“Sərt
üslub”un ilk qaranquşu
Tofiq Cavadov rəngkarlığının
estetikası haqqında
Əgər iyirminci yüzilliyin
birinci yarısını
şərti olaraq Azərbaycan rəssamlarının
“sosialist realizmi” bədii prinsipinə uyğunlaşma mərhələsi
hesab etmək mümkündürsə, İkinci
Dünya müharibəsindən
sonrakı ilk on ili bədii məkanda yeni axtarışlar dövrü kimi dəyərləndirmək olar.
Gənc rəssamların SSRİ-nin
mərkəzi şəhərlərində
təhsil alıb Bakıya qayıtmaları
ilə yanaşı, doğma şəhəri tərk etmədən də sovet məkanında
baş verən bədii proseslərdən
xəbərdar olmaları
o qədər də geniş olmayan rəssamlıq məkanında
duyulası rəqabət
yaratmışdı. Məşhur
təhsil ocaqlarında
oxuyub vətənə
qayıdan istedadlı
rəssamların sırasında
Səttar Bəhlulzadə,
Mikayıl Abdullayev, Tahir Salahov, Nadir Əbdürrəhmanov, Toğrul
Nərimanbəyov, Vəcihə
Səmədova və başqaları vardı.
Sankt-Peterburqdakı ali
təhsil ocaqlarında
sənətin sirlərinə
yiyələnmək əvəzinə,
bu şəhərdəki
Dövlət Ermitajında
P.Sezann yaradıcılığını
və Etnoqrafiya Muzeyində türk xalqlarının qədim mədəniyyətini dərindən
öyrənən Mircavad
Mircavadov isə Bakıya qayıdıb Abşeronun Buzovna kəndində kirayələdiyi
bağ evində eksperimentlər aparmaqda, müxtəlif yaşlı
əqidə dostları
ilə milli mənəvi dəyərlərimizə
söykənən yeni
və fərqli sənət estetikasının
sirlərini bölüşməkdə
idi.
Amma onun məkana və zamana uyğun gəlməyən
“yenilikləri”nin sorağı çox tezliklə bütün Bakıya, xüsusilə də ideoloji dairələrə yayılır.
Həmin bağ evinin sahibi – ali məktəblərin
birində Sovet İttifaqı Kommunist Partiyasının tarixi fənnini tədris edən professor da gənc rəssamın bədii axtarışlarını
bir çoxları kimi “antisovet addım” sayaraq ondan bağı boşaltmağı xahiş
edir. Beləliklə, rəssamın gərgin
yaşantılarının üzərinə daha bir sıxıntı əlavə olunur. 37
yaşında Qobustana
getməsi və oradakı qaya rəsmləri ilə tanışlığı, az sonra milli miniatürlərimizi dərk etməsi, mifologiya və xalq sənəti ənənələrini öyrənməsi
onu bir rəssam
kimi yetkinləşdirir.
Onun simasında dünyaya orijinal baxışın mümkünlüyü
başqalarına da yaradıcı impuls verir və 60-cı illər rəngkarlığımızda
rəssamın qardaşı
Tofiq Cavadovun, eləcə də Əşrəf Muradoğlunun,
Qorxmaz Əfəndiyevin,
Müslüm Abbasovun və sonralar yaradıcı mövqeyini
dəyişən Rasim
Babayevin sosialist ideologiyasına xidmət etməyən əsərləri
yaranır. Nə etdiklərini bilən bu nonkonformist rəssamlar əslində
o vaxtlar çəkdiklərinə
görə təqdir olunacaqlarına heç ümid də bəsləmirdilər, amma
özlərini bildikləri
kimi ifadə etməkdəydilər...
Bu yazıda Mircavad
Mircavadovun altmışıncı
illərdə faciəvi
şəkildə həlak
olan kiçik qardaşı Tofiqin qısa, ancaq çox mənalı yaradıcılıq yoluna
nəzər salacağıq.
Tofiq Cavadov (təhsil illərində Mircavadov familiyasını daşımışdır)
ali təhsil
almamış, təkcə
“Əzimzadə məktəbi”ndə
oxumaqla kifayətlənmişdi.
Zamanında bu məktəbin az
qala beynəlxalq nüfuz qazanmasını nəzərə alsaq, bəlkə də onun Rusiya təhsil
ocaqlarına üz tutmasına, doğrudan da, ehtiyacı olmamışdı. Amma elə
ilk əsərləri onun
gerçəkliyə çox
fərqli baxışa
malik olduğunu təsdiqləmişdi.
