Elektron nəşrlərin təbliği
yolları
Elektron kitabxana kitabxananın fonduna daxil olan tammətnli nəşrlərin, o cümlədən dövri və ardı davam edən nəşrlərin və s. mühafizəsini təmin etmək, oxucuya xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılır. Kitabxananın elektron fondu da sahəvi, elmi, elmi-kütləvi, bədii ədəbiyyat və soraq-məlumat nəşrlərindən ibarət olur. Oxucu kitabxananın saytında yerləşdirilən elektron kataloqa daxil olaraq buradakı nəşrlərlə tanış olur, istədiyi nəşrlər haqqında məlumat alır.
Kitabxanaçı kitab fondunu oxucu üçün əhatəli şəkildə açmaq məqsədilə müxtəlif virtual tədbirlərdən istifadə edir. Elektron nəşrlərin əsasında virtual ədəbiyyat sərgiləri, mühazirələr, söhbətlər, biblioqrafik icmallar, oxucu konfransları, kitab tövsiyələri, müəlliflər və oxucular ilə görüşlər keçirmək mümkündür.
Belə mütaliə növü üçün kitabxananın saytında “Birlikdə mütaliə edirik” adlı səhifə də açmaq mümkündür. Burada oxucu sorğularına və maraqlarına uyğun şəkildə seçilmiş klassik və müasir ədəbiyyat nümunələrinin PDF formaları yerləşdirilir. Oxucu onları vərəqləyir, öz planşetinə və ya mobil telefonuna yükləyə bilir.
Ənənəvi kataloq və kartoteka sistemi ilə yanaşı elektron kataloqdan istifadə etməklə biblioqrafik xidmət göstərmək, oxucuları məlumat-biblioqrafiya bilikləri ilə maarifləndirmək mümkündür. Saytın onlayn xidmət bölməsi vasitəsilə biblioqrafik sorğuların icrası həyata keçirilə, biblioqrafik sorğular cavablandırıla bilər. Bu zaman oxucuların elektron nəşrlərə olan sifarişi qısa zamanda yerinə yetirilər. Saytda “Yeni ədəbiyyat”, “Tövsiyə edirik”, “Bunlar maraqlıdır” və s. başlıqlı daimi virtual sərgilərin təşkil edilməsi, oxucuların istənilən mövzuda və istənilən elm sahəsinə dair sorğularını təmin etməyə və nəşr axtarışını asanlaşdırmağa kömək edər.
Əlamətdar günlərə həsr olunmuş, həmçinin görkəmli şəxsiyyətlərin yubileyləri münasibətilə sərgilərin təşkili də elektron kitabların öz oxucularını asanlıqla tapmalarına yardımçı olar.
Elektron kitabların oxucuya müvəffəqiyyətlə çatdırılmasında çap və elektron resursların məqsədyönlü və davamlı reklamı da önəmli rol oynayır. Bu fəaliyyət kitabxananın saytı, sosial şəbəkələrdəki səhifələri vasitəsilə həyata keçirilir. Mütaliəni kütləviləşdirən və mütaliə etmək bacarığını formalaşdıran kitabxanalar zamanın tələb etdiyi və maraq doğuran ən müxtəlif təbliğat formalarından istifadə etməlidirlər.
Fidan Səttarova
Azərbaycan Milli Kitabxanasının əməkdaşı
Mədəniyyət.- 2022.- 8 aprel.-
S6.