Mədəniyyət naziri
Anar Kərimov Bursada
görüşlər keçirib
Mədəniyyət naziri Anar Kərimov martın 30-da Bursa Böyükşəhər Bələdiyyə başçısı Alinur Aktaş ilə görüşüb. “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursada olmaqdan məmnunluğunu bildirən nazir yüksək səviyyədə təşkil olunmuş tədbir və mərasimlərdə iştirak etməyin əhəmiyyətini xüsusi vurğulayıb. Qardaş ölkənin əsrarəngiz təbiətə, zəngin mədəni infrastruktura malik şəhərinin gözəlliyini dilə gətirən Anar Kərimov “Bursa-2022: Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilində görüləcək işlər və qardaş ölkənin bu sahədə olan təcrübəsindən faydalanmağın əhəmiyyətindən danışıb.
Alinur Aktaş Bursanın Azərbaycan şəhərlərindən biri ilə gələcəkdə qardaşlaşmasını ürəkdən arzuladığını və bu sahədə işlərin aparılması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
***
Bursaya səfər çərçivəsində mədəniyyət naziri Anar Kərimovun Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla da görüşü keçirilib.
Dəvət üçün qardaş ölkənin nazirinə təşəkkürünü bildirən Anar Kərimov mədəniyyətin müxtəlif sahələrində birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Mehmet Nuri Ersoy öz növbəsində iki dost, qardaş ölkənin doğma münasibətlərindən, eləcə də çoxşaxəli əməkdaşlığın əhəmiyyətindən məmnunluğunu bildirib.
Görüşdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Türkiyənin Yunus Əmrə İnstitutu arasında birgə proqramın həyata keçirilməsi üzrə protokol imzalanıb.
Mədəniyyət.- 2022.- 1 aprel.-
S.1.