikdən, subay-soluq yürüyənləri bəylik-gəlinlikdən məhrum edən Gecə...
Otuz bir yaşlı bu milli müsibət və fəxarət ƏSƏRİndə dünənimizə ağrı-acı, bugünümüzə-sabahımıza çağrı-çalğı sədaları, gah acı, gah fəxri nidalar!...
El dilində
bir deyim var: “Qurban olum o bəd hadisəyə ki, üstündən
bir an, para saat keçə...”.
Müəllifi Millət olan bu HADİSƏ-ƏSƏRə
xəyal gəzdirdikcə gözlər qarşısında nələr
sərgilənmir?!
Hə,
illər keçdikcə bu total həyat Hadisəsi də
yavaş-yavaş küçə-meydanlıqdan
yığışıb, asta-asta muzeylikləşmədə...
Bu sərgidəki
irreal “eksponat”lardan biri də: “Bu dünya bir pəncərədir
- hər gələn baxar, gedər”...
Amma
SİZ –
o Gecəyə
pəncərədən baxmadınız; şimşək kimi
çaxıb, ildırımtək axıb getdiniz!
Siz
küçələrdə al-qırmızı
qanınızı axıtdınız, biz, ev-eşiyimizdə
göz yaşlarımızı...
Bəs...
biz – göz yaşı sahibləri sizin –
can qanı yiyələrinin qədrini qədərincə
bildikmi, arzu-umu hədəflərinizə layiqincə
vardıqmı?
Bunları
olduğu kimi sözə çevirmək – yeraltı filizləri
min cür yerüstü ləvazimatlara çevirmək qədər
uzun və çətin bir görəv...
Ancaq, ey
müqəddəs milli yubilyar heyətimiz, ruhi-nəzərinizə
acizanə ərz edim ki, budəfəki yubiley törəninizə
bundan öncəkilər kimi əliboş-diliboş yox, o vaxt
özünüzlə apardığınız arzu-umunuzun ən
ucası, baş tacı olan Qarabağ amanatının bərqərar
təntənəsi ilə gəlirik!
Bu şərəfi
bizə SİZin həmkarlarınız və qazilər bəxş
ediblər!...
Bu
nidalı sevinc-fərəhlər öz yerində, buna qədər
yaşadığımız yaralara varmamaq çətin…
Bu naməni
–
tək
elə mütaliə ilə kifayətlənmə, gənc həmvətənlim;
sözlərin gözlərinə baxmağa, fikirlərin
“zikr”lərinə dalmağa da cəhd elə. Nədən
ki, bu namə arxasındakı olayları 31 yaşdan o
yanakı həmkarlarınız görüblər. Bu rəqəmə təəccüblənməməli.
Nədən ki, 31 il qabaq baş vermiş o
müsibətin şahidliyində o vaxt hələ “ana bətni”
vətənində olanlar da istisna edilməməlidir: o Gecənin
dəhşət payından onlar da dadmışlar...
Bu an o
GECƏnin dəhşət-vəhşəti müqabilli bir
sükut...
Deyirəm,
qələm də hərdən, ağır külfət
güzəranı üçün “saçının birini ağ, birini qara” hörməyə, əllərinin
birini halala, birini harama batırmağa məhkum valideynlər vəziyyətinə
düşür. Yəni, indi, ilk-ötəri baxışda
ölüm-itim alovu saçan, dərin nəzərdə isə
milli istiqlal şölələri yayan o Gecəyə dair
sözü hardan, nədən başlayasan?...
Beləliklə,
–
Salam, –
o vaxtlar
yalnız müsibət, məşəqqət
adlandırdığımız Gecə! Zülmətindən
zülm tökülən, ciknəsindən qulaq tutulan vəhşi
Gecə! Yuxusuz, sükutsuz, sevgisiz, toysuz, musiqisiz,
yaradıcılıqsız, mədəniyyətsiz Gecə! Qan
yaddaşını, qanlı yaddaşını, bütün
bəşəri dəyərlərə yadlaşmış
yaddaşını oyat, beş-on sözüm var, Sənə...
Yadındamı, “sülhsevər (!) sovet
ordumuz”un saldatları Biləcəridən “Şamaxinka”ya
qalxarkən “sapoq”larını necə
taqqıldadırdılar asfalt üstündə?! Qarşılarına əliyalın çıxan
azadlıqsevər gənclərə xəbərdarlıq etmədən
atəş açmalarını da xatırlayırsan, yəqin?
