45 ilin “Xoşbəxtlik
qayğıları”
Yubilyar filmlər
Kino incəsənətin ən kütləvi formasıdır. İctimai baxış növü olduğuna görə yaşama şansı çoxluğa bağlıdır. Buna görə də çəkilən filmlərin taleyini əsasən ictimaiyyətin (kütləvi tamaşaçının) fikri və marağı həll edir. Bu fakt isə kinonu cəmiyyətdən asılı vəziyyətə salır. Bu mənada tükənməz tamaşaçı marağına cavab verən kino iki istiqamətdə (janr və mövzusuna görə populyarlaşan filmlər və mühüm problemləri özündə əks etdirən maarifləndirici müəllif kinosu) inkişaf edir.
Azərbaycanda müəllif kinosunun inkişafı 1950-ci illərə təsadüf edib. Təfəkkürünün məhsulunu vizual ədəbiyyat olaraq cəmiyyətə çatdıran kinorejissorların nümunəvi yaradıcılığı bilavasitə cəmiyyətin maariflənməsinə xidmət edib, dövrün ictimai-mədəni həyatında mühüm rol oynayıb.
Görkəmli kinorejissor, Xalq artisti Həsən Seyidbəylinin quruluş verdiyi “Xoşbəxtlik qayğıları” (1976) kinopovesti də mövzu aktuallığına, yüksək mənəvi dəyərləri özündə əks etdirdiyinə görə geniş tamaşaçı auditoriyasının marağına səbəb olan filmlərdəndir. Film Riqada keçirilən X Ümumittifaq Kinofestivalında (1977) da maraqla qarşılanıb, rejissor Həsən Seyidbəyli münsiflər heyətinin xüsusi diplomuna (“Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə”) layiq görülüb.
Filmdə beş qız, bir oğul anası olan Rüxsarənin qayğılarından, həyat yükündən söhbət gedir. Film ilk baxışda sadə süjet üzərində qurulmuş ailə-məişət problemini aradan qaldırmağa çalışan ailənin qayğısını əks etdirən ekran əsəri təsiri bağışlasa da, hadisələrin gedişi (ailədaxili müzakirə və mübahisə fonunda) cəmiyyəti narahat edən, bütün dövrlər üçün aktual, vacib məsələnin çözülməsinə yönəlib.
Əbu Turxanın (fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov) söylədiyi, “Əsl sənətkarlıq üzdə sadə görünənin alt qatdakı dərin mənasını üzə çıxarmaq məharətidir” fikrini “Xoşbəxtlik qayğıları” filminə şamil etmək olar. Film bəzi köhnəlmiş adətlərin insanların sosial durumunu ölçmə məqsədi daşıdığını, sadə, mənəviyyatı təmiz insanların daxili zənginliyinə ləkə saldığını, xoşbəxtliyi özgüvəndə görən gəncləri həyat missiyasını dəyişmə təhlükəsi ilə üz-üzə qoyduğunu əks etdirir. Həmçinin bəsit düşüncəli insanların (qonşu qadın, Mürsəl və s.) cehiz bolluğunu maddiyyat və şəxsiyyət üstünlüyü kimi anlaması, ənənə prinsipi əsasında təbliğ etməsi cəmiyyətin düşüncəsinin səhv istiqamətə yönəlməsinə səbəb olur. Buna görə də yaradıcılığında daim yüksək mənəvi dəyərləri təbliğ edən müdrik sənətkar Həsən Seyidbəyli ailədaxili narahatlığa, narazılığa səbəb olan cehiz münaqişəsinin mənasızlığını ekran qəhrəmanlarının dili ilə cəmiyyətə çatdırır.
Hind din xadimi və mistiki Oşo, “İnsan adət-ənənələr tərəfindən şizofrenik bir şəkildə yetişdirilib. Bu, adətlərin insanı mümkün olan hissələrə bölməsinə və parçalar arasında münaqişə yaratmasına kömək edir. Bu yolla insan zəif, müdafiəsiz, qorxaq və hər kəs tərəfindən kölələşməyə hazır şəkildə olur” deyir.
Filmin baş qəhrəmanlarından olan İbrahim peşəkar elektrik mütəxəssisidir. Amma onun bacısı Xalidə üçün cehiz almaq məqsədilə qapılarda əlavə iş götürdüyünü, müxtəlif insanlardan tənbeh, tənə eşitdiyinin şahidi oluruq. O, mənəvi əzab çəksə də, narahatlıq keçirsə də, bunu büruzə vermir. Hadisələrin tədricən gərginləşdiyini hiss edən bacılar cehiz töhmətinə, qardaşlarının çəkdiyi əziyyətə görə özlərini alçalmış, ailədə əlavə yük hesab edir və buna narazılıqlarını bildirirlər. Qızların sağlam əqidəsi, saf hissləri, doğru düşüncələri, nəhayət ki, İbrahimi və Rüxsarəni (analarını) ictimai qınaq xofundan və cehiz vəhmindən xilas edir.
