“Muzeyi peşəkardan
öyrənək”
Mədəniyyət Nazirliyi əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi ilə əlaqədar “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verib.
Layihənin əsas məqsədi məhz regionlardakı muzeylərin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdır.
Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması xüsusilə əhəmiyyət kəsb edir.
Layihə çərçivəsində Mədəniyyət Nazirliyinin regional idarələri (Gəncə, Lənkəran, Sumqayıt, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Biləsuvar, Xaçmaz, İsmayıllı, Kürdəmir, Masallı, Sabirabad, Şəki, Şəmkir) üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşlarına Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, baş mühafizi Mira Məmmədxanova, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova kimi mütəxəssislər tərəfindən 3 gün müddətində “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar-müzakirə keçiriləcək.
Daha sonra iştirakçı muzeylər təlimçilər tərəfindən onlara təqdim edilmiş mövzu üzrə öz muzeylərində həyata keçirəcəkləri layihənin 1 həftə müddətində təqdimatını hazırlayacaq. Sonda hər region üzrə muzey və Heydər Əliyev mərkəzləri tərəfindən hazırlanmış təqdimatlara baxılacaq və qiymətləndiriləcək. Təqdim edilən layihənin həyata keçirilməsi Mədəniyyət Nazirliyi tərəfindən məqsədəuyğun hesab olunduğu təqdirdə layihənin reallaşdırılması üçün dəstək göstəriləcək.
Mədəniyyət.- 2022.- 6 aprel.- S.1.