Qaçıb ağaclar arxasında daldalanmaq istəyən bir
yeniyetmənin qarasına bütöv bir avtomat darağı
boşaldıb, dəlmə-deşik etmələri necə,
qarmaqarışıq yaddaşından silinməyib ki?...
“XI
Qızıl Ordu”... (“Qızıl”a bax, a! Özləri “krasnaya” deyirdilər, bizsə
“qızıl”!) meydanında “təcili
yardım” maşınından düşüb, yerdə
çapalayan nəhəng gövdəli bir cavana
yaxınlaşan şəfqət bacısının
böyür-başına güllə yağışı yağdıraraq,
o zərifi necə yağır-bağır etdiklərini necə,
unutmamısan?
Dəmir
yol vağzalında gecələməyə məhkum
gülsatan oğlanın asfalt üstündə qərənfillərlə
“Elnən gələn vay” məsəlini, güllələndiyinə
görə tamamlayıb “toy-bayramdır” yaza bilməməsi
oxşar olaylar burulğanında it-bata düşməyib ki?!
O müsibətli Gecəyə hamilə olan gündüz ərzində
satılmayan o qərənfillərlə yazılmış o
yarımçıq el məsəli bütöv bir sənədli
əsər, dramatik bir dram, total bir tragediya, xalqı ruhdan
düşməməyə çağıran epos-epopeya
deyildimi, ey təşkilatçı kuluarlarında hələ
də lirik-poetik-sentimental frazalarla ifadə olunan “Íî÷ú”?!
Əvvəlki
bir çox “həmkarlarını” da xatırla, ey
müdhiş və mübarək Gecə! Səndən düz
70 il əvvəl “parlaq” süngülərlə Bakıya
soxulan “qırmızı ordu”nu, cəllad qələmi ilə
yazılmış “37”li, “ÇK”lı, “NKVD”li sibirləri yad
et. Cavidləri, Müşfiqləri aparan gecələri,
gündüzləri, axşamları, səhərləri,
vaxt-bivaxtları yada sal!...
O “kolleqa”
illərin qırmızı şüarlarından kor,
super-sinxron güllə-baranlarından kar Gecə, qulağını
bəri elə, o qırmızışüar dövrə
beş-üç kəlməlik ayarım, o bütöv Vətənlik
faciəmizə bir vətəndaşlıq –
Öygüm
də var:
...Gün
aydın, güllə çil-çırağına
tutulmuş Azadlıq Gecəsi! Sənin o zil
qaranlığında, buz qoynunda elədən-belə, belədən-elə
çovuyan o işıldaquş, o bayquş güllələr
olmasaydı, bu xalq ayağa daha cəsarətlə qalxmaz, əsarətdən
daha tez qurtulmazdı.
Salam,
öncəsi yaralı, nəticəsi istiqlallı Gecə! İllər uzunu sinəni istehsalat orden-medalları
ilə bəzəyən sovetlər mərkəzi o gecə o əlvan
metalları al-qırmızı qurşunlara çevirib, səhərə
qədər bu xalqın üstünə çilədi.
Amma sonda itirən o – məsafəcə uzaq,
“qardaş”lıqca “yaxın” Mərkəz, qazanan – “ucqar” Azərbaycan
oldu!
Sən ən
böyük bir milli dövran idin, ey tarix üçün “bir
an” hesab edilən 20 Yanvar Gecəsi! Pəpə
yeyəndən, məmə deyənə qədər hamı əzəmətli
“Müstəqillik Simfoniyası”nın
ifaçılarına çevrildi Səndə.
Sürücülər maşınlarını zirehli
qan-qadalar üstünə sürdü. Təbiblər
xalqın həbibinə çevrildi. Şəfqət
bacıları “Aslanın erkəyi-dişisi olmaz” zərb-məsəlinin
mülki-hərbi abidəsini yaratdılar. Hətta
oğrular, cibgirlər belə, sənin qırxın (bəlkə
də “il”in) çıxanadək əllərini dinc qoyub,
“maya”larından yedilər…
Sən ən
maarifçi-maarifpərvər bir era oldun, Universitet Gecə! Uzun illərin semestr imtahanlarına tutuquşu cavablar
vermək zorunda qalan bu tələbə xalqı əsl
dövlət imtahanına çəkdin. Ovaxtadək “əzbərçil-tərifçil”
kimi ömür sürmüş bu tələbə-xalq 1991-in
18 oktyabrında əla-ali qiymət alaraq, bütün
universitetlərin fövqündə dayanan Müstəqil Milli
Şərəf Universitetini bitirib, “öz əli, öz
başı” dövranına qədəm qoydu!
