Kamalına görədir
şan-şöhrətin dünyada...
Artıq bir ayı başa çatmaqda olan “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, geniş kütlələrə tanıdılması və təbii ki, bir daha tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
Nizaminin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə dövrün və əslində bütün zamanların ən humanist, ümümbəşəri ictimai, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən seçmələri oxucuların diqqətinə çatdırmağa davam edirik.
Heç qorxma acizə zülm edənlərdən,
Yoxsa qul olarsan onlara hökmən.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Kamalına görədir şan-şöhrətin
dünyada,
Onsuz adın,
hünərin olar çətin dünyada.
(“Sirlər xəzinəsi”)
Çarpış dünya ilə
şiri-nər kimi,
Yoxsa udar səni o, əjdər kimi.
(“Yeddi gözəl”)
Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
Nifaq olan yerdə fəlakət də var,
Səadət günəşi birlikdən
doğar.
(“Leyli və Məcnun”)
Özündən alçaqla çəkin qovğadan,
Yıxıb yıxılmaqdan incik olarsan.
Böyüklə vuruşda insan
ad alar,
Alçaqla vuruşda özü alçalar.
(“Xosrov və Şirin”)
Ədalət mülkündən kim üz çevirsə,
Ona aqil deməz ağıllı kimsə.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Həyat nəyə gərəkdir,
bir həmdəmin olmasa?
İnsan çətin yaşayar dosta əmin olmasa.
Varlığına əminsən sən
ki hələ həyatda,
Çalış, könül sirdaşı
gətir ələ həyatda.
(“Sirlər xəzinəsi”)
Mədəniyyət.- 2021.- 27
yanvar.- S.7.