Nizami Gəncəviyə məktublar
Beynəlxalq esse
müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi
Ötən il “Nizami Gəncəvi İli” çərçivəsində elan olunmuş layihələrdən biri “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi idi. Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirlikləri tərəfindən keçirilən müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
Aprelin 4-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, ötən il “Nizami İli” çərçivəsində ölkəmizdə və xaricdə çoxsaylı layihələr reallaşıb. Nizami Gəncəvi Beynəlxalq Forumu, İşıq Festivalı və s. tədbirlər təşkil edilib, eyni zamanda VII Bakı Beynəlxalq Kitab Sərgisi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub. UNESCO və TÜRKSOY-da Nizami Gəncəviyə həsr olunan sərgilər və simpoziumlar təşkil edilib.
Vurğulandı ki, bu layihələrin hər biri Nizaminin Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğunu sübut edən və təbliğinə töhfə verən fəaliyyətlər kimi mühüm əhəmiyyətə malikdir: “Biz çox şadıq ki, ötən ili Nizami Gəncəvi misraları, fikirləri ilə başa vurduq. Dünyada Nizamiyə qarşı iddialara cavabımız ondan ibarətdir ki, Nizami Gəncəvi o xalq , o cəmiyyətə məxsusdur ki, onun mirasını dəyərləndirir və adını əbədiləşdirir. “Nizami İli”ndə silsilə tədbirlərin davamı olaraq biz beynəlxalq esse müsabiqəsi elan etdik”.

Nazir bildirdi ki, ötən ilin noyabrında başlanan müsabiqəyə esselərin qəbulu dekabrın 30-da başa çatmışdı. Ümumilikdə müsabiqəyə 19 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Ukrayna, Polşa, Bolqarıstan, Rusiya, Küveyt, Misir, Vyetnam, Cənubi Koreya və s.) 4 dildə (Azərbaycan, türk, ingilis və rus dilləri) 288 esse təqdim edilib. 24 əsər müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul olunmayıb. Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün 264 esse və onların müəllifləri xüsusi ştrixlə şifrələnərək qiymətləndirmə komissiyasına təqdim edilib. Komissiyanın 4 üzvü tərəfindən esselərin bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb.
Qiymətləndirmə komissiyasının üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Elnarə Akimova bildirdi ki, Mədəniyyət Nazirliyi dövlətçilik ideologiyasının strateji xətlərindən birini həyata keçirən mühüm instansiyalardandır: “Ötən il nazirliyin təşkil etdiyi vətənpərvərlik mövzusunda şeir müsabiqəsində ekspert kimi iştirakım zamanı bir daha əmin oldum ki, bu müsabiqələrin iki yöndə faydası var: həm humanitar düşüncənin inkişafına yol açır və həm də milli məfkurə və milli mənəviyyatın bütövləşməsinə xidmət edir”.
Esse müsabiqəsi barədə danışan E.Akimova qeyd etdi ki, təqdim edilən esselərin əksəriyyətində “Vikipedia” məlumatları yer alıb və daha çox elmi yanaşma özünü göstərib. Halbuki müsabiqədə əsas şərt şairə yaradıcı münasibətin öndə olması idi: “Eyni zamanda beynəlxalq aləmdə, dünyanın gözündə Nizami necə görünür sualına cavab axtarmağa çalışdıq. Hesab edirəm ki, seçilən 3 esse bu tələblərə yüksək səviyyədə cavab verdi...”.
Yazıçı-publisist, komissiyanın üzvü Günel Anarqızı qalibləri təbrik etdi, müsabiqənin əhəmiyyətini vurğuladı. Dedi ki, dünyada Nizami Gəncəviyə müxtəlif münasibət var: “Bizim ilk vəzifəmiz dahi Nizaminin məhz Azərbaycan şairi olduğunu sübut etməkdir. Müsabiqənin beynəlxalq status daşıması Nizamiyə müxtəlif baxışları ortaya gətirdi”.
Qiymətləndirmə komissiyasının digər üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən illərin ölkəmizdə poeziya, şeir sənət üzərində qeyd edilməsi gözəl ənənədir. Əlamətdar illər ədəbiyyatımızın, mədəniyyətimizin dünyada təbliğinə geniş imkanlar yaradır.
Sonra 3-cü yerin qalibi, Rusiyada yaşayan tələbə Mülayim Hümmətova və 2-ci yerə layiq görülmüş Küveytdən olan iştirakçı Tariq Yousefin videoformatla göndərdikləri müraciətləri səsləndirildi. Hər iki iştirakçı müsabiqənin təşkilatçılarına təşəkkürünü ifadə etdilər, Nizami Gəncəvi dühasından söz açdılar. Tariq Yousef Azərbaycan poeziyası və dahi mütəfəkkir Nizaminin tanıdılması istiqamətində reallaşan layihədə iştirakından məmnunluğunu da xüsusi vurğuladı.
Tədbirin aparıcısı, qiraət ustası Xəzər Süleymanlı qaliblərin esselərindən parçalar səsləndirdikdən sonra müəlliflərə diplomları təqdim edildi.
III yerin qalibi Mülayim Hümmətovanın (“Nizami Gəncəviyə məktub”, Rusiya) diplomu valideyninə, II yerin qalibi Tariq Yousefin (“A Letter to Nizami Ganjavi”, Küveyt) diplomu isə Küveytin ölkəmizdəki səfirliyinin əməkdaşına təqdim olundu.
Birinci yerin qalibi, Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç yazdığı “Büyük kahraman: Nizami Gencevi” essesi haqqında öz düşüncələrini bölüşdü. O, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə sevgisindən danışdı. Dedi ki, Türk dünyasının iki mütəfəkkiri Yunus Əmrə və Nizami Gəncəvi dühası əsrlərlə insanların fəlsəfi düşüncələrinə təsir edib: “Türkiyədə Azərbaycan ədəbiyyatı və dili üzrə ali təhsil alarkən illər sonra Azərbaycanın havasını udacağımı, suyunu içəcəyimi, çörəyini yeyəcəyimi ağlıma gətirməzdim. Müstəqil Azərbaycanın insanları ilə bir arada yaşamaq mənim üçün böyük şərəfdir. Qəhrəmanların, mütəfəkkirlərin yaşı olmur, onlar əbədi yaşayırlar. Bu gün xalqlar mədəni, multikultural və sülh şəraitində yaşayırlarsa, bu həqiqətləri onlara Nizami kimi dahi mütəfəkkirləri ötürüb”.
Müsabiqədə qalib olmağından məmnunluğunu ifadə edən Selçuk Karakılıç “Nizami İli” çərçivəsində rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən də söz açdı.
Sonra nazir Anar Kərimov Selçuk Karakılıça müsabiqənin diplomunu təqdim etdi.
Tədbirin bədii hissəsində Xalq artistləri Teyyub Aslanov, Samir Cəfərov və Əməkdar artist İlham Nəzərov Nizaminin sözlərinə yazılmış muğam və romansları təqdim etdilər. Bütün ifalar alqışlarla qarşılandı.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, müsabiqənin birinci yer üzrə qalibinə 2021 dollar, ikinci yer üzrə qalibə 1141 dollar və üçüncü yerin sahibinə isə 880 dollar pul mükafatı nəzərdə tutulub.
Lalə Azəri
Mədəniyyət.- 2022.- 6 aprel.-
S.1;3.