Avropa mediasında Azərbaycan obrazı

 

 

ADU-nun layihəsi əsasında kitab hazırlanır

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə görüşüb.

 

Universitetdən verilən məlumata görə, Qənirə Paşayeva Xalq yazıçısını 70 illik yubileyi münasibətilə təbrik edib, Milli Məclisin Mədəniyyət komitəsinin təbrik məktubunu və hədiyyəsini ona təqdim edib. Kamal Abdullanın dəyərli yazıçı, alim və ziyalı olduğunu vurğulayan deputat deyib: “Dünyanın bir sıra ölkələrində çap olunan, sevilən yazıçı kimi sizin əsərlərinizi sevə-sevə oxuyur, öyrənirik. Eyni zamanda elm və təhsil istiqamətində xalqımız üçün çox dəyərli işlər görürsünüz. Azərbaycan Dillər Universiteti vacib layihələr həyata keçirir”.

 

Kamal Abdulla xoş sözlərə və diqqətə görə Qənirə Paşayevaya təşəkkürünü bildirib. Parlamentin Mədəniyyət komitəsinin fəaliyyətini izlədiyini deyən rektor ali təhsil ocağı kimi bu sahədə təşəbbüs və layihələrə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

 

Görüşdə təhsil, mədəniyyət, multikulturalizm və digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Kamal Abdulla ADU-nun layihəsi olan “Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabının hazırlanması haqqında məlumat verib. Bildirilib ki, layihə 1991-ci ildən indiyədək olan dövrü əhatə edir. Kitabın əsas məqsədi həmin illər ərzində ingilisdilli, fransızdilli, almandilli KİV-də nəşr olunmuş analitik məqalələri və xarici mediada müstəqil Azərbaycanın obrazının nə cür əks olunmasını müəyyənləşdirməyə xidmət edir. Layihə üzrə ərəb, ispan, Çin və digər dillərdə media mənbələrində də tədqiqatların aparılması nəzərdə tutulub.

 

Qənirə Paşayeva bildirib ki, layihənin miqyasının daha da genişləndirilməsi üçün Milli Məclisdə məsələ qaldıracaq. O, eyni zamanda Kamal Abdullanın Türkdilli Ölkələrin Dədə Qorqud Akademiyasının yaradılması təşəbbüsünün vacibliyinə də diqqət çəkib və bu istiqamətdə zəruri addımların atılmasına öz töhfəsini verəcəyini deyib.

 

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.4.