Xanəndəliklə şairliyin
vəhdəti
Seyid Əzim onun
ifasını gözəl səsli Davuda bənzətmişdi
Milli musiqi xəzinəmizə töhfələr verən, onu zənginləşdirən klassik muğam ifaçılığının görkəmli nümayəndələrindən biri də xanəndə Mirzə Məhəmmədhəsəndir. Onun ifası dövrün tanınmış sənət adamları tərəfindən yüksək qiymətləndirilib. Yaradıcı sənətkarlarımızdan olan xanəndə Sarıtorpaq şikəstəsi və bir neçə təsnifin də müəllifidir. Şöhrəti zamansızlığa qovuşan muğam ustasını anadan olmasının 170 illiyi münasibətilə yada saldıq.
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani 1851-ci ildə Şamaxı şəhərində anadan olub. Erkən çağlardan oxumağa, öyrənməyə maraq göstərir. Mükəmməl mədrəsə təhsili alır, fars və ərəb dillərini mənimsəyir. Atası oğlunun savadlı molla olmasını arzulasa da, niyyəti baş tutmur. Çünki balaca Məhəmmədhəsənin könlündən xanəndə olmaq keçirdi. Beləliklə, o, arzusunun sorağına düşür. Xanəndə kimi püxtələşməsində Kərbəlayı Əkbərin böyük əməyi olur. Ona muğam və təsnifləri öyrədir. Məhəmmədhəsən dini mahnılar oxuyur, şəhər əhalisi arasında tanınır. Onun gözəl səsindən və musiqi istedadından xəbər tutan tanınmış musiqi xadimi, xeyriyyəçi Mahmud ağa gənc xanəndəni öz himayəsinə götürür, sənətini inkişaf etdirməsi üçün qayğısına qalır. Gənc xanəndə Şamaxı musiqiçiləri arasında tanınmaqla yanaşı, Qarabağ elinin Hacı Hüsü, Əbdülbağı Bülbülcan kimi məşhur sənətkarları ilə birgə məclislərdə çıxış edir.
Xanəndənin müasiri olan şair Seyid Əzim Şirvani də Mirzə Məhəmmədhəsənin səsinə və sənətkarlığına heyran olur. Bir gün o, Şamaxı bağlarını gəzərkən məlahətli bir səsin ətrafa yayıldığını eşidir. Şair ayaq saxlayıb səsi dinləyir. Oxuyanın Mirzə Məhəmmədhəsən olduğunu bilib bədahətən deyir:
Əqlimi əlimdən nə gülü yasəmən aldı.
Nə sünbülü reyhan, nə bağu çəmən aldı...
Davud məgər zində olub dəhrdə,
Seyyid, Arami-dilim sövti-Məhəmmədhəsən aldı.
Araşdırmalardan məlum olur ki, Cabbar Qaryağdıoğlu da Mirzə Məhəmmədhəsənin xanəndəlik məharətinə yüksək qiymət verib. O, xatirələrində xanəndə ilə görüşünü və onun oxumağından aldığı xoş təəssüratı belə ifadə edib: 1888-ci ilin bir payız günündə Bakıya gəlmişdim. Şamaxılı Hacı Əli Abbasın uşaqlarının toy məclisinə gedəcəkdim. Tarzən Sadıqla dörd gecə həmin toyda iştirak etdik. Mirzə Məhəmmədhəsənin çox bilikli və gözəl səsə malik olduğunu orada yəqin etdim. O, el xanəndəsi olmaqla bütün camaatın rəğbətini qazanmışdı.
Maarif xadimi Camo Cəbrayılbəyli Mirzə Məhəmmədhəsənin oxumağından aldığı xoş təəssüratı belə ifadə edib: XIX əsrin axırları idi. Yaxın qohumlarımdan birinin toyu olacaqdı. Eşitdim ki, toyu o zamanın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsən idarə edəcək. Mən də toyda iştirak etdim... Onu ilk dəfə həmin toyda gördüm. Necə oxuyacağını ürək döyüntüsü ilə gözləyirdim. Yaxşı yadımdadır, məclis əhli Mirzədən Çahargah oxumasını xahiş etdi. Mirzə Çahargah muğamını Seyid Əzim Şirvaninin:
Güş qıl, ey ki, bilirsən özünü vaqifi-kar,
Agah ol, gör ki, nədir
naleyi-ney, nəğmeyi-tar.
misraları ilə başlanan məşhur müxəmməsi ilə
başladı. Onun çox yanıqlı oxuması, şirin gəzişmələri məclisdəkiləri
valeh etmişdi... Mirzənin oxuması iki saata qədər çəkdi. Lakin məclis
əhli onun səsindən doymamışdı.
Mirzə
Məhəmmədhəsən 35 il xanəndəlik
edib. Cənubi Qafqazın bir
çox bölgələrində
öz sənəti ilə tanınıb.
Hər məclisdə milli musiqimizin təbliğatçısı
olub. Böyük məharətlə oxuduğu Şüştər,
Humayun, Rast, xüsusilə Mənsuriyyə
muğamları yaddaşlarda
silinməz iz buraxıb. O, həmçinin
ədəbi yaradıcılıqla
da məşğul olub, şeirlər qələmə alıb.
Böyük sənət uğurlarına baxmayaraq, tanınmış nəğməkarın ömrünün son illəri ağır ehtiyac içərisində keçir. Gözləri işığını itirir, qulaqları tutulur. Onun 1916-cı ildə işıq üzü görən Nalə kitabında həyatı və yaradıcılığı geniş təsvir olunub. Kitabın Nalə adlandırılması da təsadüfi olmayıb. Nəşrdə Mirzə Məhəmmədhəsənin ağır ehtiyac içərisində yaşadığı günlərdə qəlbindən qopan ah-naləsi, fəryadı öz ifadəsini tapıb:
Tuti qəfəsində deyibən bir vətən ağlar,
Zülmətə düşüb Mirzə Məhəmmədhəsən ağlar.
Müəllif başqa bir şeirində də səhhətində yaranan problemlərin ruh düşkünlüyü yaratdığını vurğulayır:
Karlıq, korluq göründü məndə,
Təqsirim nədir düşdüm kəməndə...
Bu qədər fələkdə naz olurmu,
Bir başa
iki qapaz olurmu?!
İki qulağım, iki gözüm yox,
Bu mərhəmətə mənim
sözüm yox...
Xanəndənin şeirləri içərisində
Desinlər rədifli
qəzəli çox
məşhur olub. Bu qəzəl uzun illər başqa xanəndələr tərəfindən
də sevilə-sevilə
oxunub. Cabbar Qaryağdıoğlu da onun qəzəl
və şeirlərindən
yeri düşdükcə
istifadə edib. Seyid Şuşinski isə müğənninin Nalə
kitabçasını həmişə
yanında saxlayıb.
Musiqi mədəniyyətimizdə
iz qoyan tanınmış xanəndə
və şair Mirzə Məhəmmədhəsən
1917-ci ildə Şamaxı
şəhərində vəfat
edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 22
yanvar.- S.6.