Azərbaycan folklor
kollektivlərinin dünəni və bu günü
“Tello” və “Dügah” ansamblları
Üzərində işlədiyimiz “Azərbaycan foklor kollektivlərinin dünəni və bu günü” mövzusu, həqiqətən də, keçmişlə indi arasında bir mənəvi körpü olaraq əhəmiyyət kəsb edir. Çünki vaxtilə fəaliyyət göstərmiş folklor kollektivləri milli musiqi irsinin yaşamasında mühüm rol oynamışlar. Həmin kollektivlərin fəaliyyəti sayəsində qədim el havalarımız, milli musiqi alətlərimiz, adət-ənənələrimiz və bu kimi milli mənəvi dəyərlərimiz təbliğ olunub, qorunub, unudulmayıb.
Etiraf etməliyik ki, müasir dövrdə belə kollektivlərin sayı azalıb. Amma hər bir folklor kollektivi musiqi mədəniyyətimizin bir səhifəsi olduğundan dünənin və bu günün folklor ansambllarının tarixini araşdırmaq və onların əhəmiyyətini təhlil etmək bu tədqiqat işinin əsas qayəsidir.
Bundan əvvəlki araşdırmalarımız Qəbələ və İsmayıllı rayonlarının folklor kollektivlərindən bəhs edib. Bu yazıda isə oxucularımızı Sumqayıt şəhərində yaradılan “Tello” və “Dügah” folklor kollektivləri ilə tanış edəcəyik. Əslində, bəlkə də ötən illərin sənətsevərlərinə bu ansamblların adları tanışdır, amma bu gün onlar fəaliyyət göstərmir. Görəsən niyə?
Əvvəlcə adıçəkilən kollektivlərin tarixinə nəzər salaq, sonra bu sualı da cavablandırarıq...
“Tello” folklor ansamblı
Bu kollektiv 1983-cü ildə Soltan Hacıbəyov adına Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kolleci) direktoru, tarzən Əvəz Rəhmətov və məktəbin xanəndə sinfinin müəllimi Səlim Ağayevin təşəbbüsü ilə yaranmışdı. Xanəndə Səlim Ağayev kollektivin bədii rəhbəri, tarzən Bakıxan Müzəffərov isə konsertmeyster idi. Kollektivin üzvləri məktəbin müəllim və tələbələrindən təşkil edilmişdi.
Məktəbin digər müəllimlərindən Ağamayıl Səfərov (balaban, zurna, tütək, ney), Məlik Hacıyev (kamança), Böyükağa Dadaşov (tar), Həşim Hüseynov (ud), Rəhilə Ələkbərova (qanun) ansamblı təşkil edənlərlə birlikdə fəaliyyət göstəriblər. Onlar öz istedadlı tələbələrini də bu kollektivə cəlb ediblər. O dövrdə tələbə olan Bədəl Qafarov (saz), Nazim Vəliyev (saz), Əbülfəz Binnətov (bas-tar) və digərləri müəllimləri ilə çiyin-çiyinə çıxışlar etməklə milli musiqi nümunələrinə yeni həyat veriblər. Hətta ansamblın tələbə olan bir çox üzvləri məktəbi bitirdikdən sonra da bu tərkibdə qalaraq fəaliyyət göstəriblər.
Kollektivə “Tello”
adının verilməsi qədim “Tello” xalq mahnısı ilə bağlıdır. Ansambl bütün
çıxışlarını məhz “Tello”
xalq mahnısı ilə bitirərmiş.
Kollektivin bədii rəhbəri Səlim Ağayev ansambla bir neçə solist də
dəvət edir. Onlardan
Təhmiraz Şirinov (indi
respublikanın Əməkdar artisti), Mənzurə
Musayeva, Həqiqət Həsənova, Nəzakət
Piriyeva, Əfras Məmmədov, Ədalət
Quliyev, Zöhrə Məmmədova, Kamal Əmrahov kimi xanəndələrin
adını çəkə bilərik. Onların ifasında
səslənən bir çox
mahnılar unudulmaqda olan
el nəğmələridir. “Bilay”, “A teşti-teşti”,
“Aranda qaldım”, “Leylacan” kimi mahnılar bu qəbildəndir. Bu nümunələrin
repertuara daxil olması həm qədim mahnı yaradıcılığını təbliğ etmək, həm də yeni ifaçı nəslinin repertuarını
zənginləşdirmək qədər əhəmiyyətlidir.
