Hindistan gəncləri tarixi həqiqətlər haqqında məlumatlandırılıb

 

 

Ölkəmizin Dehlidəki səfirliyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Səfirlikdən bildiriblər ki, tədbirə Hindistanın gənclər təşkilatları və universitetlərin nümayəndələri qatılıb.

Səfir Əşrəf Şıxəliyev 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrində on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi barədə məlumat verib.

Diplomat bu qanlı hadisələrin qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə 1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini deyib. O, Ermənistanın işğalçı və etnik təmizləmə siyasətinin ağır nəticələri barədə danışaraq qeyd edib ki, erməni silahlılarının azərbaycanlı əhaliyə qarşı cinayətləri 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, 2020-ci ildə Gəncə, Tərtər və Bərdə şəhərlərinə ballistik raketlər və kasetli bombalarla hücumlar ilə yenidən təkrarlanıb. Gələcəkdə oxşar faciələrin yaşanmaması üçün bu soyqırımı qurbanlarının yad edilməsinin və unudulmamasının vacibliyi vurğulanıb.

Səfir Əşrəf Şıxəliyev Azərbaycanın 44 günlük müharibədə Qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsindən də danışıb. O, Azərbaycan–Hindistan münasibətlərinin vəziyyəti və perspektivləri, o cümlədən iqtisadi və mədəni sahələrdə əməkdaşlıq imkanlarına dair məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

Mədəniyyət.- 2022.- 1 aprel.- S.6.