Lənkəran teatrı 130 illik yubileyə
hazırlaşır
Tofiq Heydərov: “Gələcək
repertuarımızın ana mövzusu Qarabağın, cəsur
əsgərlərimizin və qəhrəman şəhidlərimizin
vəsfi olacaq”
2021-ci ilin yanvar ayında Lənkəran Dövlət Dram Teatrının 130 yaşı tamam olur. Yubiley münasibətilə teatrın direktoru Tofiq Heydərovla görüşüb söhbət etdik.
– Tofiq müəllim, teatrın tarixi və sənət yolu barədə nə deyə bilərsiniz?
– Lənkəranda
professional teatrın təşəkkülü XIX əsrin
sonlarına təsadüf edir. AMEA Memarlıq və
İncəsənət İnstitutunun Teatr, kino və televiziya
şöbəsinin təqdimatına əsasən Mədəniyyət
Nazirliyi Lənkəranda 1891-ci ilin yanvarında Nəcəf bəy
Vəzirovun “Yağışdan çıxdıq, yağmura
düşdük” əsəri əsasında “Oddan-alova”
adlı komediyanın tamaşaya qoyulmasını Lənkəran
teatrının yaranma tarixi kimi təsdiqləyib.
Məlumat üçün bildirim ki, Lənkəranda
işləmək, burada maarif və mədəniyyət
toxumunu yaymaq bir çox sənətkarların həyat məqsədi
olub. Azərbaycanın görkəmli bəstəkarı
Müslüm Maqomayev 1905-ci ilin sentyabr ayından Lənkəranda
müəllimlik fəaliyyətinə başlayaraq, burada
dördsinifli məktəbdə coğrafiya və təbiət
fənlərini tədris edib. Teatrın Lənkəranda
təşəkkül tapmasında SSRİ Xalq artisti, görkəmli
səhnə ustası Sidqi Ruhullanın da böyük
yaradıcılıq köməyi olub. 1912-ci ildə Lənkərana
gələn S.Ruhulla burada dram heyəti yaratmaq istəyən həvəskarlarla
Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, N.Nərimanovun “Nadir şah”,
N.Vəzirovun “Ev tərbiyyəsinin bir şəkli” və s. əsərləri
səhnələşdirib.
Yerli ziyalılardan Teymur Şahverdiyevin “Altı rəfat”
və “Həqiqi röya” adlı əsərlərinin
1923-cü ildə səhnələşdirilməsi də
böyük əks-sədaya səbəb olub. Hər iki əsər yeni
yaradılan Hüseyn Ərəblinski adına
Xalq teatrı artistlərinin və yerli ziyalıların
qüvvəsi ilə hazırlanıb. Xalq
teatrı 10 ildən artıq fəaliyyət göstərərək,
sonralar yaradılan peşəkar teatr üçün zəmin
olub. Azərbaycanın tanınmış artistləri və
müğənnilərindən Həqiqət Rzayeva, Münəvvər
Kələntərli, Haşım Kələntərli,
İsmayıl Talışinski, Cahan xanım Talışinskaya
kimi sənətkarlar ilk addımlarını Lənkəran
teatrının səhnəsində atıblar.
Lənkəran Dövlət Dram Teatrı 1934-cü ilin
dekabrından 1949-cu ilə kimi səmərəli fəaliyyət
göstərib. Böyük Vətən müharibəsi illərində
arxa cəbhədə qazandıqları müvəffəqiyyətlərə
görə teatrın direktoru və rejissoru Qəni Vəliyev
və aktyor Kamil Nəcəfov “Azərbaycan SSR-in Əməkdar
artisti” fəxri adına layiq
görülüb, bir qrup aktyor isə Ali Sovetin fəxri fərmanları
ilə təltif olunub. 50-ci illərdə mərkəzi
hökumətin qərarı ilə Sovet İttifaqının
respublikalarında, o cümlədən Azərbaycanda bölgə
teatrlarının fəaliyyəti dayanmışdı. Lənkəranlıların
teatr sənətinə sonsuz məhəbbəti nəticəsində
isə 1959-cu ilin dekabrında rayonda yenidən H.Ərəblinski
adına Xalq teatrı təşkil edilib.
Cavan yaradıcı qüvvələrlə müntəzəm
iş aparmaq, yeni istedadları axtarıb tapmaq, repertuarı
müasir həyatla səsləşən əsərlərlə
zənginləşdirmək və beləliklə, xalqa mədəni
xidmət göstərmək kimi vəzifələr teatrın
əsas fəaliyyət proqramı olub. Xalq
teatrına respublikanın Əməkdar artisti Kamil Nəcəfov
rəhbərlik edib.
–
Bildiyimizə görə, Lənkəran Dövlət Dram
Teatrı uzun fasilədən sonra ulu öndər Heydər
Əliyevin təşəbbüsü və xeyir-duası ilə
yenidən fəaliyyətə başlayıb...
