“Şuşada
görüşmək arzusu ilə
ayrılırıq...”
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının fövqəladə iclasından sonra brifinq keçirilib. Brifinqdən əvvəl iclasın yekun sənədi imzalanıb.
Yekun sənəddə TÜRKSOY-un yeni Baş katibinin seçilməsi, Şimali Kipr Türk Cümhuriyyətinin TÜRKSOY-un üzvlüyünə namizədliyi və Şuşanın 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi və s. məsələlər əksini tapıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tədbirin uğurla başa çatdığını qeyd edib. Pandemiya bitdikdən sonra fəaliyyət dairəsinin daha da genişlənəcəyini söyləyən nazir deyib: “Şuşada görüşmək arzusu ilə sizdən ayrılırıq...”.
Brifinqdən sonra üzv dövlətlərin mədəniyyət nazirləri TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinova hörmət və ehtiram əlaməti olaraq hədiyyələr və mükafatlar təqdim ediblər.
Biz Şuşanı, bu torpaqda böyüyüb başa çatan musiqiçiləri, mütəfəkkirləri dünyaya tanıtmalıyıq. Bütün türk dövlətləri Qarabağda aparılan bərpa və quruculuq prosesində iştirak etməkdə maraqlıdır.
Bu fikirləri artıq TÜRKSOY-un Baş katibi kimi vəzifəsini başa vuran Düsen Kaseinov söyləyib.
Azərbaycanın Zəfərindən qürurla danışan Düsen Kaseinov Şuşada həyatın yenidən canlanmasından məmnunluğunu ifadə edərək deyib: “Azərbaycanın uğuru bütün Türk dünyasının uğurudur. Biz daha da həmrəy olmalıyıq. Nəinki mədəniyyət sahəsində, iqtisadiyyat, elm, təhsil və digər istiqamətlərdə də bir-birimizdən dəstəyimizi əsirgəməməliyik”
D.Kaseinov 2023-cü il üçün Şuşanın “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunmasından məmnunluğunu ifadə edib.
TÜRKSOY-un yeni Baş katibi Sultanbay Raev jurnalistlərə ilk
açıqlamasında gələcək planlarından
danışaraq əminliklə bildirib ki, 2023-cü ildə “Türk
Dünyasının Mədəniyyət Paytaxtı” seçilən
Şuşa şəhərinin bütün dünyada geniş tanıtdırılması və
sevdirilməsi üçün strateji mədəniyyət layihələri
həyata keçiriləcək.
Mədəniyyət.- 2022.- 1 aprel.- S.2.