Xalq artisti Zülfüqar Abbasovun teatr ömrünə vida sözü

 

Əyalətdə doğulub yaşayan, yazıb-yaradan insanların böyük arenaya çıxa bilməmək, tanınmamaq, diqqətdən kənarda qalmaq, mərkəzin qaynar mühitindən ayrı düşmək sorunu olub həmişə. Üstəlik, ağır oturub batman gələn, adının, sənətinin səviyyəsini bilib özünə də dəyər-qiymət verməyi bacaran, ziyalılığını qoruyub saxlamağa çalışan sənət adamlarının işi daha çətin olur.

Aprelin 1-də Mingəçevirdə dünyadan köçən Xalq artisti, uzun illər Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru, direktor və bədii rəhbəri olmuş Zülfüqar Abbasovun vəfatından keçən günlərdə bunu bir daha hiss etdim...

 

Görəsən, bu yazıda mənə doğma olan o adamı sizə tanıda, kimliyini anlada biləcəyəmmi?

 

Tərcümeyi-halı belədir: 1940-cı il may ayının 3-də Gürcüstanın Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olub. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda mənfur erməni qiyamçılarına qarşı intiqamçı qaçaq dəsətəbaşılarından olub. Sovetlərdən sonra labüd həbs, ölüm, ya sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb gəliblər. Orta məktəbi, 1962-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini bitirib, tələbə ikən burada milli teatr tariximizə görkəmli aktyorrejissor kimi daxil olmuş Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının tamaşalarında rol alıb. Teatra maraq onu 1966-cı ildə Bakı Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) gətirib. Müəllimləri Mehdi Məmmədov və Məlik Dadaşovun xüsusi diqqətini, rəğbətini qazanıb. Təyinatla C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rejissor göndərilib, sonra Qazax tearına gəlib və nəhayət, 40 il – 2008-ci ildə təqaüdə çıxana kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb, rejissor, baş rejissor, direktor, bədii rəhbər.

 

Almaz”, “Solğun çiçəklər” (C.Cabbarlı, eyni zamanda Bəhram rolunu oynayıb), “Yağışdan çıxdıq, yağmura düşdük” (N.Vəzirov), “Hacı Qara” (M.F.Axundzadə), “Eşqintiqam” (S.S.Axundov), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Əliqulu evlənir” (S.Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), “Şeytan nəsli” (H.Muxtarov), “Dar ağacı” (B.Vahabzadə), “Ölülər” (C.Məmmədquluzadə), “Vaqif” (S.Vurğun), “Ayrılmaq anı” (M.Baycıyev), “Vaqif” (S.Vurğun), “Təcili teleqram” (İ.Hüseynov) və s. əsərləri tamaşaya qoyub. Xeyli tamaşada həm də aktyor kimi çıxış edib, zehni, yaddaşı o qədər güclü idi ki, bəzən tamaşaların bütün mətnini əzbər bilirdi. Onun ifa etdiyi rolları da bənzərsizliyi, təsirliliyi ilə fərqlənirdi.

 

İlyas Əfəndiyevin “Tənha iydə ağacı”, “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşaları Akademik Milli Dram Teatrının səhnəsində də göstərilib, dəfələrlə xüsusi dəvətlə Bakı, Gəncə, Sumqayıt teatrlarında tamaşalar hazırlayıb, yüksək dəyərləndirilib. Dəfələrlə respublika müsabiqələrinin mükafatçısı, qalibi olmuşdu. 200-dən çox səhnə əsərinin, ictimai məzmunlu tamaşanın müəllifi və rejissoru olub. Birbaşa beyinə işləyən təsirli səsi var idi, məsələn, Mehdi Məmmədovun səsi kimi.

 

***

 

Zülfüqar Abbasovun dramaturq kimi istedadını Anar, İsa Hüseynov, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Əliabbas Qədirov, Məmməd Burcəliyev, Ələddin Abbasovun yüksək dəyərləndirdiyinin şahidiyəm. Altı əsəri Mingəçevir və Qazax teatrında səhnə taleyi yaşayıb. Onun tamaşaya qoyduğu “Vətən dərdi”, “Qisas qiyamətə qalmaz”, “Kefdi bu millət”, “Qəribə qonşular”, “Vətən, Torpaq, Şəhid” və başqa pyeslərinin tamaşaları Sumqayıt və Gəncədə də böyük anşlaqla səhnəyə qoyulub, televiziyada göstərilib. Respublika Sarayında tamaşalarından göstərilən parçalar sürəkli alqışlarla qarşılanıb, zalda qəribə effekt yaratmışdı. Zəngəzurlu Sultan bəy qanlı olduğu bəylərə məktub yazır ki, “Andronik toplu-tüfəngli qoşunu ilə torpağımızı almağa, namus-izzətimizi tapdalamağa gəlir, atımızın yükü əyibdi, gəlin, birləşib bu bəlanın qabağını alaq, sonra qanlılığımıza, düşmənçiliyimizə davam edərik...”. Sonra bu tamaşalar repertuardan çıxarılmışdı.