– Bəli,
bu, 1973-cü il dekabrın 6-na təsadüf
edib. Ulu öndər bütün fəaliyyəti
dövründə mədəniyyətimizin və incəsənətimizin
inkişafı istiqamətində bir sıra layihələrin
həyata keçirilməsində əlindən gələni əsirgəməyib.
Lənkəranda ikinci dəfə professional
teatrın təşkil edilməsi də onun təşəbbüsü
ilə gerçəkləşib.
Həmin vaxtdan ötən 48 ildə teatrımızda
250-dən çox əsərə səhnə həyatı
verilib. Teatr nəinki
respublikamızda, eyni zamanda bir sıra ölkələrdə,
o cümlədən Özbəkistanda, Gürcüstanda qastrol
səfərlərində olub, qardaş Türkiyənin
İstanbul, Ankara, Dənizli və Konya şəhərlərində,
İran İslam Respublikasında
keçirilən beynəlxalq festivallarda uğurlar
qazanıb. Teatrda səhnəyə qoyulan Üzeyir Hacıbəylinin
“Olanlardan-keçənlərdən” və Cəlil Məmmədquluzadənin
“Ölülər” əsərlərinin tamaşaları Azərbaycan
Televiziyasının “qızıl fond”una daxil edilib.
2004-cü ildə Lənkəran Dövlət Dram
Teatrının binası əsaslı şəkildə təmir
edilərək, yenidən qurulub. Həmin il
noyabrın 9-da Lənkərana gələn Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev teatrda olub və
görülən işləri yüksək qiymətləndirib.
Hazırda teatrımızda iki nəfər Xalq
artisti, iki Əməkdar artist, bir Əməkdar incəsənət
xadimi, həmçinin yüksək ad və şərəfə
layiq olan onlarla sənət fədaisi çalışır.
– 2019-cu
ilin əvvəllərində dövlət
başçısı tərəfindən respublika
teatrlarına böyük dəstək göstərildi. Sizin
kollektiviniz də bu dəstəkdən kənarda qalmadı...
– Bu
gün Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə
mədəniyyətə, incəsənətə, o cümlədən
teatr sənətinə yüksək qayğı göstərilir.
2019-cu il martın 1-də mədəniyyət
və incəsənət xadimləri ilə keçirilən
görüşdə də bunun bir daha şahidi olduq. Azərbaycan dövləti mədəniyyətimizin
qorunub saxlanılması, inkişaf etdirilməsi, gələcək
nəsillərə çatdırılması və xüsusən,
beynəlxalq aləmdə tanıdılması məsələlərində
daim sənət adamlarının və mədəniyyət
müəssisələrinin himayədarıdır.
Sözügedən görüşdə dövlətimizin
mədəniyyət sahəsində çalışan
insanların çıxışlarına diqqətlə qulaq
asdığını, qaldırılan məsələyə
konkret və yerindəcə münasibət bildirdiyini,
müvafiq tapşırıqlar verdiyini böyük
razılıq hissi ilə qarşıladıq. Ölkə
başçısının teatr işçilərinin
aylıq əməkhaqlarının artırılması barədə
müvafiq qurumlara verdiyi göstəriş, həmçinin
onun “Azərbaycan teatrlarının inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” 4 mart
2019-cu il tarixli sərəncamı sevincimizə
səbəb oldu. Həmin sərəncamla bizim teatra da
ayrılmış 100 min manat pul vəsaiti hesabına
maddi-texniki bazamızı müəyyən qədər yeniləməyə
nail olduq.
–
Hazırkı koronavirus pandemiyası şəraitində fəaliyyətinizi
necə qurmusunuz?
–
Açığını deyim ki, 2020-ci ilə yüksək əhval-ruhiyyə
ilə başlamışdıq, çünki qarşıda
iki qastrol səfərimiz var idi. May ayında
Rusiya Federasiyası Dağıstan Respublikasının
Mahaçqala və Dərbənd şəhərlərində
C.Cabbarlının “Vəfalı Səriyyə”, iyun ayında
isə Qazaxıstanın Aktau şəhərində H.Mirzənın
“Moskvalı gəlin” tamaşaları ilə
çıxışımız nəzərdə
tutulmuşdu. Çox təəssüflər
olsun ki, ölkənin digər konsert-tamaşa müəssisələri
kimi, bizim də bir sıra layihələri gerçəkləşdirməyə
imkanımız olmadı.
Qeyd edim
ki, əksər ölkələrin çətin vəziyyətlə
qarşılaşdığı bir vaxtda Azərbaycanda
dövlət səviyyəsində görülən təsirli
tədbirlər nəticəsində pandemiya, Allaha şükür ki,
respublikamızda ciddi fəsadlara səbəb ola bilmədi. Ötən dövr ərzində
biz də öz fəaliyyətimizi mövcud karantin şəraitinin
tələblərinə uyğun qurmuşuq,
iş-gücümüzdən heç də tamamilə təcrid
olunmamışıq. Yaradıcılıq
fəaliyyətimizi virtual qaydada davam etdirməklə
teatrın “YouTube” və “Facebook” səhifələrindən
tamaşalarımızı qabaqcadan tərtib olunmuş
repertuar planı əsasında izləyicilərə təqdim
edirik. Kollektivimizdə
yaradıcılıq prosesinin gücləndirilməsi bundan
sonra da əsas prioritetlərimizdən olacaq. Bunun üçün müəyyən planlar üzərində
düşünürük.
