Yubiley söhbəti

 

 

Sabir Məmmədov: “Benefislə bağlı planlarımı qarşıdakı yubileyimə saxlayıram”

 

Onu nikbin adam, özünə daim tələbkar yanaşan aktyor kimi tanıyıram. Özünəməxsus oyun manerası, səhnə cazibəsi var. Maraqlı, seçkin, böyük şövq ilə yaratdığı Kefli İsgəndər kimi aktyordur. Yaşının üstünə yaş gəldikcə nə plastikası, nə də səs tembri dəyişir. Yaratdığı hər obraza xarakterik keyfiyyətlər qata bilir. Səsi onun film dublyajlarına, müxtəlif seriallara da aparır. Özü olmayan filmlərdən səsini eşidir, pandemiyadan bu yana səsi gəlməyən səhnədəki ifalarını isə virtual (onlayn) tamaşalarda izləyirik.

 

Beləcə, günü qaç-qovda, ayağı səhnədə, ürəyi tamaşaçıların yanında olan Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Sabir Məmmədov yanvarın 24-də 60 yaşını tamamladı.

 

Maraqlı aktyor olduğu qədər də maraqlı müsahibdir. İlk sualım pandemiya giley-güzarlı oldu. Cavab da gözlədiyim kimi:

 

Pandemiya böyük bəladır, neçə-neçə həyata son qoyub. Arada mən onu daddım. Amma səhnədən aralı düşmək bir ayrı dərd oldu. Aktyorun yeri səhnədir. Ondan ayrı düşdünsə, mütləq axsayırsan. Bizim üçün bu proses çətindir. Bir ildir biz hər gün icra etdiyimiz işdən uzaq düşmüşük. Peşəkar işlə məşğul olan aktyor hər gün prosesdə olmalıdır, məşq eləməlidir. O olmasa, hər şeydə geri düşürsən. Plastika, obraz yaratmaq, səs tembri sarıdan geri düşürsən.

 

 

 

Pandemiya həm sənət sahələrində müəyyən islahatların zəruriliyini ortaya qoydu. Sizcə, texnogen dövrün tamaşaçısı ilə ənənəvi teatr arasında əlaqə necə olmalıdır?

 

Düşünürəm ki, pandemiya, onun təyin etdiyi qaydalar teatr ənənəsini dəyişmək iqtidarında deyil. Mütləq surətdə biz nisbətən yeni teatr modelində işləmək məcburiyyətində qalacağıq. Bir neçə il ehtiyatlı davranacağıq. Postdramatik ya yeni, siz deyən teatr meyilləri zamanın tələbidir pandemiyadan öncə belə yanaşmalar vardı. Sadəcə indi daha da geniş vüsət alır.

 

 

 

Tez-tez hər hansı aktyoru analiz edəndəklassik aktyor məktəbinin yetirməsiifadəsini işlədirik ona uyğun obrazlarını sadalayırıq. Deyəsən, sizin bu təyindən heç xoşunuz gəlmir...

 

- Çünki özümü klassik, ənənəvi teatr məktəbinin davamçısı hesab eləmirəm. Mən səhnədə açıq, aydın, daha çox epik janrda işləməyi sevən, tamaşaçı ilə daha açıq oyun prinsipini əsas götürən aktyoram. Düzdür, akademik teatrın özünün ənənəsi var. Klassik, dramatik, faciəvi obrazlar, dramatik pyeslər ağırlıq təşkil edir. Olsun. Amma indi dövr başqadır. Ona görə özümüzü mütləq surətdə yeniləməli, səhnənin, dövrün tələblərinə uyğunlaşmalıyıq. Bu o demək deyil ki, yeni bir janr icad eləyəcəyik. Sadəcə, pandemiyanın bizi dəyişmək məhkumiyyətinə öz  yanaşmamız olmalıdır. Bilirsiniz, ona qalsa, tez-tez teatrın öldüyünü deyirdilər. Elə şey yoxdur. Dünyada qədər kiçik teatrlar var, yaranır yaranacaq. Teatr var həmişə olacaq.

 

 

 

Bəlkə bir neçə kəlmə ilə yubiley ovqatına köklənək?

 

Vallah, yubileyimdən böyük bir sevinci yaşayıram. Xalqımızın, dövlətimizin Qarabağ Zəfərinin yaşatmış olduğu sonsuz sevincin içindəyəm. Əzilmiş, sıxılmış düşüncədə idik ədəbiyyatımız, poeziyamız, dramaturgiyamız da bu ovqata köklənmişdi. İndi isə qalib ölkənin aktyoru, vətəndaşı, vətənsevəriyəm. Ən böyük bayram, ən böyük təntənə, ən böyük alqış məhz budur: Zəfər...

 

 

 

Zəfərdən söhbət düşmüşkən, onun səhnə yozumu  inikası necə olacaq sizcə?

 

Dramaturgiya da, rejissura da, aktyor da, elə tamaşaçı da bir başqa ruhda olacaq, məncə. Ruh yüksəkliyi ilə dramaturgiya yaranacaq biz sevə-sevə onu səhnədən tamaşaçıya çatdıracağıq. Çağdaş səhnə obrazlarının prototipi tamaşaçının gözü qarşısında yaranan qəhrəmanlar olacaq. Beləcə, real obrazlar aktyorların sənət tərcümeyi-halında möhkəmlənəcək. Bayaq dediyiniz yeniliyə məhz bu ruhla getməliyik. Təbii ki, yeni səhnə meyilləri yaradıcılıq axtarışları ilə. Çünki tamaşaçı da bunu istəyəcək.

