Naxçıvan teatr məktəbinin
Aydını
Mən indiyədək heç vaxt sənət yoldaşlarımdan heç kimin haqqında yazı yazmamışam. Amma indi arxaya baxanda görürəm ki, onları görüb səhnəyə gəldiyim və sənəti mənə sevdirən həmkarlarımdan, demək olar, heç kəs artıq həyatda deyil. Bu sənətkarlardan biri haqqında yazmaq qərarına gəldim.
Xalq artisti Aydın Şahsuvarov. Bu il anadan olmasının 90 illiyini qeyd etdiyimiz mərhum sənətkarın Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları arasında xüsusi yeri vardı. Elə bu yazını da onun yubileyinə həsr edirəm. Çünki arxivlərdə, lent yazılarında aktyor haqqında çox az məlumata rast gəlirik. Sadəcə, şəkillər, şəxsi arxivimdəki tamaşaların birində cəmi 30 saniyəlik videogörüntü və xatirələr var...
Mən 1968-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyirəm. Aydın Şahsuvarovu isə hələ 1960-cı illərin əvvəlindən tanıyırdım. Naxçıvan teatrında bu qəribə görünüşlü, sanki üzündən həmişə təbəssüm yağan insanın yaratdığı obrazları yəqin ki, o zamankı tamaşaçıların əksəriyyəti unutmayıb. Nənəm, Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva, anam, Xalq artisti Sofya Hüseynova uşaq vaxtı məni tez-tez tamaşalara aparırdılar. Onda teatr Naxçıvan şəhərində indiki “Böyük bağ” dediyimiz parkda idi. Tamaşaların birində Aydının canlandırdığı personaj anamın oynadığı qəhrəmana qarşı çox pisliklər edirdi. Buna görə də mənim o tamaşadan sonra ondan xoşum gəlmirdi. Uşaq təxəyyülü idi. Amma sonradan səhnədən kənarda, həyatda onunla münasibət quranda anladım ki, o, çox güclü sənətkar olmaqla bərabər, həm də bir insan kimi sevgiyə layiqdir. Yaş fərqimizin çox olmasına (23 il) baxmayaraq, aramızda səmimi bir münasibət yarandı. Hətta tay-tuş olanlar belə bu münasibətdə deyildilər. Açığını deyim ki, səhnəyə sevgini mənə anam aşıladısa, ümumiyyətlə, sənətə məhəbbəti Aydın Şahsuvarovdan əxz elədim.
***
Aydın Ağa oğlu Şahsuvarov 1931-ci il yanvarın 19-da Naxçıvan şəhərində dünyaya gəlib. İxtisasca aktyor deyildi. Amma səhnədə o qədər peşəkar oynayırdı ki, hamı onun o zamankı İncəsənət İnstitutunun məzunu olduğunu zənn edirdi. Tərəf-müqabil kimi əsrarəngiz aktyor idi. Çalışırdı ki, həm özü maraqlı improvizələr etsin, həm də qarşısındakı aktyora bunun üçün imkan yaradırdı. Ona görə də hər kəs, xüsusilə gənclər onunla nəinki tərəf-müqabil olmaq, hətta bir tamaşada oynamaqdan zövq alırdılar.
Aydın Şahsuvarovun üstünlüyü onun hər bir rolda başqalaşmağı bacarması idi. Həmid Arzulunun “Əlincə qalası”ndakı Topal Teymurla Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasındakı Hambal arasında yerlə-göy qədər fərq var. Hər iki rolda Aydın mükəmməl bir aktyor kimi öz istedadını ortaya qoya bilmişdi. Bu oyunları müqayisə edəndə onları eyni aktyorun oynadığına az qala inanmırsan. Çünki tamaşaçıya tamamilə fərqli xarakterlər təqdim olunurdu.
Yadımdadır, bir neçə dəfə Bakıda keçirilən “Naxçıvan günləri” dekadasında iştirak elədik. Hər dəfə də Aydın Şahsuvarov paytaxt tamaşaçıları ilə yanaşı, mədəniyyət və incəsənət xadimlərini də heyrətləndirməyi bacarırdı. Oynadığı rollara sənətkarlar və teatr tənqidçiləri tərəfindən dəyər verilirdi. Dövlət tərəfindən də onun sənəti yüksək qiymətləndirilmişdi. 1974-cü ildə sənətkara “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1984-cü ildə isə “Xalq artisti” fəxri adları verildi.
***
Aydın Şahsuvarov 1967-68-ci illərdə C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında da aktyor kimi fəaliyyət göstərib. Bu teatrın da səhnəsində oynadığı rollar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Lakin sonradan doğma Naxçıvan teatrının səhnəsi onu özünə cəlb edib və bura qayıdıb. Bir sənətkar kimi gəncləri öyrətmək, onlara peşəkar məsləhətləri vermək onun xarakterinin ən yaxşı cizgisi idi. Yaxşı mənada müəllim-pedaqoq idi. Hamıya rollarına qarşı tələbkar olmağı məsləhət görürdü. Etiraf edim ki, onunla səhnəyə çıxmaq maraqlı olduğu qədər də çətin idi. Çünki bəzən elə hərəkətlər, jestlər, improvizələr edirdi ki, tərəf-müqabil özü onun tamaşaçısına çevrilirdi. Həddən artıq plastikalı və güclü mimikaya sahib idi. Gözəl qrim edirdi. Üzünə bir xal, bığ, saqqal qoymaqla obraza uyğun tamamilə dəyişirdi.