 

Ə.Haqverdiyevin 4-5 pyesindən süjetlər götürüb bir tamaşada birləşdirirdi, çox təsirli alınırdı, baxılırdı. Sonra o ssenariləri alıb ideyanı özününküləşdirənlər də olurdu. Ürəyi geniş idi, “halal xoşun olsundaimi sözü idi. Uca boy-buxununa yaraşan, qaçaq babasından qanla keçən mübarizliyi, prinsipiallığı var idi. Zaman-zaman da bu nədənlə təzyiqlərə məruz qalırdı. Elə böyük dövlət adamı Heydər Əliyevin Moskvada Siyasi Bürodan çıxdığı vaxtlarda akademik Zərifə xanım Əliyevaya həsr etdiyiAnda xəyanət” tamaşasına görə başını ağrıtmışdılar.

 

Ən çox əziyyəti çəkirdi əlamətdar günlərdə – Yeni il, 20 Yanvar, Qurtuluş Günüs. Əsas da məktəblilər bu tədbirlərin daimi tamaşaçıları olurdu, hər dəfə çalışırdı nə isə təzə bir ssenari çıxarsın ortalığa, hamısına da özünün içdən gələn milli, vətənsevər düşüncəsini hopdururdu. Dəfələrlə müəllimlərdən, direktorlardan eşitmişəm: “Uşaq və yeniyetmələrin milli, azad, demokratik ruhda, hərbi- vətənpərvərlik tərbiyəsində bu qədər müəllim, məktəb kollektivlərindən çox Zülfüqar müəllim, bu teatrın kollektivi təsirli görür”.

 

Ön cəbhəyə ən yaxın teatr olduğundan, truppasının bir ayağı cəbhədəydi. Mingəçevir I və II Qarabağ savaşlarında ən çox şəhidi, qazisi olan bölgələrin siyahısında başda gəlir. 90-cı illərdə mingəçevirlilərdən ibarət M-1, M-2 batalyonlarının qəhrəmanlığı xüsusi seçilirdi. Mən burada Zülfüqar Abbasovun, kollektivinin təsirini də görürəm...

 

1993-cü ildə AZƏRTAC-ın “Kürİnformasiya Mərkəzinin rəhbəri kimi Mingəçevirdə yaşamalı oldum. İlk tanış olub könül bağladığım insanlardan biri Zülfüqar müəllim idi. Onun israrı ilə 10 il həm də teatrın ədəbi hissə müdiri oldum, 2003-cü ildə Bakıya köçənə qədər. Gələndə də yerimi verdim Zülfüqar müəllimin vəfalı ömür-gün yoldaşına.

 

Sözümüz, dərdimiz, sirrimiz bir idi. Olduqca millət, vətənsevər ziyalı, dövrün, zamanın dərdini içində gəzdirən, mümkün olduğu qədər tamaşalarına daşıyan əsl teatr xadimi idi. O teatrın ayaq üstə durmağında, aktyorların yetişməyində, ən vacibi mingəçevirlilərin bədii-estetik zövqünün formalaşmasında Zülfüqar Abbasovun şəxsi rolu, xidməti əvəzsizdir. O, böyük maarifçi idi. 2008-ci ildə təqaüdə çıxandan sonra səhhətinin yol verdiyi qədər – beş ilEl” TV-də “Fatehlər” və “Mənəviyyatımız tarixi qaynaqlarda” layihələrinin müəllifi, rejissoru və aparıcısı oldu. Mətbuatda davamlı olaraq çıxış edirdi. Əlaqələrimiz heç zaman qırılmadı.

 

***

 

2000-ci ildir, 60 illiyini keçirməyə güc-bəla ilə razı salırıq, şərt də qoyur ki, çıxıb səhnədə oturmayacam. Mingəçevir teatrının səhnəsində ayaq üstə durmağa da yer yoxdur, proqram zəngindir, tədbirin aparıcısı mənəm, çox sayda qonaqlar, teleqramlar gəlib, gözləmədiyimiz qədər. Tamaşalarından səhnələr göstərilir, orijinallığına, novatorluğuna, özünün rejissor icadlarına xüsusi diqqət etmişik, ünvanına müxtəlif teatrlardan, tanınmış sənətçilərdən gələn təbrik teleqramından seçmə abzaslar oxunur, arada öz səsi ilə əvvəlcədən lentə aldığımız monoloqları səslənir, effekt də yüksək.

