20 il Avropa
Şurasında
Yanvarın 25-də Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 ili tamam oldu. Bu münasibətlə Strasburqda, ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəliyində tədbir keçirilib. Tədbirdə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) qış sessiyasına gəlmiş Azərbaycanın deputat heyəti də iştirak edib.
Mərasimi Avropa Şurası yanında daimi nümayəndəliyin rəhbəri Fəxrəddin İsmayılov açıb. Əvvəlcə 2020-ci ilin Vətən müharibəsi və I Qarabağ müharibəsi şəhidlərinin, eləcə də 20 Yanvar qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
F.İsmayılov ölkəmizi Avropa Şurasına aparan yolun qısa tarixindən bəhs edib. Bildirib ki, bu yolda maneələrə rəğmən ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli mövqeyi sayəsində Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv oldu.
Daimi nümayəndə vaxtaşırı olaraq ikili standartlarla üzləşən Azərbaycanın Avropa Şurası daxilindəki münasibətlərin qarşılıqlı hörmət və dialoq üzərində qurulmasına tərəfdar olduğunu bildirib. O, 2001-ci ildə Ermənistanla birgə Avropa Şurasına qəbul edilən zaman Azərbaycanın bu mötəbər təşkilatın işğal altında olan torpaqlarımızın azad edilməsinə yardımçı olacağına dair böyük ümidlər bəslədiyini xatırladıb, amma bu ümidlərin özünü doğrultmadığını deyib. Qeyd olunub ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən haqq-ədalətin bərpa edilməsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycan üçün beynəlxalq aləmdə, o cümlədən Avropa Şurası çərçivəsində yeni bir dönəm başlayıb.
Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurasına üzvlüyün 20 ili ərzində formalaşmış münasibətlər haqqında danışıb.
Komitə sədri 20 il öncə Azərbaycanın Avropa Şurasına işğal altındakı torpaqlarımızla bağlı böyük ümidlərlə gəldiyini söyləyib. Bunun müqabilində ölkəmiz qeyri-obyektiv mövqe və ikili standartlarla qarşılaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası xalqın iradəsini əks etdirən və onu bir yumruqda birləşdirən, milli maraqları ən ali maraq kimi müdafiə edən Azərbaycan Respublikası Prezidentinin liderliyi sayəsində reallaşıb. S.Seyidov ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin nümayəndə heyətinin üzvləri kimi AŞPA-nın qış sessiyasına gəlməkdən böyük qürur hissi keçirdiklərini vurğulayıb.
Ötən 20 ildə AŞPA-da nümayəndə heyətimizin tərkibində olmuş deputat Rafael Hüseynov çıxışında xatirələrini bölüşüb, üzvlüyə qəbul edilməyimiz ərəfəsində ümummilli lider Heydər Əliyevin Avropa Şurası rəsmiləri ilə görüş və müzakirələrindən bir sıra tarixi məqamlara toxunub. O, 2001-2003-cü illərdə İlham Əliyevin AŞPA-da nümayəndə heyətimizə rəhbərliyi zamanı görülən işlərdən bəhs edərək hazırkı heyətin də məhz onun müəyyən etdiyi xətt üzrə fəaliyyətini davam etdirdiyini söyləyib. Deputat Avropa Şurasına üzvlüyün 20 illiyini önəmli bir tarix kimi xarakterizə edib və bu illər ərzində ölkəmizin əldə etdiyi tərəqqini çox yüksək qiymətləndirib.
Qeyd edək ki, Azərbaycan Avropa Şurasında
“xüsusi dəvət edilmiş
qonaq” statusu almaq üçün
1992-ci ildə müraciət etmişdi.
1996-cı ildə Avropa Şurası Parlament Assambleyasının Bürosu
Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul
etdi. 2001-ci ilin 25
yanvarında ölkəmiz Avropa
Şurasına tamhüquqlu üzv oldu. Avropa Şurasına üzvlük
mədəniyyətimizin təbliği üçün
də əlavə imkanlar açdı. Azərbaycan
təşkilatın mədəniyyətlə bağlı
proqramlarında iştirak edir.
Mədəniyyət.- 2021.- 27
yanvar.- S.3.