Mahir ifaçı, yenilikçi
tarzən
Müasir tar
ifaçılığında öz dəst-xətti
ilə seçilmək hər musiqiçiyə nəsib olmur. Çünki köklü ənənələri olan tarda yenilik
etmək, ifaçılıq çalarlarının zənginləşdirilməsinə
töhfələr vermək yüksək sənət duyumu ilə yanaşı, elmə əsaslanan
yetkin təcrübə də tələb
edir. Tanınmış tarzən,
Əməkdar artist, professor
Həmid Vəkilov belə novator sənətkarlardan idi.
Həmid Şamil oğlu Vəkilov 23 yanvar 1949-cu ildə Bakının Binəqədi kəndində
dünyaya göz açıb. Erkən çağlardan musiqiyə maraq göstərir, səkkiz yaşında Pionerlər evinin tar dərnəyinə
yazılır. Burada müəllimləri
Əlağa Mövsümov
və Azər Rzaquliyevdən sənətin
sirlərini öyrənir.
Sonra Bülbül adına Orta
ixtisas musiqi məktəbinin tar sinfinə
qəbul olunur. Bu təhsil ocağında
Əhsən Dadaşov,
Sərvər İbrahimov
və Rəhilə Kərimovadan aldığı
dərslər onun peşəkar tarzən kimi yetişməsində önəmli rol oynayır.
Araşdırmalarda göstərilir ki,
1966-cı ildə məktəbi
bitirən Həmid Vəkilov F.Mendelsonun “Skripka ilə orkestr üçün konsert”ini və P.Sarasatenin “Qaraçı
havaları”nı buraxılış
imtahanında ifa etmək istəsə də, bunun tarda mümkünsüzlüyünü
görür. Ona görə də tarda
müəyyən təkmilləşdirmə
işi aparır. Beləliklə, ilk dəfə olaraq
həmin əsərləri
tarda orijinalda olduğu kimi ifa edir. Gənc tarzənin bu uğurlu çıxışı
əks-səda doğurur.
O, klassik muğamları,
bəstəkar əsərlərini
və tar üçün
yazılmış klassik
əsərləri bacarıqla
səsləndirir. Müxtəlif musiqi kollektivlərində
solist kimi çıxış edir.
Gənc
tarzən 1967-ci ildə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına
(indiki BMA) daxil olur. Solist ifaçı
və tar müəllimi
ixtisaslarına yiyələnir.
Yüksək ifaçılıq, sənətkarlıq tələb
edən klassik muğamları, irihəcmli
mürəkkəb əsərləri,
rus və Avropa bəstəkarlarının
tar üçün yazılmış
pyeslərini ustalıqla
ifa etməyi öyrənir. Təhsilini başa
vurduqdan bir müddət sonra, 1978-ci ildə konservatoriyaya işə dəvət olunur. Konservatoriyanın Xalq çalğı
alətləri kafedrasının
baş müəllimi
kimi fəaliyyət göstərir. O, eyni
zamanda respublikanın mədəni həyatında,
ümumittifaq və beynəlxalq müsabiqələrdə
iştirak edir. Tanınmış xanəndələr
Əbülfət Əliyev,
Canəli Əkbərov,
Arif Babayev, Səkinə İsmayılova,
Baba Mahmudoğlu, Zaur Rzayev, Qəndab Quliyeva və başqalarını müşayiət
edir.
Həmid
Vəkilov estrada artistlərinin 1979-cu ildə
Sankt-Peterburq şəhərində keçirilən
VI Ümumittifaq müsabiqəsində
iştirak edir. 100-dən
artıq estrada artistinin qatıldığı
müsabiqədə “Əraq”,
“Çahargah” və “Orta Mahur” muğamlarını,
habelə D.Şostakoviçin
romansını, Asəf
Zeynallının “Muğamsayağı”,
qədim rus mahnıları əsasındakı
variasiyaları ustalıqla
ifa edir. Müsabiqənin qalibi olur, fəxri fərman və təşəkkürnamə
alır.
Bu gün tar ifaçılığında
ənənə və
novatorluq məsələlərindən
bəhs edilərkən
mahir ifaçı Həmid Vəkilovun da adı hörmətlə
çəkilir. Yuxarıda
qeyd etdiyimiz kimi, o, yaradıcılıq
fəaliyyətində milli
tar ifaçılıq sənətimizə
xas ənənələri
saxlamaqla bərabər bu
sənətə bir sıra novatorluq cizgilərini də gətirib. Belə ki, o, tarın diapazonunu genişləndirərək
2,5 oktavadan tam 4 oktavaya çatdırıb.
Nəticədə not və muğam
ifaçılığı üçün tar ifaçılıq
sənətində yeni
imkanlar yaranıb.
Bundan əlavə, tarın kəllə hissəsində
etdiyi dəyişikliklər
sayəsində alətin
ifasında yeni koloritlər meydana gəlib. Sənətkar həmçinin yeni
çalğı üslubu
da (“Həmidvarı flajolet”) yaradıb, tarı ilk dəfə ayaq üstdə çalan sənətçi
kimi də tanınıb. Bununla da
ifaçılıq fəaliyyətinin
inkişafı üçün
yeni çalğı
üsullarının, ştrixlərin
və tarda çalınmamış akkordların
meydana gəlməsinə
zəmin yaradıb.
Həmid Vəkilovun milli ifaçılıq sənətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. 1987-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Novator tarzənin həm də bəstəkarlıq qabiliyyəti də var idi. Həmid Vəkilovun tar ilə simfonik orkestr üçün yazdığı “Şıdırğı” və “Çılğın” adlı əsərlərini, 3 hissəli konserti də maraqla qarşılanıb. Onda bu marağı yaradan və püxtələşdirən bəstəkar, Əməkdar incəsənət xadimi Zakir Bağırov olub. Bəstəkarın tar ilə simfonik orkestr üçün konserti Həmid Vəkilova həsr edilib. Həmin konsert SSRİ Xalq artisti Nikolay Nekrasovun rəhbərliyi ilə 1985-ci ildə Ümumittifaq Televiziya və Radiosunun Xalq çalğı alətləri orkestrinin müşayiətində lentə alınıb və “qızıl fond”a daxil edilib. Bundan əlavə, Cahangir Cahangirovun “Rondo”, Tofiq Quliyevin “Qızıl üzük”, Niyazinin “Arzu” və s. muğam və xalq havaları da onun müşayiətində həmin fondda qorunub saxlanılır.
Tanınmış tarzən eyni zamanda tar ifaçılığının tədrisində də xidmətlər göstərib. 1973-cü ildən Bülbül adına Orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 1978-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında da tar alətini tədris edib.
Həmid Vəkilov 1992-ci ildə Türkiyəyə dəvət olunur. Orada 17 il ifaçı və pedaqoq kimi fəaliyyət göstərir. 2010-cu ildə Bakıya dönür, Milli Konservatoriyada fəaliyyətə başlayır, təhsil ocağının professoru olur.
Azərbaycan tar ifaçılığı və bu qədim alətin gənc nəsillərə öyrədilməsinə töhfələr verən Həmid Vəkilov 16 noyabr 2020-ci ildə Bakıda vəfat edib. 2018-ci ildə tarzən haqqında “Novator” adlı sənədli film çəkilib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 27
yanvar.- S.6.