Sən ən
dini, ən mömin, şəhid-şühəda,
qazi-mücahid meydanı idin, Tanrısal Gecə! Məlum və “məşhur” allahsızlıq
dövranının təbliğatına uyanlar belə, sənin
o zülüm-zülmət qaranlığında əllərini
göylərə qaldırıb dua etdilər, millətə
nicat dilədilər. Süfrələri həftələr-aylarla
ət xörəyi görməyənlər xeyir işlərçün
saxladıqları toy toğlularını belə kəsib, sənin
mübarək şəhidlərinin ruhuna ehsanlar verdilər...
Sən həm
də bizim ən siyasi-elitar anımız idin, ictimai anlaq Gecəsi!
Bütöv bir millətin açıq havada
toplanmış Milli Məclisi idin. Hər
kəs özlüyündə bir millət vəkili idi. Hər kəs öz qafasında, düşüncəsində
qərarlar qəbul edib, öz qəlbində icrasına
başlayırdı.
Və bu
Milli Şərəf xiyabanındakı şəkillərə
baxa-baxa bir –
Yazılı
xitab:
...Siz – o
qara gözlü, atəş dilli, ox kirpikli, “pənbeyi-daği
cünun” əndamlı yar-Gecənin görüşünə
hansı buta eşqi, milli elçi görəvilə
getmişdiniz ki, meyitlikdə, cənazəlikdə də o
cür aşiq və qalib görünürdünüz?!...
Hamınız
kürəyinizi ana torpağımıza söykəyib,
qollarınızı ata sərhədlərimizə
açıb, üzünüzü Tanrı dərgahına
tutmuşdunuz...
Qollarının biri budanmışınız o birini,
ikisi də kəsilmişiniz isə çiyinlərini
mümküncə ucalığa – bir daha enməyəsi
bayrağımızın asılacağı yüksəkliyə
qovzamışdı. Tank-top altda qalıb xıncımlanmış
ayaqların ətrafındakı çalın-çarpaz qan xətləri,
göl-gölməçəliklər isə, daha heç
vaxt fiziki yol-yorum edə bilməyəsi bu həmkarlarınızın
tezliklə bərqərar olunası “Müstəqil Azərbaycan
Respublikası” şərəf-vizası ilə bütün
dünyanı gəzib-dolaşacaqları haqda ərznamələrinə
bənzəyirdi...
“Hamınız
kürəyinizi ana torpağımıza söykəmişdiniz”
yanğı-qanğım yadıma siz haqda yazdığım
ilk (“Qızılgül əsdi...” 1990, 25 yanvar) yazımın
“uvertüra”sını saldı: “Sən necə qənirsiz
Gözəl, necə sevgili Canan, yaraşıqlı Yar,
ümummilli Namus mücəssəməsisən ki, heç kəs
Səni digərinə qısqanmır, Vətən?! Əksinə,
hər Məcnunun istəyir ki, başqaları Səni
özündən də çox sevsin!...”.
- Ay bu məzar
daşındakı foto-şəklində bığ yeri yenicə
tərləyən oğlan, o axşam – o darmacalda deyiklini son
olaraq süzə bilmişdinmi?
- Bu gidi
dünyanın siyasi badalağına ilişmiş dəliqanlı,
gözlərini gözaltı etdiyin qızdan xəbərsizmi
yumdun?
- Təzə-tərcə
nişanlanmış cavan, üzüyün tabaqda
qaldımı?
- Ay təzəbəy,
tər gəlini gərdəkdəmi qoyub gəlmişdin?
Və ay
cəmi-heyət!...
(Nə deyəsən, nə danışasan?!)
Qətliamınızın
təşkilatçısı İmperiya-Şeytana lənət!...
Haqqınızda
yazılanları toplasaq, tək elə o Gecə sizə
atılan güllələrdən yox, bu dünyada çox
şeylərdən çox olar! Sabiq “yetmiş il”də
ata-babalarımızın o güllələri göndərən
dövlətə baratladığı “ağ qızıl”dan,
“kaçat”ladığı “qara qızıl”dan isə qat-qat,
dəfə-dəfə az...
