1918-ci il
soyqırımına ümumbəşəri cinayətlər
kontekstindən yeni baxış
Qubada keçirilən elmi-praktik konfransda bu barədə söhbət
açılıb
İstər XX, istərsə də XXI yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törətmiş, soyqırımı aktları həyata keçirmiş, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atmışlar. 1918-ci ilin mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır.
Bu fikirlər martın 30-da Qubada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən “Soyqırımı: ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktik konfransda səslənib.
31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfransın iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qonaqlara məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Tədqiqatlar nəticəsində toplu məzarlığın 1918-ci ildə erməni silahlı dəstələrinin yerli əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Burada quraşdırılmış sensorlu ekrandakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
“Quba Palace Hotel”də işə başlayan elmi-praktik konfransda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək 1918-ci ilin mart soyqırımı, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınlardan danışıb. Qeyd edib ki, bu qırğınların ən irimiqyaslısı 1918-ci ildə həyata keçirilib. Sıralarında çoxlu sayda erməni millətçilərinin cəmləşdiyi Bakı Kommunası “əks-inqilabçılara qarşı mübarizə” şüarı altında 1918-ci ilin martında Bakıda, eləcə də Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəran və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törədiblər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olub.
Xalqımızın qan yaddaşının yaşadılması və tarixi həqiqətlərin dünyaya çatdırılmasından bəhs edən Tahir Budaqov xatırladıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci ilin mart soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verilib. Diqqətə çatdırılıb ki, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən 2018-ci ildə genişmiqyaslı tədbirlər keçirilib. YAP sədrinin müavini Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin bu tarixin yaşadılması baxımından xüsusi əhəmiyyətini vurğulayıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev “Soyqırımı Memorial Kompleksi: azərbaycanlılara qarşı törədilmiş soyqırımların qan yaddaşı kimi” adlı məruzə ilə çıxış edib. Bildirib ki, kompleksdə yalnız Quba qəzasında deyil, 1918-ci ildə ölkəmizin digər yerlərində törədilmiş soyqırımına dair məlumatların əks olunduğu sənədlər də saxlanılır.
Baş prokurorun 1-ci müavini Elçin Məmmədov “Azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətləri: istintaq və nəticələri” mövzusunda məruzəsində qeyd edib ki, soyqırımı ilə bağlı ötən illər ərzində aparılan araşdırmalar nəticəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının isə qat-qat çox olduğunu sübut edir.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov “Erməni millətçiliyi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti” adlı məruzə ilə çıxış edib. Məruzəçi Birinci Qarabağ müharibəsi dövründə erməni millətçiləri tərəfindən törədilən insanlıq əleyhinə cinayətlərdən də söz açıb. Bu sırada Xocalı, Başlıbel, Ballıqaya, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəyli faciələri xüsusi qeyd olunub. Bildirib ki, Birinci Qarabağ müharibəsində itkin sayılan 4 minədək soydaşımız barədə hələ də məlumat yoxdur. 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunmasından sonra Kəlbəcərin Başlıbel, Şuşanın Daşaltı, Xocavəndin Edilli kəndləri ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu məzarlıqlar, meyit qalıqları Birinci Qarabağ müharibəsi zamanı erməni hərbçiləri tərəfindən əsir və girov götürülərək, ağır işgəncələr verilərək qətlə yetirilən Azərbaycan vətəndaşlarına aiddir.
Nazir müavini vurğulayıb ki, bu günlərdə Xocalının Fərrux yüksəkliyində də insan sümükləri aşkarlanıb və həmin qalıqların da tədqiqatı həyata keçiriləcək.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli konfransda “Erməni vəhşiliyi tarixin yaddaşında: dağıdılmış və yandırılmış tarixi abidələr” mövzusunda çıxış edib. Dövlət Xidmətinin rəisi bildirib ki, erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. İşğaldan azad olunmuş ərazilərdəki məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılıb, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli-mənəvi dəyərləri təhqir edilib: “Bu baxımdan Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır”.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin sözlərinə görə, Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla, Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatın kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.
Konfransda Türkiyənin Azərbaycandakı səfirinin müavini Tuğba Sarıyönlü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov da çıxış ediblər.
Tədbirin sonunda elmi-praktik konfransın iştirakçıları adından bəyanat qəbul olunub.
***
Azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təşkil olunan tədbirdə rəsmilər, Milli Məclisin deputatları, diplomatik korpusun və dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Quba Soyqırımı Memorial Kompleksində foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirin açılışında Quba Uşaq musiqi məktəbi şagirdlərindən ibarət xorun ifası dinlənilib.
Dövlət Xidmətinin rəisi Azad Cəfərli ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlərdən danışıb.
Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov çıxış ediblər.
Tədbirin sonunda azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.
Mədəniyyət.- 2022.- 1 aprel.- S.1;3