Nəzərə alsaq ki, həmin mahnılar radio və televiziyadan səslənərək həm
yaddaşlara köçüb,
həm də yeni ifaçıların repertuarına daxil olub, bu, fikirlərimizin
əyani təsdiqidir.
“Tello” folklor ansamblının repertuarına
unudulmaqda olan mili rəqslərimiz də daxil olub. Bunlardan
“Dərbəndi”, “Şirvani”,
“Ənzəli” və başqalarını qeyd edə bilərik. Adıçəkilən mahnı
və rəqslər ansamblın lent yazılarında
qorunub saxlanılır.
“Tello” ansamblında tar, kamança, saz, tütək, balaban, ney, ud, qanun,
zərb, nağara, qoşanağara, Azərbaycan
və türk zurnası, tulum, bas-tar kimi musiqi alətləri
istifadə olunurdu.
Təbii ki, ansamblın repertuarı qədim folklor nümunələrindən
ibarət olduğu üçün ifaçıların
geyimində də milli geyim ornamentləri
xüsusi yer tuturdu. Kişilər milli üslubda
papaq, çərkəzi
çuxa, atlas köynək
və qurşaq, qadınlar isə milli paltar dəsti
və xüsusən də bəzəkli, milli naxışlardan ibarət kəlağayı
ilə səhnəyə
çıxardı.
Bir sözlə,
“Tello”nun simasında tamaşaçı, dinləyici
əsl milli ruhu duya bilirdi. Odur ki, onun çıxışları
daim uğurla keçib, kollektiv müxtəlif fəxri fərmanlarla da təltif olunub.
Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində,
neçə-neçə təhsil,
mədəniyyət ocaqlarında,
kütləvi tədbirlərdə,
hərbi hissələrdə
konsertlər verən
“Tello” folklor ansamblı respublikamızın
hüdudlarından kənarda
da uğurlu çıxışları ilə
tanınıb. 1984-cü ildə ansamblın çıxışı ümumittifaq
“Melodiya” səsyazma firması tərəfindən
qrammofon valına da yazılmışdı.
Kollektivin ifaları olan lent yazıları “Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC-nin videotekasında
və Radio fondunda da qorunub saxlanılır.
Təbii ki, bizim əldə
etdiyimiz məlumatlar “Tello” folklor kollektivinin fəaliyyətinin
qısa bir məcmusudur. Artıq uzun illərdir
bu kollektiv fəaliyyət göstərmir.
Bizə belə müfəssəl
bilgi verdiyinə görə kollektivdə musiqi rəhbəri olmuş, hazırda Sumqayıt Musiqi Kollecinin şöbə müdiri, Əməkdar müəllim Abdul Haşımova
böyük minnətdarlığımızı
bildiririk. Abdul müəllimin ötən
illəri xatırlaması
ilə daha bir folklor kollektivinin
tarixinə nəzər
salaq.
“Dügah” folklor ansamblı
Bu kollektiv də 1985-ci ildə Soltan Hacıbəyov adına Sumqayıt şəhər
Orta İxtisas Musiqi Məktəbinin direktoru, tarzən Əvəz Rəhmətov
və məktəbin balaban sinfinin müəllimi, nəfəs
alətlərinin mahir
ifaçısı Ələkbər
Əsgərovun təşəbbüsü
ilə yaranmışdı.
Kollektivin bədii rəhbəri
Ələkbər Əsgərov,
konsertmeysteri isə tarzən Abdul Haşımov
olub.
Bu ansamblın repertuarında
əsasən qədim
xalq rəqsləri, rəng, dəraməd və xalq mahnıları,
eləcə də bəzi bəstəkar mahnılarının ansambl
üçün işləmələri
yer alırdı. Ansamblın əsas
üzvləri məktəbin
müəllimlərindən ibarət idi. Onlardan Abbasqulu Nəcəfzadə (kamança
ifaçısı, hazırda
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, professor), İlqar
Şıxəliyev (tar), Akif
Fərzullayev (saz), Böyükağa Dadaşov
(saz), Səlim Quliyev (nağara, zərb), Rauf Zehniyev (ud), Ağamayıl Səfərov
(balaban), Səadət
Zeynalova (qanun), Rəhilə Ələkbərova
(qanun) kimi ifaçıların adlarını
qeyd edə bilərik.
