Bir Salam Qədirzadə vardı...

 

Onun yaradıcılığını daha çox gənc oxucular sevirdi. Çünki əsərləri xüsusilə gənclik çağının duyğularına, sərhəd tanımayan arzularına qol-qanad verir, onların taleyinə işıq salırdı. Tanınmış yazıçı, dramaturq, jurnalist Salam Qədirzadənin əsərləri həm də axıcı dili ilə nəğmə olub oxucuların qəlbinə dolurdu. Müəllif “Qış gecəsi”, “46 bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar”, “Sən olmasaydın” kimi əsərləri ilə ədəbiyyat gülüstanımıza gözəllik bəxş edib.

Salam Dadaş oğlu Qədirzadə 10 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. Erkən çağlardan ədəbiyyata-poeziyaya maraq göstərib. O, yazıçı olmaq arzusu ilə tez-tez ədəbi dərnəklərə qatılıb, ədəbi yaradıcılığın ab-havasını hiss etməyə çalışıb.

Salam Qədirzadə 1941-ci ildə orta məktəbi bitirir. Ancaq həmin ərəfədə artıq II Dünya müharibəsi başlanmışdı. O da könüllü olaraq cəbhəyə yola düşür. Çətin və rəşadətli döyüş yolu keçir. 1941-1945-ci illərdə Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya uğrunda döyüşlərə qatılır, ordenmedallara layiq görülür. 1946-cı ildə ordu sıralarından tərxis olunub Vətənə dönür.

Sumqayıt şəhər 18 saylı fəhlə-gənclər təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilən Salam Qədirzadə 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə daxil olur. Eyni zamanda Mərkəzi Radionun yerli verilişlər üzrə məsul redaktoru vəzifəsində çalışır. Öz üzərində çox çalışır, mütaliəsini genişləndirir, bədii yaradıcılığa da vaxt ayırır. “Oqtay” adlı hekayəsi 1948-ci ildə “Pioner” jurnalında dərc olunur. O, bundan sonra mətbuatda müntəzəm çıxış edir.

Yazıçının hadisələrə yanaşması, əsərlərinin sadə və axıcı dili, aktual mövzulara üz tutması ədəbi ictimaiyyətin, oxucuların diqqətini özünə cəlb edir. Bu mənada müəllifin “Qış gecəsi” romanı xüsusilə əks-səda doğurur. Haqqında tənqidçilər də xoş söz söyləyiblər. Əsərdə daha çox gənclərin sosial həyatları ilə bağlı məsələlərə toxunulur.

 

Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almaq üçün Moskvaya göndərilən Salam Qədirzadənin “Gənclik” povesti ittifaqın paytaxtında məşhur “Detgiz” nəşriyyatında çap olunur. O, təhsilini başa vurduqdan sonra 1952-ci ildə Bakıya qayıdır. Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalında məsul katib vəzifəsinə işə götürülür. Səkkiz il burada çalışdıqdan sonraKirpi” jurnalına məsul katib təyin olunur. Bir müddət sonra Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi vəzifəsinə dəyişdirilir. 1976-cı ildə ona daha böyük etimad göstərilir, “Kirpi” dərgisinin baş redaktoru təyin edilir. Azərbaycan yazıçılarının VII qurultayında (1981) Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir.

Salam Qədirzadə yazıçı və jurnalist kimi sovet nümayəndə heyətinin tərkibində İtaliya, Fransa, Yunanıstan, Rumıniya, Finlandiya, Belçika və Türkiyədə səfərlərdə olub. Vətənə döndükdən sonra qələmə aldığı təəssüratlar müxtəlif mətbuat orqanlarında dərc edilib. Yazıçının xaricdəki müşahidələri əsasında ərsəyə gətirdiyi nümunələr oxucular tərəfindən maraqla qarşılanıb. Eyni zamanda keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.

Böyük tirajla çap olunan “Qış gecəsi”, “46 bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Nar çiçəyi nağılı”, “Sevdasız aylar”, “Sən olmasaydın” kimi roman, povest və hekayələri müəllifə geniş şöhrət gətirib. Gənclərin mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edən bu əsərləri oxuduqca adama elə gəlir ki, personajlar və onların başına gələn, içində olduqları olaylar yazıçı təxəyyülünün məhsulu yox, gerçək həyat hadisələridir. Çünki əsərlərdə həyatilik və təbiilik çox inandırıcıdır.

Yazıçının “Mənim ceyranlarım”, “Həyat lövhələri”, “Bir qız bir oğlanındır”, “Təbəssümün mükafatımdır” əsərləri isə Azərbaycan hekayəçiliyinə yeni bir ruh və təravət gətirib, oxucular arasında populyarlıq qazanıb. Müəllif qələminin püxtələşdiyi vaxtlarda xəyalən qanlı-qadalı müharibə illərinə dönür. “Burada insan yaşamışdır” (1963) povestini qələmə alır. Əsərdə müharibənin insanlara yaratdığı çətinliklər, doğurduğu aclıq, səfalət, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi ürəkağrısı ilə təsvir edilir...

 

Tanınmış yazıçı həm də dramaturgiya sahəsində qələmini sınayıb, “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq?!”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Gözəllik ondur” və s. pyeslər qələmə alıb. Müəllifin komediyaları paytaxtımızla yanaşı, Gəncə, Naxçıvan, Dağıstan və  Şəki teatrlarında səhnələşdirilib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Salam Qədirzadənin pyesləri respublikamızın hüdudlarından kənarda – Ukrayna, Moldova və digər ölkələrdə də səhnəyə qoyulub.

Bir-birindən maraqlı əsərlər yazan müəllifin “Hər gün ömürdən gedir” kitabını çap etdirməyə ömür vəfa eləmir. Yazıçı 15 noyabr 1987-ci ildə, 64 yaşında dünyasını dəyişir. Sonuncu əsəri olan “Hər gün ömürdən gedir” kitabı ədibin ölümündən sonra nəşr olunur. Yazıçının bir çox əsərləri kimi, bu kitab da ailə-məişət mövzusundadır. Ancaq əvvəlkilərdən fərqli olaraq burada insan taleyinə fəlsəfi baxış da öz əksini tapıb...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.6.