Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib

 

 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilibtürk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə akademiyanın beynəlxalq “Qızıl ulduz” medalı ilə təltif edilib.

 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Rəyasət heyətinin qərarı ilə professor Çingiz Fərzəliyev, həmçinin türk dünyası mədəniyyətinin təbliğinə verdiyi töhfələrə görə beynəlxalq “Atatürk mükafatı”na layiq görülüb.

 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ali məqsədi türk dili, mədəniyyəti, tarixi və ədəbiyyatını bütün dünyada təşviq etməkdir. Akademiya 30-dan çox ölkədə tanınmış universitetlər, elmi tədqiqat institutları, müxtəlif fondqurumlar ilə qarşılıqlı əlaqələr qurub. Akademiyanın ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Niderland Krallığı, İran, Rusiya Federasiyası, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosovo, Makedoniya, Yunanıstan və Çində rəsmi nümayəndəlikləri fəaliyyət göstərir. Bu günə kimi türk dünyasının, eləcə  də digər ölkələrin yüzdən çox məşhur ziyalısı akademiyanın fəxri ad və beynəlxalq mükafatlarına layiq görülüblər.

 

Türk dünyasının məşhur simaları – Süleyman Dəmirəl, Nursultan Nazarbayev, Rauf Denktaş, Çingiz Aytmatov, İhsan Doğramacı və başqaları akademiyanın fəxri ad və medalları ilə təltif olunublar. Azərbaycanın görkəmli alimləri, o cümlədən Arif Paşayev, Cəmil Əliyev, Xoşbəxt Yusifzadə, Nailə Vəlixanlı, Elbay Qasımzadə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvləridir.

 

Mədəniyyət.- 2021.- 27 yanvar.- S.4.