Hələ yay aylarında pandemiyadan sonrakı dövrdə
tamaşaçıların psixoloji durumunu nəzərə
alaraq komediya janrında tamaşa hazırlamaq məqsədilə
ölkə üzrə gənc rejissorlar üçün
müsabiqə elan etmişdik. Bu barədə mətbuatda
və internet portallarında xəbərlər də
yayımlandı. Şərtlərə
görə, rejissorlar seçdikləri əsərin
eksplikasiyasını bizə təqdim edir və həmin əsər
teatrın bədii şurasında müzakirə olunub bəyənildikdən
sonra tamaşanın hazırlanması ilə bağlı
rejissorla müqavilə bağlanılır. Təəssüf ki, aradan xeyli müddət
keçməsinə baxmayaraq, heç bir gənc rejissor bizə
müraciət etmədi. Müsabiqəmiz
isə hələ də qüvvədədir, ancaq indi gənclərlə
bərabər yaşlı nəsil rejissorları da müsabiqəyə
qatılmağa dəvət edirik.
Biz respublika və xarici ölkə teatrları, eləcə
də Mədəniyyət Nazirliyinin regional idarələri ilə
sıx əlaqə yaradaraq əməkdaşlıq edir və
işlərimizi günün tələbləri səviyyəsində
qurmağa çalışırıq. Belə əməkdaşlıq,
şübhəsiz ki, teatrın yaradıcı kollektivinin
peşəkarlıq səviyyəsinin inkişafına da xidmət
edir.
–
Çox güman ki, bundan sonrakı fəaliyyətiniz
dövründə teatrın repertuarında 44 günlük Vətən
müharibəsində qazandığımız Zəfər
mövzusunda səhnə əsərləri də yer alacaq...
– Əlbəttə! Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusunun respublikamızın ərazi
bütövlüyünün bərpası və tarixi ədalətin
bərqərar edilməsi uğrunda apardığı
savaşda əldə etdiyi Qələbə, ölkəmizin hər
bir vətəndaşı kimi, biz lənkəranlı sənətçilərin
də sevincinə və ruh yüksəkliyinə səbəb
oldu. Vətən müharibəsi xalqımızın 30
illik Qarabağ həsrətinə son qoydu. Şanlı Ordumuzun qazandığı qələbələri,
əsgərlərimizin şücaətini,
xalqımızın vətənpərvərliyini vəsf etmək
məqsədilə “Zəfərin mübarək, Azərbaycan!”
adlı audioçarx formatında ədəbi-bədii və
musiqili kompozisiya hazırlamışıq. Tez-tez yenilənən audioçarx səsgücləndirici
qurğular vasitəsilə Lənkəranın müxtəlif
ərazilərində, qəsəbə və kəndlərində
səsləndirilir. Aktyorlarımızın ifasında
audiolentə alınmış “İgid əsgər, möhkəm
dayan!”, “Əziz, doğma
Şuşamız”, “Qarabağ Azərbaycandır!”, “Müzəffər
Ali Baş Komandan” və digər bu kimi başlıqlı
şeirlər, mahnılar, musiqi nömrələri yerli sakinlər
tərəfindən rəğbətlə
qarşılanır.
O ki qaldı gələcək fəaliyyətimizə, inşallah, hamılıqla pandemiyanı dəf edəndən sonra teatrımızın repertuarının ana mövzusu Qarabağın, şanlı Ordumuzun, cəsur əsgərlərimizin və canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin vəsfi olacaq. Bu mövzuda tamaşa hazırlamaq üçün respublikamızın tanınmış rejissoru ilə danışıqlar aparmışıq. Ümid edirəm ki, bu tamaşa həm də Lənkəran teatrının 130 illik yubileyinə əsl töhfə olacaq. Fikrimiz var ki, bu tamaşa ilə həmçinin qastrol səfərlərinə çıxaq. Fürsətdən istifadə edərək kollektivimiz adından ölkə başçısını, Mədəniyyət Nazirliyinin rəhbərliyini əmin etmək istəyirəm ki, teatr sənətinin inkişafı, gənc nəslin mənəvi tərbiyəsi üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, günün tələblərinə cavab verən yüksək səviyyəli tamaşalar hazırlayacağıq.
– Tofiq müəllim, müsahibəyə görə çox sağ olun. 130 illik yubileyiniz mübarək!
– Təşəkkür edirəm.
Ağaddin BABAYEV
yazıçı-publisist, teatrşünas
Lənkəran
Mədəniyyət.- 2021.- 22
yanvar.- S.5.