Bununla belə, əllinci illərdə böyük
qardaşı Mircavadın
milli sənət məkanına gətirdiyi
duyulası “gərginliyin”
yeni çalarlarla zənginləşməsində Tofiqin az
rolu olmamışdı.
Bütün “izm”lərin
başlanğıcı hesab
olunan realizmi miniatür və milli maddi-mədəniyyət
qaynaqları estetikası
ilə yeniləşdirən
gənc rəssamın
az sonra T.Salahovun əsərlərində
“sərt üslub” kimi tanınmasında da təkanverici rolu olmuşdu, desək, həqiqəti söyləmiş olarıq.
Odur ki, bu yerdə deməliyik
ki, sənət tarixində “sərt üslub”un yaranışı
bilavasitə T.Salahovun
adı ilə bağlansa da, əslində, bu yeni bədii baxışın estetikasında
Tofiq Cavadovun əsərləri ilə səsləşən məqamların
kifayət qədər
qabarıq olduğunu etiraf etməliyik. Başqa sözlə desək, onu sonralar T.Salahova böyük şöhrət
gətirəcək “sərt
üslub”un ilk qaranquşu hesab etmək olar.
Doğrudan da, Tofiqin istər
sənaye, istərsə
də Abşeron mənzərələrində, eləcə də portret nümunələrində
müşahidə olunan
özünəməxsusluqda ənənə ilə müasirliyin cəlbedici və duyğulandırıcı
vəhdətini görmək
mümkündür. Ömrünün 38-ci ilində gözlənilməz
bir halda fələyin ona qıymasına “alın yazısı” demək olardımı? Amma gözləri bir qədər zəif görən Tofiqin Moskva ətrafındakı
stansiyalardan birindən
tərpənməkdə olan
elektrik qatarının
vaqonlarının arasını
qapı bilib özünü təkərlərin
– ölümün qucağına
atması onun gələcəyinə ümidli
olan insanların arzularını gözündə
qoydu...
Bununla belə, əminliklə demək olar ki, Tofiq Cavadov
“Abşeronçu”ların arasında
ilk rəssam idi ki, çox qısa zaman kəsiyində dünyaya
realist-gerçəkçi baxışın özünəməxsus
estetikasını tapmış
və sənətkar
“mən”ini təsdiqləmişdi.
Böyük qardaşının
daha çox mücərrəd kompozisiyalar
yaratdığı bir
vaxtda Tofiq çoxlarına tükənmiş
kimi görünən
realizmi “təftiş”
etməkdə, onun görünməyən qatlarında
yeni bədii-estetik dəyərlər axtarmaqda
idi.
Əlavə edək ki, o vaxtlar çox gənc olan rəssamın bunu qədim miniatür üslubundan faydalanmaqla gerçəkləşdirməsi çox diqqətçəkən
idi. Miniatürdən gəlmə şərtiliyə
və rəng şuxluğuna bir qədər də bədii lakoniklik bəxş edən gəncin, öz-özlüyündə
Azərbaycan təsviri
sənətinə yeni
ifadə tərzi gətirməsi danılmaz
idi. Bunu onun əllinci illərdə yaratdığı
“Tofiqin portreti” (1955),
“Operatorun portreti”
(1958), “Avtoportret” (1958), “Növbədən
gələnlər” (1959), “Külək”
(1959), “Natürmort” (1959), “Buzovna”
(1960) və s. əsərləri
də təsdiqləyir...
Rəssamın bundan sonra cəmisi üç il davam
edən altmışıncı
illər yaradıcılığını
da şərh etməli olsaq, onda həmin dövrün kifayət qədər məhsuldar və fərqli estetika ilə seçildiyini deməliyik.
Əgər bu əsərlərin
timsalında Tofiq Cavadov dəst-xəttini dəyərləndirməli olsaq,
ilk növbədə onun
çoxlarına “qorxulu”
görünən qara
rəngə münasibətini
qeyd etməliyik.
Rəssamın palitrasında qabarıq görünməyə başlayan
qara rəngin müxtəlif formatlı və janr daşıyıcısı
olan kətanlarda daha çox dramatikliyin ifadəçisinə
çevrildiyi açıq
görünməkdədir. Bu, əslində,
Azərbaycan təsviri
sənətində çoxlarının
“çəkindiyi” – ehtiyatla
istifadə etdiyi rəngə Əşrəf
Murad tapınmasının,
yüzilliyin son qərinəsində
isə Qəyyur Yunus qayıdışının
özünəməxsus estetika
ilə təqdimatı
idi. Bu cür
bədii şərhdə
məlum mütərəqqi
“izm”lərə yaradıcı
münasibətlə yanaşı,
həm də miniatür və xalça təfəkkürünün
bədii-fəlsəfi improvizələrlə
təqdimatı idi.