Aktual mövzulu filmdə ailədaxili münasibətlər də diqqətçəkəndir. Rejissorun məqsədini təsdiqləyən traktovkada oğulla ana, qardaşla bacılar arasında olan dialoqlarda personajların saf mənəviyyatları, mədəni davranışları xoş təsir bağışlayır. Xoşbəxtliyin mal-mülkdə olmaması fikri sadə, qayğısız həyatın isbatı kimi xarakterizə edilir. Bununla da müəllifin “yaşamaq özlüyündə bir məqsəddir, aşırı arzularla onu cılızlaşdırmaq, mənasızlaşdırmaq doğru deyil” mesajı ötürülür.
Müsbət personajların çoxluğu (İbrahim, Rüxsarə, Xalidə, Gülxar, Küşvər, Zəkiyyə, Zəkiyyənin atası, Sənan) mənfi xarakterlərə (Mürsəl, Əlövsət) üstünlüyü kimi xarakterizə olunub. Meşşan niyyətlilərin cəmiyyətə təsir etmə üsulu (güc, pul) ali məqsədlər (təhsil, kamil mənəviyyat, saf sevgi) qarşısında məntiqlə cılızlaşdırılıb. Düz əməlin, halal zəhmətin həmişə qalib ideyası birmənalı şəkildə qabardılıb. Filmin uğurunun əsasında rejissorun aktyorlara doğru sənət istiqaməti verməsi, təsadüfi aktyorların belə rolun öhdəsindən bacarıqla gəlməsi durur.
Xalq artisti, istedadlı kinoaktrisa Xalidə Quliyeva filmdə rol almasından, yaradıcı heyətin peşəkarlığından məmnunluqla bəhs etdi: “Filmdə fərdlə cəmiyyətin toqquşmasından danışılır. Müasirliyə, müasir gənclərə həsr olunan filmdə qızlar öncül fikirləri ilə mübarizə aparır, həqiqəti qiymətləndirməyi bacarırlar. Köhnə adətlərə qarşı çıxır, insan ləyaqətini üstün tuturlar. Nəticə etibarilə də mühüm ideyanın daşıyıcısına çevrilirlər.
İnsanların qayğıları içərisində xoşbəxtliyin qayğıları daha çoxdur. Filmdə “insan arzusunun qulu olmamalıdır” ideyası əsas götürülüb. Ekran əsərindəki gənclərin məqsədinin kökündə sevgi, səmimi ünsiyyət durur. Bu ünsiyyət mənəvi dəyərlərə söykənir. İnsan xoşbəxt olmağa yox, xoşbəxtliyə layiq olmağa çalışmalıdır.
Filmin musiqisi də təsadüfi seçilməyib. Uşaqların ifasında “Bənövşə”
mahnısı (bəstəkar
Tofiq Quliyev) səslənir. Tərəflərin öz gücünə görə sədd çəkdiyini görürük.
Həmin
səddi qırıb keçmək lazımdır.
Qızlardan biri zənciri
qırır, sanki azadlığa çıxır
və mütərəqqi
düşüncələrə (məcazi mənada) doğru irəliləyir.
Musiqidə bu fikirlər
əksini tapıb.
Filmdə qəbul etdirmək istədiyini necə demək çox vacibdir. Azərbaycan kinosu mənəviyyat
kinosudur. Həsən Seyidbəyli
kino estetikası ilə əxlaqi, mənəvi dəyərləri
realist üslubda göstərən
rejissor idi. Filmdə nə demək istəyibsə mülayimcəsinə,
insanlara hörmətlə,
qıcıqlandırmadan, sevgi
ilə deyib. Onun daxili mədəniyyəti
böyük idi, çəkiliş meydançasında
səsini eşitməzdik.
Pavilyonda
kompozisiyanı çox
dəqiq işləyirdi.
Operator Rasim İsmayılovla
səhnələri elə
qururdu ki, çəkilişdən sonra
həmin səhnələr
asan montaj olunurdu. Çox insansevər idi.
Hamı ilə səmimi ünsiyyət qururdu, yaradıcı insanların
çoxu ilə ailə dostu idi. Tofiq Quliyevlə çox səmimi dost idilər.
Filmlərinin müvəffəqiyyətli olmasının
səbəblərindən biri
də Həsən müəllimin ssenarist, rejissor olması ilə yanaşı, həm də çox gözəl inzibatçı olması
idi. Komandasını dəqiq seçirdi.
