Sabir kimi...
Yazıya başlamaq üçün ifalarından birini dinləmək, onun avazına köklənmək istəyirdim. “YouTube” platformasında qarşıma 35-40 ilin maqnitofon kasetlərindən götürülərək yenilənmiş lent yazıları çıxdı. Adamı uzaq qərib illərə aparan mahnılar və onlara yazılan yüzlərlə rəy, xoş söz diqqətimi çəkdi. Mahnıların qanadlarında özlərinin uşaqlığına, gəncliyinə, bəzən ilk sevgisinə, vüsalına, həsrətinə boylanan adamlar durmadan bunu yazırdılar: “Bu mahnını, təsnifi, muğamı Sabir kimi oxuyan yoxdur...”.
Elin gözü tərəzidir, deyirlər. Yəqin 50 il fasiləsiz həm teatrın, həm də xalqın səhnəsində, qarşısında sevilərək qalmağın sirri məhz bundadır...
Onu ötən
ilin son ayında (22 dekabr) itirdik. Səsi, avazı,
yumşaq oxu tərzi, şirin şivəsi ilə qəlblərə yol tapmış 72 yaşlı
xanəndə, Xalq artisti Sabir Əliyevi.
Səs kimi
Onun da həyat yolu dolanbaclı olub. Sənətə, səhnəyə gəlib
çıxanadək xeyli
sınaqlardan keçib.
Amma içindəki yanğı,
səsindəki həzinlik
onu milyonlarla görüşdürə bilib.
Sabir Məhərrəm
oğlu Əliyev 13 fevral 1948-ci ildə Cəlilabad rayonunun çinarlarla yaşıllığa
qərq olmuş Pərdili kəndində doğulmuşdu. Uşaq vaxtından oxumağa
meyil etsə də, utancaqlığına
görə buna cəsarət etməyib.
Yalnız həmin dövrdə
kəndlərinə el şənliklərinə
gələn məşhur
ifaçıların israrı
ilə bu sənət sahəsi üzrə təhsil almağa qərar verib. 1967–1972-ci illərdə
Asəf Zeynallı adına Bakı
Musiqi Texnikumunun Muğam şöbəsində
oxuyub. Həmin dövrdə istər
peşəkar teatr səhnəsində, istərsə
də el məclislərində
tanındığı halda
təhsil istiqamətini
dəyişib. Bu dəfə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunda (1981-1986) təhsil
alıb.
Təsadüfi deyil ki, Sabir
Əliyev hələ
1968-ci ildə – Musiqi Texnikumunun tələbəsi
olarkən Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrına dəvət olunmuş və orada milli opera nümunələrində çıxış
etmişdi. Yarım əsrdən çox
opera sənəti sahəsində
çalışan xanəndə
ömrünün sonuna
kimi teatrın solist-vokalçısı olub.
Özünəməxsus səs çaları,
fərqli ifa üslubu sayəsində bu teatrın səhnəsində yaddaqalan
obrazlar yaradıb.
Bu sırada “Leyli
və Məcnun” (İbn Səlam, Zeyd, Şeyx), “Koroğlu” (Vəli, Nadir),
“Əsli və Kərəm” (Sofi, Osmanlı), “Aşıq Qərib” (Aşıq Vəli, Şahvələd),
“Gəlin qayası” (Əmioğlu, Şeyx), “Natəvan” (Aşıq), “Sevil” (Azançı) və s. operaları qeyd etmək olar.
Çalışdığı kollektivin tərkibində milli opera nümunələrimizi
dünyanın bir sıra teatr səhnələrində də
ustalıqla nümayiş
etdirən xanəndənin
qastrol siyahısında
Türkiyə, Birləşmiş
Ərəb Əmirlikləri,
Rusiya, Fransa, İsveçrə, İran,
Misir, Nigeriya və digər ölkələr var.
Opera, musiqi sənəti sahəsindəki uzunmüddətli
fəaliyyətinə görə
dövlətimiz tərəfindən
yüksək qiymətləndirilən
sənətkar 2005-ci ildə
“Əməkdar artist”, 2017-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Söz kimi
Müsahibə verməyi sevən
adam deyildi.
Heç
xatirə gecələrində,
yubiley tədbirlərində
də üzdə olmağı xoşlamazdı.
Əsasən Azərbaycan Dövlət
Akademik Filarmoniyasının
tədbirlərində qarşılaşardıq.
Ötəri söhbətlərimiz də orada olardı.
Keçmişdən, el-obadan, sənətdən,
musiqidən danışardı.
Həmin söhbətlərin birində
sözü yeni müğənnilərdən saldım. Bir az da yaşlı nəsli qınamış kimi oldum. Reaksiyası maraqlı idi.
İfası kimi danışığı
da yumşaq idi. Özünəməxsus
şəkildə ümumi
cavabla öz mesajını verdi:
“Mən yeniliyin, müasirliyin, siz deyən o novatorluğun əleyhinə deyiləm. Əksinə,
düşünürəm ki, zaman ötdükcə,
həyat tərzimiz, ona baxışımız
dəyişdikcə, daha
da inkişaf edə bilərik. Bu öz yerində.
