“Azərbaycanım” rəsm müsabiqəsinə əsər qəbulu davam edir

 

 

Yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə “Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı keçirilir. Eyni zamanda festival çərçivəsində müsabiqə elan olunub.

Ənənəvi festival Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşir.

Yaşı 21-ə qədər olan istedadlı şəxslər mayın 2-dək Xətai Sənət Mərkəzinin “Facebookqrupunda təqdim etdiyi əsərin fotosu, adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini yerləşdirməklə müsabiqəyə qatıla bilər.

Əlavə məlumat almaq üçün 051-310-74-01 “WhatsApp” nömrəsi ilə əlaqə saxlamaq olar.

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət ediləcək. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.5.