Türk dünyasının ortaq söz abidəsi
Türkiyəli şairin “Dədə Qorqud”
dastanı əsasında yazdığı kitabın təqdimatı
Yanvarın 21-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyənin tanınmış şairi, tədqiqatçı və tərcüməçi Kənan Çarboğanın “Qorqudnamə” kitabının təqdimat mərasimi keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəstəyi ilə reallaşan təqdimatda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, üzv ölkələrin səfirləri və tanınmış ədəbiyyat və elm xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açaraq qonaqları salamlayıb. Bildirib ki, türkdilli ölkələrin dövlət başçılarının VII Zirvə toplantısı çərçivəsində 14 oktyabr 2019-cu il tarixində Fonda üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə qurumun binasının açılışı keçirilib: “Həmin gündən sonra biz düşünürdük ki, burada bir-birindən maraqlı tədbirlər keçirəcəyik. Təəssüflər olsun ki, pandemiya buna imkan vermədi. Artıq yavaş-yavaş karantin qaydalarında yumşalma gedir. Düşünürəm ki, yaxın zamanlarda yeni-yeni tədbirlərimiz baş tutacaq”.
Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, 2020-ci il Azərbaycanın dövlətçilik tarixinə unudulmaz təqvim ili kimi yazılıb: “Məhz 2020-ci ildə Azərbaycanın suverenliyi, coğrafi və mədəni bütövlüyü bərpa olundu. Şanlı Azərbaycan Ordusu mədəniyyət beşiyimiz olan Şuşa şəhərini işğaldan azad etdi. Vətən müharibəsi zamanı Azərbaycanın haqq savaşında başda Türkiyə olmaqla bütün türk dövlətləri mənəvi həmrəylik göstərdi”.
“Qorqudnamə” kitabı haqqında fikirlərini bölüşən nazir bildirib ki, şair Kənan Çarboğa əsəri türk dünyasının ortaq ədəbiyyat və mədəniyyət abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı əsasında qələmə alıb. “Kitabi-Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, bu dastanın vətəni Azərbaycandır”.
Anar Kərimov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı şəhərində Dədə Qorqud parkı salınıb, parkın ərazisində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. 2018-ci ildə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Nazir həmçinin Prezident İlham Əliyevin bu il Şuşada Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı tapşırıq verdiyini söyləyib: “Biz artıq bununla bağlı işlərə başlamışıq. Həmin tədbirə şair Kənan Çarboğanı da dəvət edəcəyik. Mən ümid edirəm ki, Qarabağ torpağı onun yeni əsərlər yazmasına ilham qaynağı olacaq”.
Anar Kərimov çıxışının sonunda kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Daha sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, TÜRKSOY-un dəstəyi ilə nəşr edilən kitabın ilk rəmzi təqdimatı yanvarın 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), TÜRKSOY və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli şəhərinə səfəri zamanı – ermənilər tərəfindən dağıdılmış “Araz” qəzeti redaksiyası binasının qalıqları önündə keçirilmişdi.
NURƏDDİN
Mədəniyyət.- 2021.- 22
yanvar.- S.1;2.