Filmdə İbrahim (Firuz
Babayev) və Mürsəl (Tahir Yaxın), həmçinin
mənim bacımı
oynayan üç qız aktyor deyildilər. Ancaq rolu
aktyorlar qədər sərbəst oynayırdılar.
Həsən müəllim filmin
çəkilişindən iki ay əvvəl bizimlə məşq edirdi. Aktyorlara o qədər inanırdı
ki, çəkiliş
vaxtı onlara tam sərbəstlik verir, rolun taleyini doxsan faiz onların
öhdəsinə buraxırdı.
Aktyoru çəkdikcə ona isinişir, sonrakı filminə də dəvət edirdi.
Xalidə rolunu mənim üçün yazmışdı,
öz adımla da adlandırdı. Rasim Balayevlə
tərəf-müqabil olduğum
səhnələr olduqca
rahat çəkilirdi.
Rasim çox istedadlı aktyordur. “Nəsimi”
filmində də birlikdə çəkilmişdik
deyə bir-birimizi tez anlayırdıq.
Filmin çəkilişləri Suraxanı qəsəbəsində böyük məhəllədə aparılırdı. Orada avtomobil təmirxanası, ev, meydança vardı. Sakinlər çəkilişə çox maraqla yanaşırdı. Baxmayaraq ki, böyük meydançanın girişi-çıxışı bağlanmışdı. Amma yenə də insanlar çəkilişə baxmaq üçün gəlir, əsasən də Rasim Balayevlə görüşməyə can atırdı. Hətta ətraf kəndlərdən də onunla görüşmək üçün gələnlər var idi. “Nəsimi” filmi onu çox məşhurlaşdırmışdı. Bəziləri elə bilirdi ki, həmin filmdə dərisi doğurdan da soyulub. Gəlib baxdıqdan sonra inanırdılar ki, sağdı. Onu sevir, ona yaxınlaşmağa çalışırdılar.
Mürsəlin Sənana (Rasim Balayevə) tənə etməsi səhnəsində insanlar arasında hiddət yaranırdı. Mürsəli təhdid, hətta təhqir də edirdilər. Yadımdadır, çəkilişin birində adamlardan biri dəmir gətirib Rasimə vermişdi ki, qızları sənə pisləyəndə vurarsan Mürsəlin başına. İnsanları çəkiliş məkanından kənarlaşdırmaq, sakitləşdirmək bir qədər vaxt alırdı.
Nəsibə (Zeynalova) xanımla çəkilişlər çox maraqlı olurdu. Səhər saat 7-də yuxudan dururduq ki, 9-da çəkiliş meydançasında olaq. Hazırlıqlar bitdikdən sonra çəkiliş 12:00-da, 13:00-da başlayırdı. Çox yorulurduq, amma Nəsibə xanım bizə enerji verirdi. Ona baxanda yorğunluğumuzdan utanırdıq. Çalışırdıq ki, ona oxşayaq. Çəkiliş gedən evdən əlavə hazırlaşmaq üçün onun yanında bizə bir ev də vermişdilər. Ev sahibi çox mehriban insan idi, qayğımıza qalırdı. Bir dəfə gündüz vaxtı çarpayıda dincəlmək üçün əyləşmişdim. Bir də gördüm gəlib məni durğuzurlar ki, səni çəkməliyik dur gəl. Yorğunluqdan oturduğum yerdəcə yatıb qalmışdım.
Şəfiqə (Məmmədova)
xanımla isti, səmimi münasibətimiz
vardı. Bir-birimizi çox
gözəl anlayırdıq.
İki ay sürən
çəkilişlər bizi
bir-birimizə çox
doğmalaşdırmışdı. Səhərdən axşamacan
bir yerdə olur, bir yerdə
yeyir, birlikdə dincəlirdik. Bir ailə kimiydik.
Aramızda çox səmimi
ünsiyyət yaranmışdı.
Hətta çəkilişlərdən
sonra da yaxın qohum, əziz dost kimi görüşür, səmimi
münasibətlərimizi qoruyub
saxlayırdıq. Sanki mədəni insanları seçib bir yerə yığmışdılar.
Çəkilişlər çox rahatlıqla
gedir, heç bir problem yaranmırdı”.
Bax beləcə, çəkilişindən 45 il ötən ibrətamiz mövzulu “Xoşbəxtlik qayğıları”nın qəhrəmanları bütün dövrlər üçün arzulanandır, seviləndir. Bəlkə buna görədir ki, zamanlar arasında virtual rabitə yaradan, nümunəvi həyat prinsipini təbliğ edən bu kimi filmlərin özləri qədər xatirələri də dəyərlidir, əzizdir.
Şəhla ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2021.- 27
yanvar.- S.7.