Azərbaycan bəstəkarlıq məktəbində Fikrət Əmirov fenomeni

 

Dünya şöhrətli Azərbaycan bəstəkarı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyi bu il silsilə tədbirlərlə qeyd ediləcək. “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına həyata keçirdiyi layihə də Fikrət Əmirovun 100 illiyinə həsr olunub.

Martın 30-da layihə çərçivəsində növbəti tədbir – ictimai birlik və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə “Azərbaycan bəstəkarlıq məktəbində Fikrət Əmirov fenomenimövzusunda elmi konfrans keçirildi.

Konfransı AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi açaraq bəstəkar Fikrət Əmirov haqda öz ürək sözlərini, xatirələrini söylədi. Rektor konfransın mövzusuna diqqət çəkərək təqdim olunacaq məruzələrin dahi bəstəkarın zəngin yaradıcılığının dolğun təhlilinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Konfransda Əməkdar  incəsənət xadimi, professor, AMK-nın elmi işlər üzrə prorektoru Lalə Hüseynova “Azərbaycan bəstəkarlıq  məktəbində Fikrət Əmirov fenomenimövzusunda çıxış etdi. Onun Fikrət Əmirovun musiqi irsinə nəzər salan məruzəsində  arxiv materiallarına əsaslanan bir çox maraqlı məlumatlar diqqətə çatdırıldı.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova “Fikrət Əmirov  xalq musiqisi”, sənətşünaslıq üzrə  fəlsəfə doktoru Cəmilə Mirzəyeva “Fikrət Əmirov yaradıcılığında romantizm cərəyanının xüsusiyyətləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva “Fikrət Əmirov və klassik Azərbaycan poeziyası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin təsisçisi, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Fikrət Əmirov yaradıcılığının təbliği məsələləri”  mövzularında çıxışlar etdilər.

Konfransda Fikrət Əmirovun əsərlərindən nümunələr də səsləndirildi. Bəstəkarın “Sevil” operasından Sevilin ariyası, “Azərbaycan elləri”, “Gülüm  mahnıları Əməkdar artistlər Zemfira İsmayılova və Anar Şuşalının, “Kor ərəbin mahnısı” AMK-nın IV kurs tələbəsi Mirəli Sarızadənin ifasında alqışlarla qarşılandı. İfaları fortepianoda Əməkdar müəllim Naibə Şahməmmədova müşayiət edirdi.

 

Fidan Nəsirova

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.7.