Odur ki, Tofiq Cavadov qarası
həm də müəllif niyyətinin
ona arzuladığı
tutumda əyaniləşdirilməsinə
yardımçı ola biləcək “işıq” idi. Başqa sözlə desək, həm də müxtəlif “izm”lərdən şirələnən
bu “qara rəng”in işığı
rəssam üçün
nüfuzedici, seyrçi
diqqətini ovsunlaya biləcək bədii vasitə idi. Rəssamın “Şamamalarla
natürmort” (1960-1961), “Sənaye
mənzərəsi” (1960), “Həvəngdəstə ilə
natürmort” (1960-1963), “Lökbatan”
(1961), “Çənlər” (1961), “Şəhər mənzərəsi”
(1962), “Yatan uşaq”
(1962-1963), “Külək” (1963) və s. əsərlərində
vurğuladığımız məziyyətləri görmək
mümkündür...
Həmin dövrü bir qədər də incələməli olsaq, onda zamanında islahatçı qardaşı Mircavad Mircavadovun nonkonformist mövqeyi – “sosialist realizmi” məkanına yeni nəfəs gətirmək istəyi gerçəkləşəndə, bununla paralel olaraq Azərbaycan bədii məkanı Tofiq Cavadov təxəyyülünün məhsulu olan özünəməxsus əsərlərlə zənginləşdiyini deməliyik. Bu dövrdə qardaşlarla yanaşı, onların xalası oğlu Rasim Babayev, Kamal Əhməd, Fərhad Xəlilov, Nazim Rəhmanov, Əlövsət Əliyev, Rafael Muradov, Mirnadir Zeynalov və başqaları əqidə birliyi nümayiş etdirməklə, əslində amansızlığını dəfələrlə sübut etmiş rejimə “ağ əlcək” atdıqlarını sərgiləmiş oldular. Qənaətimizcə, mahiyyətinə görə fransız “Barbizonçular”ından heç də geri qalmayan “Abşeronçu”ların fəaliyyəti hamı üçün maraqlı görünə biləcək ekran əsərinin mövzusu ola bilərdi...
Sonda deyək ki, sovet dönəmində, özü də SSRİ-nin rəhbəri N.S.Xruşşovun 1962-ci ildə Moskva Rəssamlar İttifaqının 30 illiyinə həsr olunmuş “Yeni reallıq” qrupunun avanqard ruhlu sərgisinə sərt münasibətindən sonra əyalət kimi qəbul olunan Azərbaycanda müasir ruhlu, ən başlıcası isə “sosialist realizmi” bədii prinsipinə “Yox!” deyən yaradıcıların fəaliyyət göstərməsi və ümumi axının əksinə getməsi qeyri-adi cəsarət nümunəsi kimi qəbul olunmalıdır. Düzdür, o vaxtlar – Stalin repressiyası dövrünün artıq arxada qaldığı bir dövrdə əks fikirliləri yeni həbs dalğası gözləmirdi. Amma “dovşanı araba ilə tuta bilən” sovet rejimi ipə-sapa yatmayan “üsyankar sənətkarlar”a təsir etməyin başqa yollarını tapmışdı. Onlar çox vaxt bunun yeganə yolunu “nonkonformistlər”in çəkdiklərini sərgi salonlarına buraxmamaqda, Bədii Fonddan ala biləcəkləri sifarişlərdən – maddi dəstəkdən məhrum etməkdə görürdülər. Amma bu əqidə adamları, bütün qadağa və təpkilərə baxmayaraq, öz yollarından dönmədilər və son nəticədə bu gün, elə bundan sonralar da Azərbaycan rəssamlığına başucalığı gətirəcək bir bədii-ideoloji hadisənin yaradıcıları oldular. Bu gün – duyulası zaman distansiyasından əminliklə deyə bilərik ki, sovet dönəmində sənətini, əqidəsini qırmızı bayrağın tərənnümünə və maddiyyata təslim edənlərin çəkdikləri çoxdan tarixin heç vaxt axtarılmayacaq saxlancına gömülübdür. Əksinə, bu gün həm də “nonkonformistlər” kimi tanınan rəssamların zamanında “sandıq rəssamlığı” kimi dəyərləndirilən müxtəlif mövzulu – “qadağalı” əsərləri isə yerli muzey ekspozisiyalarını, xarici ölkələrin çox nüfuzlu şəxsi kolleksiyalarını bəzəməkdədir. Bu, əslində, həm də əsl sənətə sədaqətin uğurlu nəticəsidir...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor
Mədəniyyət.- 2022.- 6 aprel.-
S.7.