Amma bütün yaradıcılıq
sahələrində, ələlxüsus
da musiqidə milliliyimizi, xalqımıza
məxsus incəlikləri
mütləq şəkildə
qorumalıyıq. Çünki musiqi insanlığın dilidir. Hər bir xalq məhz musiqisinin qədimliyinə, çalarlılığına,
unikallığına görə
fərqlənmək, yaşamaq
və mənsub olduğu xalqı yaşatmaq gücünə
malikdir. Musiqinin bu
qədər böyük
qüdrətə malik
olduğunu bildiyimiz halda niyə yad avaza, yad
boğaza, yad çalara qaçaq?
Dünyanın etnik musiqilərini,
fərqli qrupların təbliğ elədiyi naməlum səsləri axtarıb tapmaqdansa, öz xalq musiqimizi,
muğamımızı, aşıq
sənətimizi dərinliyi
ilə öyrənib təbliğ edək.
İnanın, xalq musiqisinin dərinliyinə
varan çox az ifaçı,
bəstəkar, musiqiçi
ondan baş çıxara bilir. Çünki xalq onu gör neçə müddətdir sınaqdan
keçirib, ağızdan-ağıza
ötürüb, avazdan-avaza
salaraq yaşadıb”.
Nəğmə kimi
O, haqlı idi. İstər səhnədə, istərsə
də el şənliklərində,
kiçik səhnələrdə,
efir-ekrandakı çıxışlarında
milli ifaçılıq
sənətinə sadiqliyini
saxlayırdı. Öz yolu,
ifa manerası, səhnə estetikası var idi. Yaşına, sənətdə
keçən illərinə
arxayın olmadan, kimsənin
ruhuna toxunmadan fəaliyyət göstərirdi.
Uzun-uzadı söhbətlə arası yox idi. Xatirimdədir, bunun da maraqlı
izahını vermişdi
və o vaxt buna xeyli gülmüşdüm:
“Yaxşı oxuyanların
heç də hamısı yaxşı danışa bilmirlər, daha doğrusu, danışmağı xoşlamırlar.
Xanəndənin səsi təmiz
olmalı, mahnının
sözlərini səlis
tələffüz etməlidir.
Tamaşaçı, dinləyici onun
ritmik mahnısında
da, muğamında da, zilində də, bəmində də nə dediyini anlamalıdır”.
Sənətkar bir də “Elə
eləməlisən ki,
xalqın rəğbətini
qazanasan. Onu bacarmadınsa, vay
halına” demişdi.
Bəli,
Sabir Əliyev məhz bunu yaxşı bacarmış,
illərlə xalqın
yaddaşında qala, onun musiqi, mahnı
zövqünü oxşaya
bilmişdi.
Bu gün hər nəsildən olan istər ifaçı, istərsə də dinləyici onun 30-40 il əvvəlki repertuarından “Durnalar”, “Rəna”, “Saçları sarışın qız”,
“Aman, aman”, “Şirindi yarım”, “Reyhanı”, “Sevda”, “Dilbərim”, “Gözəlim”,
“Leylam”, “Qızılgülümün
rəngi niyə saraldı?!”, “Nazlana-nazlana”,
“Pakizə”, “Sevgilim” kimi mahnıları sevə-sevə oxuyur, dinləyir.
Xanəndə istedad, sənətə sevgi və zəhmətsevərliyin
vacibliyini deyir, eyni zamanda bir
gündə tanınmaq,
sevilmək, varlanmağın
mümkün olmadığını
dilə gətirirdi. “Sənətə bu amalla gələcəksənsə,
heç vaxt uğur qazana bilməyəcəksən. Əsas xalqın dilində danışıb, onun ruhuna xitab etməkdir.
Ondan sonra şöhrət də, pul-para da, ad-san da olacaq”
deyən sənətkar
ömrü boyu bu prinsipə sadiq qaldı.
Xəyal
kimi
“Xalq istədi və Sabir oxudu. Sizə zarafat gəlməsin, əsrin yarısını həm səhnədə, həm də xalqın arasında keçirdim. Bir igidin ömrüdür e. Amma, vallah, bir gün olsun bundan peşman olmadım. Ən çətin, bədbin zamanımda küçədə, ictimai yerdə məni görüb ayaq saxlayan, xoş söz deyən xalqımın nümayəndələrinin sayəsində ifaçılıq sənətində olmağımla qürurlandım. Hərçənd mən tam başqa ixtisas üzrə də təhsil almışdım və əminəm ki, o sahədə çalışsaydım, yenə nəyəsə nail olardım. Ona görə yox ki, savadlıyam, yaxud zəhmətkeşəm. Sadəcə, taleyimlə barışan, həyatdan böyük umacağı olmayan, onu sevən adamam” deyən Sabir Əliyev bir gün nəğmə, bir gün söz, bir gün də bax belə, xəyal olub getdi. Özündən sonra onu yaşadacaq nəğmələri əbədi qalsın deyə...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 22
yanvar.- S.7.