Neçə
il keçsə də, Azərbaycan
xalqı o gecəni unutmayacaq
20 Yanvar şəhidlərinin
xatirəsi Rusiya paytaxtında da anılıb
O dəhşətli gecədən 31 il keçir. Neçə il keçsə də, Azərbaycan xalqı o gecəni heç vaxt unutmayacaq.
Bu fikirləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 20 Yanvar faciəsi ilə əlaqədar Moskvada keçirilən tədbirdə söyləyib.
Səfir Polad Bülbüloğlu əvvəlcə 20 Yanvar gecəsi həlak olanların xatirə lövhəsinin və ümummilli lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyub.
Diplomat diqqətə çatdırıb ki, Azərbaycanda azadlıq hərəkatı 1988-ci ildə Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına və o vaxtkı mərkəzin buna etinasız qalmasına etiraz olaraq başlayıb və xalqımız Azadlıq meydanına toplaşaraq buna etirazını bildirib. Bu etiraz dalğasının xalq hərəkatına çevrilməsindən qorxan sovet hakimiyyəti 1990-cı ilin 20 yanvarında silahlı ordunu Bakı şəhərində dinc əhalinin üzərinə yeridib. Həmin dəhşətli günlər heç zaman unudulmayacaq.
Səfir qeyd edib ki, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə hazırda səfirliyimizin yerləşdiyi binaya gələrək, ilk dəfə olaraq sovet rəhbərliyinə etirazını bildirib. “O vaxt bu addım çox böyük mərdlik və cəsarət tələb edirdi. Böyük siyasi xadim Heydər Əliyev başa düşürdü ki, 20 Yanvar faciəsinə siyasi qiymət vermək lazımdır”.
20 Yanvar şəhidlərinin qisasının 2020-ci ildə Vətən müharibəsində alındığını vurğulayan P.Bülbüloğlu deyib: “Qürur hissi keçiririk ki, Azərbaycan 44 günlük müharibədə Qələbə çaldı, Qarabağ torpaqları, o cümlədən Şuşa şəhəri işğaldan azad olundu. Azərbaycanın görkəmli şəxsiyyətlərinin güllələnmiş heykəllərinin bu yaxınlarda Prezident İlham Əliyevin şəxsən iştirakı ilə Şuşaya gətirilməsi məni çox həyəcanlandırdı və duyğulandırdı. Prezident İlham Əliyev Şuşa şəhərini mədəniyyət paytaxtı elan etdi. Şəhidlərimizin qisası alındı. Allah onlara qəni-qəni rəhmət eləsin”.
Mədəniyyət.- 2021.- 22
yanvar.- S.4.