 

Mədəniyyət naziri Polad Bülbüloğlu, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı da yanaşı oturub, söz alacaqları, hədiyyə, fəxri fərmanlarını, yəqin həm də konvertlərini təqdim edəcəkləri anı gözləyirlər.

 

Deyirəm: - “Mən bu gün heç hörmətli nazirimiz Polad Bülbüloğlununicra başçımız Məhəbbət Qarabağlının yerində olmaq istəməzdim. Niyə? Ona görə ki, bu qədər tamaşaların, səviyyəli pyeslərin müəllifinin, illərdir tamaşaları ilə insanların içinin his-pasını yuyub təmizləyən bir baş rejissorun, teatr rəhbərinin heç bir fəxri adı, təltifi yoxdur. Mən əminəm ki, bayaqdan hörmətli başçımızla, hörmətli nazirimiz bu məsələni müzakirə edirlər ki, belə rejissora 60 yaşında təzədən “Əməkdar artist” adı vermək ayıbdır. BirbaşaXalq artisti” vermək də Prezident Heydər Əliyevin ixtiyarında olan məsələdir ki, gərək bugünkü yubiley mərasimindəki alqışların səs-sorağı, əks-sədası möhrətəm Prezidentə çatdırıla”. Gur alqış səsləri zalı bürüyür...

 

Yubiley gecəsindən bir müddət keçmişdi Prezident Heydər Əliyevin 28 oktyabr 2000-ci il tarixli fərmanı ilə teatr rejissorları arasında ikinci hal olaraq Zülfüqar Abbasova birbaşaXalq artisti” fəxri adı verildi. Daha sonra Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi.

 

Zülfüqar müəllim teatra yeni gələn gənc aktyorlara səbirlə, təmkinlə öyrədər, sənəti elə sevdirərdi ki, tamaşalara baxanda bəzən təəccüblənməli olurduq. Hərdən pyes müəlliflərinin mətninə o qədər məharətlə əlavələr edirdi ki, ustalığa heyrətlənməmək mümkün deyildi. Onun yetirmələrini saymaqla bitirmək çətindir. Onlar bu gün şərəfli aktyor sənətinin ağır yükünü çiyinlərində daşıyırlar.

 

Zülfüqar Abbasovun təkcə şəxsiyyəti, varlığı o teatrdakı dedi-qodu, qruplaşma, umu-küsünün üstünü örtürdü, hamını yola verirdi, ailə başçısı kimi mehriban, qayğıkeş, övladcanlı.

 

***

 

Son görüşümüz 2018-ci ildə, Mingəçevirin 70 illik yubileyində oldu. Mən şəhərə çatana qədər neçə dəfə zəngləşdik, çox darıxırdı. Görüşdük, şəkil çəkdirdik...

 

Martın 20-də zəng edib Novruz bayramını təbrik elədim. Aprelin 1-dir, zəngi gəlir, həmişəki kimi söndürüb özüm yığıram, ağlartı səsi içimi göynədir: “Getdi Zülfüqar qardaşın...”.

 

Sənətkar Mingəçevir teatrından son mənzilə yola salınır. Zal doludur, 40 il nəfəs aldığı, nəfəs verdiyi teatr binasında cansız cismi ilə vida mərasimidir. Hətta aktrisalar da çiyinlərini cənazəyə vermək, sənət müəllimlərinə son borclarını yerinə yetirməyə çalışırlar. Hər tamaşadan sonra əvvəl aktryorlar səhnəyə çıxardı, onlar da alqış sədaları altında komandanın kapitanınıZülfüqar Abbasovu səhnəyə dəvət edərdilər. Deyirdi, bizi yaşadan elə bu alqışlardı, başqa qazancımız yoxdur. bu dəfə Mingəçevir camaatı sevimli sənətkarını sürəkli alqışlarla yola salırdı, amma son mənzilə... Gedən cismidir, ruhu bizimlədir. Zülfüqar Abbasovun adı, sənəti, sözü, izi yaşayacaq ağuşunda əbədi uyuduğu nurlu şəhərimiz Mingəçevirdə.

 

Başınız sağ olsun, şəhərimin sakinləri, nurlu insanın doğma əzizləri!

 

Hacı Nərimanoğlu

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.6.