Əbədiyyət elçisi
Ürəyinin üstündə bayraq daşıyan şəhid
Bəlkə seçdiyi bu yolun boyuna biçildiyini hamıdan yaxşı özü bilirdi. Bəlkə elə ona görə “Yox, mən qala bilmərəm, bağrım yarılar” deyib ora – cəsarət meydanına tələsirdi. Əbədiyyət yolunu oradan başlamaq istəyirdi...
Ən çox da Cıdır düzünə çıxmaq, İsa bulağının suyundan dadmaq, Şuşanın sıldırım qayalarından bütöv Vətənin seyrinə dalmaq arzusunda idi. İstəyinə çatdımı? Bəli, həm də böyük şücaət göstərərək. Şəhadətindən öncə itkinliyinə yanıb-yaxıldı minlərlə insan. Günlərlə sosial şəbəkələrdə fotoları yayıldı, anasının naləsi fonunda məsum növcavanın şux baxışları ürəklərə od saldı.
Vətən uğrunda ölüm-dirim savaşı 44 günün sonunda Elçin Həsənli kimi minlərlə Vətən oğlunun qəhrəmanlığı sayəsində böyük Zəfərlə sona çatdı. Elçinin sağ qaldığına inanan, günlərlə hər xəbəri dördgözlə izləyən doğmalarının da gözü yollardan yığıldı. Qarabağın qəlbindəki yaraya qanları, canları ilə məlhəm olan oğullardan biri kimi onun da müqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucaldığı məlum oldu...
Elçin Vaqif oğlu Həsənli 1993-cü il iyunun 16-da Ağstafanın Həsənsu kəndində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakının Suraxanı rayonundakı 290 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2010-cu ildə Nəsimi rayonundakı 211 saylı tam orta məktəbi bitirib.
Uğurlu orta təhsil, sonsuz arzular və gələcəklə bağlı böyük planlar onu Azərbaycan Texniki Universitetinin Elektrotexnika və energetika fakültəsinə gətirir. 2014-cü ildə elektrik mühəndisliyi ixtisası üzrə məzun olur. Həmin ildə də Azərbaycan Texniki Universitetində magistratura pilləsinə qəbul olunur və 2017-ci ildə eyni ixtisas üzrə fərqlənmə diplomu ilə bitirir. 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olur və ordudan qayıtdıqdan sonra da biliklərini daha da dərinləşdirmək üçün səy göstərir. 2017-ci ildə İtaliyanın Roma şəhərində Beynəlxalq UniNettuno Universitetində bərpa olunan enerji qaynaqları üzrə kursda iştirak edərək sertifikat alır.
Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktoranturasına qəbul olunan Elçin “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan rayonu üzrə paylayıcı şəbəkəsində mühəndis işləyir. Eyni zamanda Sabirabad “ASAN Xidmət” mərkəzində öz sahəsi üzrə şöbə müdirinin müavini vəzifəsini icra edir.
Elçin Həsənli Vətəninə bağlı gənc idi. Qarabağın işğalı ilə barışmır, müharibə başladığı təqdirdə ön sırada olacağını hamıya bəyan edirdi. Anası oğluna yaxşı bələd olduğundan dediyini edəcəyinə əmin idi...
Bəli, onun və bütün anaların arzuladığı o əmin-amanlıq yarandı. Zəmanəti də məhz Elçin kimi oğulların canı, qanı oldu. Bu tale yazısı, oğlunun şəhadəti ilə anası da barışdı. Elçinin dəfn mərasimini eləmədiyi toyunun xonçaları ilə bəzədi, cənazəni yola salmağa gələn insan selini Elçinin ürəyinin üstündəki cibindən çıxan üçrəngli Azərbaycan bayrağı ilə qarşıladı...
Elçini savaşa, ön cəbhəyə səsləyən ali səbəb həm də Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun şəhid olması idi. O da çoxları kimi bu ağır itkini qəbul edə bilmirdi. Ona görə də hələ 2020-ci ilin iyul ayında ordu sıralarına qoşulmaq üçün könüllü qeydiyyatdan keçmişdi. 27 sentyabrda İkinci Qarabağ müharibəsi başlayanda müvafiq hərbi hissəyə ilk gedənlərdən olmuşdu. Bir müddət Gəncədə təlim keçdikdən sonra Füzuliyə yollanmışdı. Sonra da Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmişdi.
Ondan hal-əhval tutan atasına, narahat qalan anasına “Şuşanı azad etmədən, gəlmərəm” demişdi. Nazlı şəhərə addım-addım yaxınlaşmış, qartalların qonduğu zirvələrə can atmışdı. Şuşa üçün elə Şuşada da arzusuna çatmışdı Elçin. Döyüşlərin birində ağır yaralanaraq noyabrın 8-də şəhidlik zirvəsinə ucalmışdı.
Anası Xatirə İsmayılova onun son gedişini belə xatırlayır: “Elçin gedərkən dönüşünün olmayacağı ürəyimə dammışdı. Yola saldım. Gözdən itənəcən arxasınca baxdım. Küçəni burulanda dönüb mənə baxdı. O anda ürəyimdə qəribə çırpıntı oldu. Bildim ki, Elçinim qayıtmayacaq. O gündən gecəm-gündüzüm olmadı. Yuxum ərşə çəkilmişdi. Qulağım səsdə idi. Ana ürəyidir, hər şeyi hiss elədim. Yaralanan an yuxuma girdi, inanırsız?! Oyandım, ətrafıma boylandım. Çünki Elçin yuxuma gəlmişdi, mənimlə xudahafizləşdi. Həmin an ürəyimdə “Elçin, getmə” desəm də, o, bu dəfə sözümdən çıxdı, əbədi, şərəfli, uca bir yol ilə getdi...”.
Atası Vaqif Həsənli cəsarətli oğul böyütməsi ilə daim qürur duyduğunu deyir. Müharibə ilə bağlı xəbərlər yayılmağa başlayan gündən oğlunun ön sırada olacağına əmin idi: “Bilirdim, Elçin dayanmayacaq. Mümkün deyildi. O, çox vətənpərvər, torpağına bağlı idi. Hər dəfə bu barədə söz düşəndə “Necə ola bilər ki, biz işğalla barışaq? Axı o torpaqlar bizimdi və biz son damla qanımıza qədər vuruşub onu azad etməliyik” deyirdi. Silahdaşları, özü kimi vətənsevər qardaşları ilə müqəddəs arzularına çatdı”.
Füzulidən Şuşayadək şərəfli döyüş yolu keçən Elçinin ruhu da sevdalısı olduğu müqəddəs torpaqda – Şuşada qaldı. Cismi isə doğmalarının ağuşunda (16 noyabr) torpaqla qovuşdu...
Elçin Həsənli torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi şücaətə görə ölkə başçısının müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 22
yanvar.- S.6.