Muzey və qalereyalar
üçün
darıxırdınız...
Ekspozisiya və sərgi zalları sizi gözləyir
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın 16 yanvar 2021-ci il tarixli qərarına əsasən, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər aradan qaldırılıb, o cümlədən yanvarın 25-dən muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub.
Xatırladaq ki, ötən ilin martında pandemiya ilə bağlı karantin rejiminin tətbiq edilməsindən bu yana muzeylər və sərgi zalları ümumilikdə təxminən beş aya yaxın (2020-ci ilin 18 mayından 20 iyununadək, 31 avqustdan 14 dekabradək) ziyarət üçün açıq olub. Qalan vaxtlarda, COVİD-19-a gündəlik yoluxma sayının yüksək olması nəzərə alınaraq, karantin rejiminin sərtləşdirilməsi çərçivəsində bu məkanların da fəaliyyəti məhdudlaşdırılmışdı. Düzdür, bu müddətdə muzey və qalereyalar onlayn formatda layihələr, virtual təqdimatlarla internet üzərindən qismən fəaliyyət göstəriblər. Amma ekspozisiya və sərgi zallarını gedib əyani görmək başqa, virtual izləmək başqa...
Muzeylərin yenidən işə başlaması ilə əlaqədar onların bir neçəsini ziyarət etdik, bəziləri ilə əlaqə saxlayıb karantin məhdudiyyətlərindən sonra yeni şərtlər altında fəaliyyətləri ilə maraqlandıq.
İlk olaraq Muzey Mərkəzində yerləşən Azərbaycan İstiqlal Muzeyinə üz tutduq. Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli qeyd etdi ki, yanvarın 25-dən etibarən muzeyə ziyarətçi qəbulu başlayıb: “Artıq bir neçə orta məktəbdən sifariş almışıq. Muzeyə gələn qonaqlar üçün xüsusi layihələrimiz olacaq. Belə ki, ay ərzində azı bir dəfə Vətən müharibəsində iştirak edərək qazi adını qazanmış qəhrəmanlarımızla görüş keçirmək nəzərdə tutulub”.
Müsahibimiz həmçinin bildirdi ki, muzeydə sanitar-gigiyena qaydalarına riayət edilir, girişdə ziyarətçilərin hərarəti ölçülür, dezinfeksiyaedici məhlul təqdim olunur. Eyni zamanda muzey daxilində sosial məsafənin qorunması üçün döşəmədə xüsusi işarələr də qoyulub, zallarda COVİD-19 barədə xəbərdaredici lövhələr asılıb.
***
Azərbaycan Milli İncəsənət Muzeyində də yeniliklər var. Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Rəfiqə Quliyevanın sözlərinə görə, mədəniyyət ocağına üz tutan ziyarətçilər Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubileyinə həsr olunan sərgiyə baxa bilərlər. Sərgidə muzeyin kolleksiyasından müxtəlif dövrləri əhatə edən bədii metal və dekorativ-tətbiqi sənət nümunələri, etnoqrafik materiallar, zərgərlik məmulatları, silahlar, milli geyimlər nümayiş etdirilir.
Qeyd edək ki, ötən ilin 11 dekabrında, karantin rejiminin sərtləşdirilməsindən öncə burada Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi qeyd olunmuşdu. Bu muzey torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı eksponatlarının böyük əksəriyyəti xilas edilən yeganə muzeydir. İşğal vaxtı Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyindəki 17 mindən çox eksponatın təxminən 16 mini xilas edilib və müvəqqəti olaraq Bakıda, Milli İstiqlal Muzeyində yerləşdirilib.
Yaxın günlərdə Milli İncəsənət Muzeyində Azərbaycan və Qazaxıstan rəssamlarının virtual sərgisi də nəzərdə tutulur.
***
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində olarkən öyrəndik ki, pandemiya dövründə virtual şəkildə ziyarətçilərə xidmət göstərən mədəniyyət ocağı 2 fevral – Gənclər Günündə maraqlı təqdimatla gəncləri sevindirəcək.
***
Azərbaycan Milli Xalça Muzeyinin mətbuat katibi Ülvinə Fərzəliyeva bildirdi ki, yeni mərhələdə ziyarətçilər zəngin və yenilənmiş ekspozisiya ilə tanış olacaqlar: “Muzeydə təşkil olunacaq bir-birindən əyləncəli ustad dərsləri xalça sənətinin təbliğinə xidmət etməklə yanaşı, uşaq və yeniyetmələrin sənət zövqünün formalaşdırılmasına vəsilə olacaq. Muzeyə üz tutan balaca ziyarətçilər Uşaq şöbəsi tərəfindən hazırlanan müxtəlif tamaşaları izləyə biləcəklər”.
Bundan əlavə, 10-18 yaş arası uşaq və gənclər üçün fevralın 1-dən mayın 1-dək milli geyimlərin tikilməsi və təbliği məqsədilə tədris proqramı həyata keçiriləcək. “Fashion Show” adlı proqram çərçivəsində uşaqlara milli geyimlərimizin tarixi, həmçinin materiallardan istifadə qaydaları, məlumatın tikilmə üslubu haqqında nəzəri və praktiki dərslər keçiriləcək. Üçaylıq proqramın sonunda iştirakçılar tərəfindən hazırlanmış kostyumların moda nümayişi olacaq. Təhsil proqramını uğurla bitirənlərə sertifikatlar təqdim ediləcək.
Milli Xalça Muzeyi həftə içi hər gün saat 10:00-dan 18:00-dək ziyarətçiləri qəbul edəcək. Şənbə-bazar günləri dezinfeksiya işləri ilə əlaqədar muzey bağlı olacaq.
***
Digər muzeylər və sərgi zalları da yolunuzu gözləyir. Şərtlər çətin deyil, əsas odur siz istəyin: ziyarətçi qrupunun 10 nəfərdən artıq olmaması, sosial məsafənin saxlanılması, qoruyucu vasitələrdən istifadə.
Onu da bildirək ki, xüsusi karantin rejiminin davam etməsi, şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsi nəzərə alınaraq muzeylər ziyarətçiləri həftənin bazar ertəsi-cümə günləri qəbul edir.
NURƏDDİN
Mədəniyyət.- 2021.- 29
yanvar.- S.3.