Vyanada “Salam. Orient”
Festival çərçivəsində
muğam konserti təqdim olunub
Aprelin 2-də Vyanadakı
Azərbaycan Mədəniyyət
Mərkəzində (AMM) “Salam. Orient” festivalı
çərçivəsində Azərbaycan muğamlarından
ibarət instrumental konsert
proqramı təqdim edilib. Konsertdə Əməkdar artist, tarzən Sahib Paşazadə,
Əməkdar artist, nağara
ifaçısı Kamran
Kərimov və gənc balaban ifaçısı Azad Əliməmmədov
çıxış ediblər.
Konsertdən öncə AMM-in rəhbəri
Leyla Qasımova çıxış edərək
Avstriyada Azərbaycan mədəniyyətinin təbliği
məqsədilə müxtəlif
qurumlarla səmərəli
işbirliyini diqqətə
çatdırıb. O, “Salam. Orient” və “Kulteurasia” təşkilatı ilə
bir neçə ildir sürən əməkdaşlığı xüsusi vurğulayıb və Azərbaycan muğamının belə
bir platforma çərçivəsində təqdimatından məmnunluğunu
ifadə edib.
“Salam.
Orient” festivalının rəhbəri
Katrin Pröll və “Kulteurasia” təşkilatının rəhbəri
Daniela Libervirt uğurlu
əməkdaşlığa görə AMM-yə təşəkkür ediblər.
D.Libervirt tədbir iştirakçılarına
Azərbaycan haqqında
ümumi məlumat verib, Azərbaycan muğamları, muğam sənəti və milli çalğı alətlərindən bəhs
edib. Bildirilib ki, nüfuzlu
“Şərq təranələri”
festivalında (Özbəkistan)
Qran-pri mükafatına
layiq görülən
S.Paşazadə və
K.Kərimov birgə proqramla mütəmadi olaraq xarici ölkələrə
qastrol səfərlərinə
çıxır, festivallara
qatılırlar. Avstriyalı muğamsevərlərə
də onların ifası yaxşı tanışdır və qrup öz proqramına
daha bir Azərbaycan milli musiqi aləti olan balabanı əlavə edib.
Konsert “Bayatı-Şiraz”
muğamı üzərində
kompozisiya ilə başlayıb. Kompozisiyaya daxil edilmiş
xalq mahnıları, eləcə də tar, nağara və balabanın ifasında fərqli solo ifalar tamaşaçılar tərəfindən
maraqla dinlənilib.
Konsertdə “Mahur-hindi” muğam
dəsgahı, “Sarı
gəlin” xalq mahnısı və “Şur” muğamı üzərində kompozisiya
sürəkli alqışlarla
qarşılanıb. Konsertin zirvə
nöqtəsini isə
“Qarabağ” mahnısı
təşkil edib.
Tamaşaçıların xahişi ilə musiqiçilər proqramda
nəzərdə tutulmayan
əlavə musiqi nömrələri ifa ediblər.
Qeyd edək ki,
instrumental qrup aprelin 4-də Avstriyanın Lints
şəhərində daha bir konsert proqramı ilə
çıxış edib.
Mədəniyyət.- 2022.- 6 aprel.-
S.8.