Bu məqamda həmin yazıların kəmiyyətini o
zamanlarımızın “böyük qardaş”ı, kəmfürsət
qonşu ölkə (və onun içimizə əkdiyi “muxtar
vilayət” statuslu kilkə) şərəfinə
yazılmış mahnıların (“Ey əziz rus
qardaşım, ey mehriban rus bacım”, “Qardaş olub Hayastan –
Azərbaycan!”, “Nune, Nune, Nu-ne-eee...” və s.) “keyfiyyəti”lə müqayisə etmək
xəyalatına da düşdüm...
O
yazılardan bir neçəsi də bəndənizə məxsus
ki (“Sınıq, “əlil” - lakin müstəqil qərənfil!”,
“Bu məzarlar - həyat yazarlar”, “Yazıya pozu...” və s.), hər
kərə onları xatırladıqca, belə bir qənaətə
gəlirəm ki, bunların hamısı birlikdə sizin o bircə
Gecədə öz qan-“mürəkkəb”inizlə
küçələrə cızdığınız
Epopeyanın bir əyri-üyrü xəttinə də dəyməz!...
Hə, siz milli İstiqlal süfrəmizdə
löyün-löyün fəda şərbətləri
içdiniz, biz – uzun illər sizi öygü
“yarış”larına, ildönüm-anım “festival”larına
qurşandıq. Siz Azadlıq uğrunda candan keçibən “beş
arşın kəfən” aparıb, bizə üçrəngli
bayraq bəxş etdiniz, biz – şərəfinizə həsr
etdiyimiz yazılardakı “ağ-qara” münasibət və məram-mətləb
nüanslarını “yüz ölçüb-bir biçmə”də
qaldıq...
“Ruhun gözü Nuhunkundan görərdir” – deyiblər. Yəqin ki, Sizin şəhid-şəhadət Gecənizin ertəsi günü bu millətin özünə necə əl qatdığını gördünüz. Tarixdə misli görünməmiş bu qətliama tayı-bərabəri yaşanmamış bir qarşılam! Dünya çaş-baş qalmışdı bu törənə! Bunu “elnən gələn vay” adlandıranlar da vardı, “Azad sabah nam-nişanlı milli toy” notları ilə xallandıranlar da. Oğul-uşağı olmayan sonsuzlar da munis bir fürsət tapıb, “Can-can, ay oğul!”, “Oğul vay!” deyə ağlayırdılar (şərhi acı da olsa); heç vaxt onlara qismət olmayası bu “növ” göz yaşları leysanlayırdılar, ey – milli Azadlığımızın vahid Qarın-Qarındaş balaları!...
Doğum tarixçələriniz müxtəlif olsa da, qurbanlıq Tarixiniz eyni: “20 Yanvar 1990”! Ad-soyadlarınız çeşid-çeşid, şərəf-şanlarınız, milli titullarınız eyni: “Şəhid”! Beşik-nənni ünvanlarınız, ev-eşikləriniz ayrı, məzar-məkanlarınız eyni: “Şəhidlər XİYABANI”!...
...Belə. Əvvəli qaranlıq, sonu işıqlı Gecəmiz! Sözüm burda bitdi. Adətən, məktuba cavab gözlənər, amma narahat olma, ey bu millətin Qurtuluş Gecəsi! Bu cavab – Milli İstiqlal mayalı, “Biz müstəqil ölkə vətəndaşıyıq!” qürurlu, “Qarabağ qələbəli Azərbaycan!” nidasından ibarət...
Hə, daha bir SÖZ:
Davamçılarınızın Azadlığa qovuşdurduğunuz Şimal Vətənimizin ərazi kəm-kəsiri bütövlüyünü bərqərar etdiklərini bilirsiz. Ancaq ruh gözünüz həm də bu mətləbə görə aydın olsun ki, sizin heyətdən fərqli olaraq, budəfəki həmkarlarınız içərisində yüksək hərbi çinli (və anadilli!) zabitlərimiz də var!
Yox, elə sizlər də bu xalqın qəlbində uca çinlilərsiniz: xəlqi paqonlu, milli epoletli Azadlıq leytenantları, İstiqlal albayları, Müstəqillik generallarısız, ey hər zaman sağ, hər kəsdən uca, son çağımızın qos-qoca 20 Yanvar şəhidləri!...
Tahir ABBASLI
Mədəniyyət.-
2021.- 20 yanvar.- S.6.