Qəhrəman sələfin şanlı izi ilə

 

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yanvarın 25-də Vətən müharibəsində cəsarət və fədakarlıq göstərən bir qrup tankçı və şəhid tankçıların ailə üzvləri iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun Lənkəran şəhərindəki abidəsini və ev-muzeyini ziyarət ediblər.

 

Əvvəlcə şəhərin mərkəzində Həzi Aslanov adına xatirə parkında generalın abidəsi qarşısına əklil qoyulub, xalqımızın qəhrəman oğlunun, həmçinin şəhidlik zirvəsinə ucalan bütün Vətən övladlarının xatirəsi ehtiramla yad olunub.

 

Sonra qonaqlar Həzi Aslanovun Ev-Muzeyinə gəliblər. Muzeyin qarşısında ziyarətçiləri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli və muzeyin əməkdaşları qarşılayıblar. Vüsal Nəsirli Vətən müharibəsinin igid tankçılarını, tankçı şəhidlərin ailə üzvlərini salamlayaraq qəhrəman Həzinin ata ocağında onlarla birlikdə olmaqdan qürur duyduqlarını bildirib.

 

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Həzi Aslanovun hər bir Vətən əsgəri üçün örnək olan şərəfli ömürdöyüş yolundan söhbət açıb.

 

Tank bölüyünün komandiri, baş leytenant Ayaz Heydərli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Fariz Zülfüqarzadənin atası Fərhad Zülfüqarzadə, tank heyətinin tuşlayıcı-operatoru Pərvin Həsənov, tank tağımı komandiri, gizir Fuad Zeynalov və başqa hərbçilər, həmçinin Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə çıxış ediblər.

 

Həzi Aslanovun xatirəsinə həsr olunmuş fotosərgiyə baxdıqdan sonra muzeyin direktoru Cəmilə Şərifovanın bələdçiliyi ilə ziyarətçilər mədəniyyət ocağının ekspozisiyası ilə tanış olublar. Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən foto, sənəd və digər nadir eksponatlar haqqında ətraflı məlumat verilib.

 

Tankçılara M.Bağırov və A.Qurbaninin Həzi Aslanov haqqında yazdıqları kitablar bağışlanıb.

 

Vətən müharibəsi iştirakçıları adından ev-muzeyinin həyətində çinar ağacı əkilib, xatirə şəkilləri çəkdirilib.

 

Mədəniyyət.- 2021.- 27 yanvar.- S.4.