Regional mədəniyyət idarələrindən
xəbərlər
Ağstafa Regional Mədəniyyət İdarəsinin yeni təyin olunan rəisi Elbəy Əli mədəniyyət müəssisələrinin bir qrup əməkdaşı ilə onlayn görüş keçirib. İdarə rəisi mədəniyyət müəssisələrində mövcud olan neqativ halların aradan qaldırılması üçün zəruri tədbirlər görüləcəyini bildirib, regionda mədəni həyatın daha da canlandırılmasının vacibliyini vurğulayıb.
Tovuz rayon Heydər Əliyev Mərkəzinin və Bakı şəhər 59 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “44 günlük müharibədə tarix yazan Azərbaycan” adlı onlayn tədbir keçirilib.
Qazax rayon Heydər Əliyev Mərkəzi isə “Nizami dünyası” mövzusunda onlayn tədbir keçirib. Mərkəzin direktoru Ceyhunə Hüseynova mütəfəkkir şairin söz irsindən bəhs edib.
***
Ağdaş Regional Mədəniyyət İdarəsində Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmməd Adil oğlu Ağammədli ilə görüş keçirilib.
Görüşdə çıxış edən idarənin rəisi Ramiz Quliyev bildirib ki, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından mədəniyyət sahəsində çalışan 7 nəfər Vətən müharibəsində iştirak edib. Onlardan Göyçay şəhər Uşaq musiqi məktəbinin qarmon müəllimi Alim İbrahimov şəhidlik zirvəsinə ucalıb.
Məmməd Ağammədli döyüş yolu barədə məlumat verib, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında iştirakından söz açıb.
Görüşün sonunda Məmməd Ağammədliyə regional idarənin fəxri fərmanı və mükafatlar təqdim olunub.
***
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin filialı olan Güloğlular kənd klubu görkəmli kinorejissor, ssenarist, Dövlət mükafatı laureatı, Xalq artisti Eldar Quliyevin 80 illik yubileyi münasibətilə videoçarx hazırlayıb. Videoçarxda sənətkarın Azərbaycan kinematoqrafiyasının inkişafına verdiyi töhfələrdən, bu gün də sevilərək izlənilən filmlərindən bəhs olunur.
***
Şəki Regional Mədəniyyət İdarəsində idarənin əhatə etdiyi rayonların baş məsləhətçilərinin və mədəniyyət mərkəzləri direktorlarının iştirakı ilə növbəti videokonfrans keçirilib.
Regional idarənin rəisi Mirvari Zeynalova mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təşkili ilə bağlı mədəniyyət naziri Anar Kərimovun verdiyi tapşırıq və tövsiyələri diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi, Şuşada “Xarı bülbül” festivalının, Vaqif poeziya günlərinin bərpa edilməsi ölkənin mədəniyyət həyatında əlamətdar hadisələrə çevriləcək. Bu baxımdan mədəniyyət müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.
Videokonfransda həmçinin Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələri ilə görüşlərin davam etdirilməsi, vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi, yanvarın 25-dən fəaliyyətləri bərpa edilən muzeylərin işinin müasir tələblərə uyğun qurulması və digər məsələlər müzakirə olunub.
Regional idarənin tabeliyindəki Oğuz rayon MKS Vətən müharibəsində döyüşlərdə yaralanaraq 33 gün erməni əsirliyində qalmış Bayram Kərimovla onlayn görüş təşkil edib. Bayram Kərimov döyüş yolu, əsirlikdə keçirdiyi günlər barədə danışıb, əsirlikdən qurtarıldığına görə Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Oğuz rayon Yaqublu kənd Folklor evində isə Vətən müharibəsi iştirakçıları Zəfər Mirzəbəyli, Ramil Həsənli, Vasif Qiyaslı, Qabil İsayev, Eldar İsmayılov, Toğrul Kazımov, Pərviz İsayev, İlyar Muğumov və Cəlal Mənəfovla görüş keçirilib.
Oğuz rayon Şirvanlı kənd kitabxanasının fəal oxucusu Fərizə Oruczadə dahi şair Nizami Gəncəvinin əsərləri əsasında çəkdiyi rəsmlərini sosial şəbəkədə yayımlayıb.
***
Gəncə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Goranboy rayon Mərkəzi kitabxanasında görkəmli tarixçi, şərqşünas alim, Dövlət mükafatı laureatı Sara Aşurbəylinin (1906-2001) 115 illiyinə həsr olunmuş videokonfrans keçirilib. Çıxışlarda alimin həyatı və elmi yaradıcılığı haqqında geniş məlumat verilib.
NURƏDDİN
Mədəniyyət.- 2021.- 29
yanvar.- S.4.