 

 

 

– Aktyorların müəyyən yaşdan sonra rol nisgiliolur. Bu keşkələr sizin leksikonda da bərqərar olub?

 

– Bu məsələyə daha praqmatik, rasional baxıram. Heç vaxt keçmişlə yaşamıram. Reallıqla barışan, onu realizə edən adamam. Teatrda mənə istədiyim, umduğum rolu yox, başqasını həvalə edəndə onu arzuladığımdan, oynamaq istədiyim roldan daha yaxşı oynamağa çalışıram. Həyatımda belə anlar çox olub. İrəliyə baxan, nikbin adamam. Teatr, kino sahəsində , həyatda da bu düşüncədəyəm. Həm hələ o qədər rollarım olacaq ki. 60 yaş, mənə elə gəlir ki, elə çox deyil.

 

 

 

Aktyor amplua. Buna münasibətiniz necədir?

 

Heç vaxt bir ampluada çıxış eləməmişəm. Müxtəlif xarakterlər yaratmışam. Aktyor  sənəti təkcə istedad məsələsi ilə məhdudlaşmır. Bu peşəkar yanaşma, elmi  əsası olan işdir. Aktyor bütün verilən obrazları yarada bilməlidir. Oturub rejissorla rol mübahisəsi eləməyəcəksən ki. Rejissor səni hansı rolda görürsə, onu da həvalə edir. Özünü peşəkar sayan aktyor ampluasız olmalıdır. Sənət yolumda bu prinsipə əməl etdiyimdən heç nisgilə çevirdiyim obraz da yoxdur. Oynamaq istədiyim rollara gəlincə, o qədərdir ki. Amma bu o demək deyil ki, elə o düşüncədə, xəyalpərəstlikdə ilişib qalmalıyam. Axı repertuar aktyorun istək arzuları ilə tərtib olunmur. Yetkin yaş dövründəyəm oynayacağım gözəl rollar hələ qabaqdadır.

 

 

 

Bir az da aktyorun səhnə improvizələrindən danışaq.  Lazımdırmı hər aktyorda, hər situasiyada bu, alınırmı?

 

– Səhnə, teatr dəqiq mizanla, hətta deyərdim ki, riyazi hesablamalarla qurulur. Orada improvizə bəsit görünür. Dəqiq replikam, elementlərim varsa, improvizə gərəksizdir. Rejissorun konsepsiyası, aktyorun ifaçılığı var. Axı sən səhnədə tək deyilsən. Bunu bəlkə də monotamaşada, indi təzə dəb halını alan stendap-şouda eləyə bilərsən. Orada tək və sərbəstsən. Ümumən bu, səhnədə nadir hallarda ola bilər. Məsələn, tərəf-müqabilinin replikası və ya mizanı unudarsa. Əks halda bu, özlüyündə mənasızdır. Ümumilikdə isə səhnədə improvizənin əleyhinəyəm.

 

 

 

– 60 yaşınıza benefis tamaşa oynasaydınız...

 

Nikbinliyim bu məsələdə də işimə yarayır. Planlarımı qarşıdakı yubileyimə saxlayıram (gülür). Ümumən aktyorun hər səhnəyə çıxışı elə benefisdir də. Odur ki, aktyor da hər tamaşaçı ilə yeni görüşünü bu ovqatda  yaşamalıdır. Tamaşaçı bizi bir obraza, bir tamaşaya görə sevmir ki. Onlar bizi bütün obrazlarımıza, səhnədə keçirdiyimiz illərə görə sevirlər. Bu da məni çox sevindirir. Tamaşaçı sevgisi, alqışı mənim üçün əvəzolunmazdır.

 

 

 

– Tamaşaçı demişkən, onların arasında da aktyora, teatra münasibətdə “o vaxtın teatrı da, aktyoru da başqa idi” nostaljisində olanlar çoxdur.

 

– Yəqin yaşlanmışam deyə mənə də tez-tezSizin nəsil aktyorlar başqa idi” deyirlər. Qəribədir, deməli, zaman öz sözünü çoxdan deyib. Ümumən tamaşaçının nostalgiyası və onun doğurduğu bu düşüncə daim olub və yəqin zaman keçəcək, gələcək nəsil aktyorlara da bu kimi fikirlər deyiləcək. Amma tamaşaçı, sağ olsun, daim aktyoru, səhnə sənətini, teatrı sevir, dəyərləndirir. Unutmayaq ki, hər dövrün öz teatrı və öz tamaşaçısı var. Bizzaman nə istəyir, onu eləməliyik. Teatra baxış da yenilənməlidir. Dediyim  kimi, biz millət olaraq, toplum olaraq indi tam yeni ruhdayıq. O ruh şövq verir. Onu da səhnəyə daşımalıyıq. Tamaşaçı birqalib xalqı səhnədən görməlidir.

 

Söhbətləşdi: Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.5.