Aşıq Şenlik TÜRKSOY-da anıldı

 

Yanvarın 26-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Qarapapaq-Borçalı aşıq mühitinin tanınmış nümayəndəsi Aşıq Şenliyin anadan olmasının 170-ci ildönümü münasibətilə videokonfrans formatında anım mərasimi keçirdi.

 

QurumunTürk dünyası öncülləri” layihəsi çərçivəsində keçirilən konfransa TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Məmmədli, tədqiqatçı-yazıçı Songül Dündar, Ankara Yıldırım Bəyazid Universitetinin müəllimi Mete Taşlıova və başqa elm adamları qatılmışdı.

 

Baş katibin müavini Bilal Çakıcının moderatorluğu ilə keçirilən tədbirdə çıxış üçün söz öncə Düsen Kaseinova verildi.

 

Baş katib iştirakçıları salamlayaraq TÜRKSOY-un daima türk coğrafiyasının müxtəlif bölgələrində yaşayan toplumlara böyük əhəmiyyət verdiyini vurğuladı: Bu gün Qafqazda, əksəriyyəti də çağdaş Gürcüstanda yaşayan Qarapapaq-Borçalı türklərinin nümayəndəsi olan Aşıq Şenlik anılacaq və türk şifahi ədəbiyyatının inkişafına töhfə verən aşıq ənənəsinin mədəniyyətimizdəki əhəmiyyətindən bəhs olunacaq. Aşıq Şenlik Borçalı-Qarapapaq aşıq sənətində böyük bir ədəbi irs qoyub”.

 

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxışında mədəni diplomatiyanın vacibliyini vurğulayaraq qardaş ölkələrin, bir çox digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də birlikdə fəaliyyət göstərdiklərini qeyd etdi. Səfir görkəmli şəxsiyyətlərimizi və mədəni dəyərlərimizi daha yaxından tanımaq və dünyaya tanıtmaq üçün göstərdiyi səylərə görə TÜRKSOY-a təşəkkür etdi. Kiçik yaşlarından aşıq musiqisini və Azərbaycan milli musiqi nümunələrini dinlədiyini və bu ruhda böyüdüyünü dilə gətirən diplomat “Aşıq sənəti bizim kökümüzdür. Aşıq Şenliyin şeirlərində mühüm yer tutan vətən sevgisi, başqalarına tabe olmamaqöz xalqının mənafeləri üçün fədakarlıq etmək, ayaqda dik durmaq kimi xüsusiyyətlər bizə ata-baba sənətindən qalan bir mirasdır”, deyə qeyd etdi.

 

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan isə, üç ildir burada fəaliyyət göstərməsinə rəğmən, Aşıq Şenlik yaradıcılığı ilə yeni tanış olduğunu təəssüflə bildirdi: “Dərsliklərdə hələ də yer almayan Aşıq Şenliyin yaradıcılığı böyük mədəni dəyərə malikdir”.

 

Açılış nitqlərindən sonra Aşıq Şenliyin həyat və yaradıcılığı haqqında çıxışlar oldu. Sonra konfrans iştirakçılarının TÜRKSOY-un təşəkkürnamələri ilə təltif edildikləri diqqətə çatdırıldı.

 

Tədbirin sonunda Gürcüstandan sənətçi soydaşımız – aşıq Nargilə Mehdiyeva Aşıq Şenliyə aid dastan havasını və aşıq Səlahəddin Dündar isə sözləri Aşıq Şenliyə aid “Çıldır divanı”ndan ifalar səsləndirdilər.

 

Qeyd edək ki, Aşıq Şenlik 1853-cü ildə (bəzi mənbələrə görə, 1850-ci ildə) Türkiyənin Ərdəhan vilayətinin Çıldır mahalında doğulub. Atası Qədir ağa XIX yüzilliyin əvvəllərində Borçalıdan Çıldır mahalının Suxara kəndinə köçmüşdü. Gənc yaşlarında dayısı ilə Borçalı mahalına gedən Şenlik burada aşıq sənətini öyrənir. Tezliklə ətraf mahallarda aşıq kimi şöhrət tapır. 1912-ci ildə dünyasını dəyişən aşığın qəbri Çıldır gölü yaxınlığındakı Suxara kəndindədir.

 

Mehparə SULTANOVA

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.8.