Bakıda Frankofoniya
Günləri başlayır
Aprelin 1-də Bakıda növbəti Frankofoniya Günlərinə start verilir. Bu münasibətlə martın 30-da Bakı Fransız Liseyində 6 ölkənin Azərbaycandakı səfirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında bildirilib ki, aprelin 22-dək davam edəcək Frankofoniya Günləri Fransa, Latviya, Litva, Mərakeş, Çex Respublikası və Meksikanın ölkəmizdəki səfirliklərinin təşkilatçılığı ilə reallaşacaq. Layihə çərçivəsində səfirliklər tərəfindən mədəni tədbirlər keçiriləcək.
Frankofoniya Günlərində 2022-ci ildə “Avropanın Mədəniyyət Paytaxtı” olan Kaunas (Litva) şəhərinə həsr olunan fotosərgi, Rövşən Ağayevin “Fransız dili dərsləri” kitabının təqdimatı, “Beynəlxalq müstəvidə istifadə olunan dillərin arasında fransız dilinin müxtəlifliyi” mövzusunda konfrans və Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti arasında natiqlik müsabiqəsi təşkil olunacaq. Frankofoniya Günlərində 10 filmin nümayişi də nəzərdə tutulur.
Qeyd edək ki, hər il Frankofoniya Günləri dünya miqyasında – fransızdilli ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur. Bu il layihə “Gələcəyin frankofoniyası” mövzusuna həsr edilib.
Mədəniyyət.- 2022.- 1 aprel.-
S.8.