“Dügah” folklor ansamblında balaban, ney, tütək,
Azərbaycan və türk zurnası, saz, tar, kamança, ud, nağara, zərb, qanun kimi musiqi alətlərindən
istifadə olunurdu. Bu musiqi alətlərini
məharətlə dilləndirən
ifaçılar muğam
və xalq musiqisinə dərindən
bələd olduqları
üçün onların
repertuarı da zəngin və maraqlı olub. Məsələn, “Dügah”
ansamblının ifasında
“Qədim rəqs”, “Şüştər” rəngi,
el havaları, “Mənim
toyuğum”, “Sarı gəlin” kimi qədim xalq mahnıları, bəstəkar
əsərlərindən Süleyman
Ələsgərov “Xəyala
dalarkən”, Ramiz Mirişlinin “Bayram axşamlarında” və bu kimi nümunələri
qeyd edə bilərik. Folklor ansamblının repertuarında bəstəkar
əsərlərinin də
olması milli alətlərimizin professional musiqi
üçün təbii
səslənməsi və
bəstəkarların folklor
ansamblları ilə yaradıcılıq ünsiyyətindən
irəli gəlirdi.
“Dügah” folklor
ansamblında geyim olaraq kişilər üçün yanyaxa köynək, çuxa, qurşaq, qanun ifaçısı qadınlar
üçün isə
milli ornamentli paltar dəsti və milli naxışlardan
ibarət kəlağayı
və ya örpək istifadə edilirdi.
Kollektivə “Dügah” adının verilməsi Ələkbər Əsgərovun öz bəstəsi olan məşhur “Dügah” rəngi ilə bağlı idi və çıxışlar da məhz bu musiqi ilə açılırdı. Dövri mətbuatda da kollektivin çıxışlarını əks etdirən məqalələr dərc olunub. Musiqişünas Fuad Əziminin “Sumqayıt musiqiçiləri” kitabında (“Sumqayıt” nəşriyyatı. 1999, səh. 11) ansamblın bədii rəhbəri Ələkbər Əsgərov haqqında oxuyuruq: “Ə.Əsgərov uzun illərdir ki, S.Hacıbəyov adına Orta İxtisas Musiqi Məktəbində müəllimlik edir. Məktəbin müəllimlərindən ibarət “Dügah” folklor ansamblının fəaliyyətində Ələkbər müəllimin xidmətləri böyükdür. Bu bədii kollektiv respublikamızda nadir musiqi ansambllarından sayılır. Ansambl xalq musiqimizi yalnız instrumental şəkildə təbliğ edir...”.
“Dügah” folklor kollektivinin lent yazıları da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin videotekasında və Radio fondunda qorunub saxlanılır.
***
Tarixinə nəzər saldığımız “Tello” və “Dügah” folklor kollektivləri qədim musiqi nümunələrinin mahir təbliğatçısı missiyasını layiqincə yerinə yetiriblər. Özfəaliyyət kollektivlərdən fərqli olaraq, bu folklor ansambllarının hər biri peşəkar təhsilli musiqiçilərdən ibarət olub. Amma, təəssüf ki, indi bu kollektivlər fəaliyyət göstərmir. Elə bizim folklor kollektivlərinin tarixini araşdırmaqda da əsas məqsədimiz onların fəaliyyətinin vacib tərəflərini aşkar və bərpa etməkdir. Bu və ya digər folklor kollektivlərinin tarixinin bir mənbədə toplanması milli irsimizin təbliği və tədqiqi istiqamətində də dəyərli bir mənbə olar.
O ki qaldı folklor ansambllarına bu günün baxışına, bu barədə AMK-nın nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva ilə olan söhbətimizdən bəlli oldu ki, həmin ansamblların bərpası nəzərdə tutulub. Artıq “Dügah” ansamblının repertuarı üzərində iş aparılır. Hətta Səbinə xanım bu ansamblla son dövrlərdə bərpa edilən qədim musiqi alətlərinin, məsələn, rübab, çəng və başqalarının da daxil olmasını təklif edib. Çox gözəl ideyadır. Arzu edirik ki, uğurla başa gəlsin.
Səadət Təhmirazqızı
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2022.- 1 aprel.-
S.7.