Aydın Şahsuvarov obrazlara savadla yanaşırdı. Hiss olunurdu ki, onların üzərində aylarla işləyir. “Əlincə qalası” tamaşasında oynadığı Topal Teymur roluna görə Özbəkistana, Əmir Teymurun Muzeyinə məktub yazmışdı ki, Teymur haqqında ətraflı məlumat versinlər. Çünki o zaman indiki kimi geniş məlumat əldə etmək imkanları yox idi. Məktubuna cavab aldı. Bundan sonra dəfələrlə məşq otağında Topal Teymur obrazının üzərində necə inadla işlədiyinin şahidi olmuşam. Çünki biz uzun müddət qrim otağında birgə oturmuşuq. Hətta ona Özbəkistandan muzey əməkdaşları tərəfindən göndərilən fotonun əsasında obrazın papağını belə özü düzəltmişdi.
Aydın Şahsuvarov Naxçıvan teatr məktəbinin klassik ənənələrini qorumaqla onu müasirləşdirən sənətkar idi. Obrazları canlılığı və emosionallığı ilə seçilirdi. Üstün cəhətlərindən biri də səhnədə özünü çox sərbəst hiss etməsi idi. Arada tərəf-müqabillərinə qəfildən atmacalar da atırdı. Biz isə ilk vaxtlar təcrübəsiz olduğumuz üçün özümüzü saxlaya bilməyib gülürdük. Səhnədən çıxanda isə bildirirdi ki, aktyor hər şeyə hazır olmalıdır. Bu atmacalara gülmək yox, lazımi reaksiya vermək lazımdır. Beləliklə, gəncləri səhnənin gözlənilməz “sürprizlər”inə hazırlayırdı.
Bir dəfə Turan Olfazoğlunun “Dəli İbrahim” pyesində cadugəri oynayırdı. Tamaşada bir məqamda kolbanın içərisinə rəngli maddə tökən zaman oradan tüstü çıxırdı və guya cinləri çağırırdı. Hamı ilə olduğu kimi, pirotexniklərlə də zarafatı vardı. Onlar da kimyəvi reaksiyanı artırmaq üçün mayeyə əlavə partlayıcı da qatmışdılar. Cadugər mayeni şüşəyə tökən kimi tüstü ilə bərabər çox da güclü olmayan bir partlayış baş verdi. Tüstü çəkiləndən sonra baxdıq ki, üz-gözü qara rəngə boyanıb. Hamı pərdə arxasında Aydının nə reaksiya verəcəyini intizarla gözləyirdi. O isə tamaşaçılara tərəf baxıb gözlərini bərəltdi və özünəməxsus tərzdə: “Aha, deyəsən, cinlər üzümə tüpürdü” deyərək özünü vəziyyətdən çıxardı. Bu, onun səhnədə sərbəstliyi ilə yanaşı, həm də sənətkarlığının, hazırcavablığının bir nümunəsi idi.
Bir arzusu da səhnədə Adolf Hitlerin obrazını yaratmaq idi. Qismət olmadı. 1986-cı il iyunun 2-də ürəktutmasından vəfat etməsi teatrın kollektivi üçün çox pis xəbər oldu. Amma nə edəsən, həyatdır və Şekspir demişkən, bu səhnə həyatda aktyor olan insanlar öz rollarını oynayandan sonra gedirlər. Aydın Şahsuvarov qəflətən vəfat etdi. Bu, Naxçıvan teatrı, hətta Azərbaycan mədəniyyəti və ictimaiyyəti üçün ağır itki idi. Çünki tənqidçilər onun oynadığı Topal Teymur obrazından bəhs edərkən Yusif Vəliyevin “Nəsimi” filmində canlandırdığı Əmir Teymurdan sonra yeni bir Teymurun ortaya çıxdığını deyirdilər.
Aydın Şahsuvarov bir insan, ziyalı, dost kimi həmkarlarının yaddaşında qaldı. Mənim üçün ustad sənətkar kimi həmişə xatırlanacaq. Tamaşaçıların yaddaşında isə Şeyx Əhməd (“Ölülər”, C.Məmmədquluzadə) Şeyx Nəim (“Şeyx Sənan”, H.Cavid), Altunbay (“Od gəlini”, C.Cabbarlı), Şahbaz bəy (“Eşq və intiqam”, S.S.Axundov), Vidadi (“Vaqif”, S.Vurğun), Təhmas bəy (“Qaçaq Nəbi”, S.Rüstəm), Kor padşah (“Kor padşah”, N.Hikmət), Markiz (“Mehmanxana sahibəsi”, K.Qoldoni), Xətib (“Məhsəti”, K.Ağayeva) kimi qalacaq. Ruhu şad olsun.
Rövşən HÜSEYNOV
Xalq artisti, Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissoru
Mədəniyyət.- 2021.- 20 yanvar.- S.7.